Qafqaz Xəbər Agentliyinin adından istifadə edən fırıldaqçı saxlanıldı

0c113qurbet2014-сü ilin oktyabr ayında Qafqaz Xəbər Agentliyi jurnalist etikasına əsaslanaraq, Gədəbəydən olan ştatdankənar müxbir Qürbət Yusubovla əməkdaşlığına son qoymuşdu.

Biz bu jurnalistlə əməkdaşlığımıza son qoyduğumuza dair Qafqaz Xəbər Agentliyinin saytlarında da məlumat vermişdik.

Düz iki il ərzində bu şəxs barədə heç nə eşitmədik. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Gədəbəy rayon sakini Sara Abbasova müraciət edərək bildirib ki, 2014-cü ildə onun qızı Rəna Abbasova həyat yoldaşı Akif Məmmədəliyevdən boşanıb.

“Gədəbəy Rayon Məhkəməsi A.Məmmədəliyevin xeyrinə qərar qəbul edib. Bizim Apellyasiya şikayəti verdiyimiz ərəfədə, özünü Qafqaz Xəbər Agentliyinin müxbiri kimi təqdim edən Qürbət Şahvələd oğlu Yusubov bizi inandırdı ki, müəyyən pul müqabilində xeyrimizə məhkəmə qərarının çıxarılmasına nail ola bilər. O, 6-7 ay ərzində (2015-ci ilin avqust ayında) bizi müxtəlif bəhanələr və vədlərlə arxayın edərək, hissə-hissə olmaqla, ümumilikdə  bizdən üç min manat pul qoparıb.

O məbləğin bir qismi bilavasitə əlbəəl verilib, bir qismi isə bank vasitəsi ilə onun və bizə dediyi Elnarə Xələddin qızı Hüseynova adlı xanımın adına keçirilib. Sonda o bizdən daha 600 manat pul istədi, lakin biz artıq ondan şübhələnməyə başlamışdıq deyə, qabaqcadan daha pul verə bilməyəcəyimizi dedik. Ondan sonra Q.Yusubovla əlaqəmiz kəsildi, zənglərimizə cavab vermədi. Bizim sonradan öyrəndiyimizə görə, Qürbət Yusubov heç də Qafqaz Xəbər Agentliyinin işçisi deyil. O, həmin agentliklə yalnız bir müddət əməkdaşlıq edib və qeyri-qanuni hərəkətlərinə görə, 2014-cü ildə Qafqaz Xəbər Agentliyi ilə əməkdaşlığına son qoyulub” – deyə S.Abbasova bildirib.

O qeyd edib ki, həmçinin, Qürbət Yusubovun başqa vətəndaşları da aldadaraq pullarını mənimsədiyi barədə də öyrəniblər: “Bu adamın fırıldaqçı olduğu qəti şübhə doğurmur. Sizdən xahiş edirəm ki, Qürbət Yusubovun bizdən mənimsədiyi pulu geri qaytarması və onun dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunmasını təmin edəsiniz. Bank çeklərini də sizə təqdim edirəm”. Qafqaz Xəbər Agentliyi daxili işlər naziri Ramil Usubova müraciət edərək, agentliyin adını çirkin maxinasiyalarda istifadə edən Qürbət Şahvələd oğlu Yusubovun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq qurumlara tapşırıqlar verməsini xahiş etmişdi.İyulun 8-də biz öyrəndik ki, Q.Yusubov Şəmkir RPİ tərəfindən iyulun 6-da saxlanılıb.“O, hələ də peşəkar jurnalist olduğunu bəyan edir. Qüdrət Yusubov bizə bildirib ki, o, Qafqaz Xəbər Agentliyindən könüllü gedib və hazırda başqa agentlikdə çalışır. Biz isə ona bildirdik ki, bu yalandır, onu Qafqaz Xəbər Agentliyində işdən qovublar”, – deyə Şəmkir RPİ-nin müstəntiqi Pakizə Quliyeva bildirdi.

P.Quliyevanın sözlərinə görə, Qürbət Yusubov öz günahının bütün sübutlarını özü istintaqa təqdim edib.

“Ona görə ki, vətəndaşlardan aldığı pulları poçtla almağa üstünlük verib. Hazırda bizdə onun aldatdığı vətəndaşlardan pul almasını sübut edən qəbzlər var”, – deyə müstəntiq Legion.az-a qeyd edib. Pakizə Quliyevanın sözlərinə görə, bundan əvvəl Q.Yusubov vətəndaşları aldatdığına görə Qazaxda da hüquq mühafizə orqanları tərəfindən saxlanılmışdı.

“Bir ay təcridxanada qalıb, daha sonra pulun bir qismini qaytarıb və yoxa çıxıb”, – deyə müstəntiq əlavə edib.

Mahmud Suanlı 

Legion.az 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR