Ramin Musayev: “Günahı sübuta yetirilən hakimi qovuram”

b729a385-62f6-41f1-a425-3f24b284b037_292“Mən 8 ildir bu quruma rəhbərlik edirəm və gördüyümüz işlərdən hər kəs məlumatlıdır”.

“Report”un məlumatına görə, bunu PFL prezidenti vəzifəsinə üçüncü dəfə seçilən Ramin Musayev deyib.

Onun sözlərinə görə, Azərbaycan çempionatının UEFA tərəfindən aparılan sorğu nəticəsində 24-cü yerdə olması sevindirici haldır: “Amma Peşəkar Futbol Liqası (PFL) yaranana qədər mövqeyimiz 44-cü pillə idi. Bu, mənim yox, UEFA-nın yoxlamasının nəticəsidir. Son 8 ildə ən çox sıçrayış edən çempionat Azərbaycan Premyer Liqasıdır”.

R.Musayev bildirib ki, PFL yaranana qədər əvəzedici heyət yox idi: “Klubdan gəldiyim üçün bu işi görmək çətin olmadı. Klubda çalışarkən məşqçilərdən eşitdiyim, bildiyim çətinliklərin qarşısını almaq üçün komandalarda əvəzedici heyət yaratdıq. Bu, balaca iş kimi görünə bilər. Ancaq bu addım çoxsaylı gənc oyunçuların Premyer Liqaya gəlməsinə, inkişafına səbəb oldu. “Neftçi”də işləyəndə Bakıda başqa, Sumqayıtda, Gəncədə başqa topla oynayırdıq. Qazaxda şarla oynayırdıq və futbolçular da etiraz edirdi. Ancaq biz bunları təşkil etdik. Deyirdilər PFL top satır, pul qazanır. Allaha and olsun ki, belə deyil. Topların qiymətini açıqlamayacağam. Niyə? Çünki ucuz olması üçün onu başqa yolla gətirməliyəm. Amma deyim ki, oğurluq deyil. Mənə elə gəlir ki, PFL-dən əksər jurnalistlər razı qalar. Mən haqqın tərəfindəyəm”.

PFL prezidenti seçkidəki səsvermədən söz açıb: “Əleyhimə əl qaldıran olmadı. Səkkiz klubun hamısı lehimə səs verdi. Çempionat zamanı emosiyalar olur. Oyun vaxtı bütün klublar mənə zəng edir. Elə klub rəsmisi olmayıb ki, oyundan sonra mənə zəng vursun və mən cavab verməyim. Bu səkkiz ildə hər bir oyunun mübahisəli anlarını, epizodlarını çəkmişik. Çoxları Xaqani Məmmədovdan danışır. Bu gün hakimlərdən heç biri rüşvət haqda danışa bilməz. Onların qarşısını aldıq, qovulanlar oldu. Rövnəq müəllim də deyib ki, şübhələndiyimiz hakimləri belə qovmağa hazırıq. Amma mən şübhələndiyim yox, günahı sübuta yetirilən hakimi qovuram. Son mövsümdə elə klub vardı ki, hakimlikdən çox şikayət edirdi. Amma sübuta yetirildi ki, elə deyil. Mən klubda işləmişəm və bilirəm ki, futbolçular nə çəkir. Elə bilirsiniz, bizim işimiz asandır? Klublarla söhbətimiz olur, şikayət edirlər. Bizim operatorlar çox peşəkardır və hər bir mübahisəli epizodları çəkirlər. 90 faiz bütün görüntülərdə hakimin səhv olub-olmadığını görmək olur. Əliyarın 30 yaşı olmasa da, artıq 24-cü təyinatını aldı. Bu sevindirici haldır ki, azərbaycanlı hakim avrokuboklara təyinat alır. Üç hakimimiz avrokuboklara təyinat alır və bu sevindiricidir”.

R.Musayev seçkidə rəqibinin olmamasına belə münasibət bildirib: “Güləşçi olmuşam və mübarizə aparmağı sevirəm. Bir dəfə yarışda rəqibim gəlmədi və üzüldüm. Rəqibimin olmaması ilə bağlı ancaq bunu deyərdim. Amma namizəd olsa, təbliğat olsa, daha yaxşı olardı. Baxmayaraq ki, rəqibim olmadı. Çalışacağam ki, bu səkkiz ildəkindən daha artığını görüm. Biz hər kəslə mehribanıq. Bu dünyadan ancaq rəhmət aparacağıq. Özümdən razı insan deyiləm. Həyatda qorxu nədir bilmirəm. Çalışdığım işdən zövq almıramsa, öhdəsindən gəlmirsə, orada işləmərəm. Tərifi sevmirəm, yerində olan tənqidi xoşlayıram. Əsasnamədə qeyd olunub ki, seçkidə Premyer Liqa klublarının rəhbərləri iştirak etməlidir. Seçkilər vaxtı I divizionda limit dəyişikliyə ilə bağlı AFFA rəhbərliyindən razılığı aldım. 24-25 yaş futbolçu üçün çox deyil”.

O, “Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında keçirilən Azərbaycan kubokunun finalında baş verən hadisələrlə bağlı danışıb: “Oyundan əvvəl elə bir şou yaratmışdıq. Bəxtimiz gətirdi ki, tüstüdən Azərbaycan bayrağı yaratdıq. Amma qiymət verilmədi. Hər kəs davadan danışdı. Bir təpik, bir şillə PFL-in aylarla əziyyətini hədər apardı. Azarkeş sevinirsə, çərçivə var, orada sevinsin. Göz gördüyündən qorxur. Həmin oyunda nə qədər əzab çəkdim. İki aylıq hazırlığımız, əziyyətimiz heç oldu. Keçmişə qayıtmayaq. Polis işçisi olmuşam deyə, onların tərəfini saxlamıram. Polislərdən haqsızlıq da görmüşəm, amma hamısı elə deyil. Azərbaycanda hüquq-mühafizə orqanları olmasa, bir-birimizi yeyərik. Niyə qadınlar, qızlar oyuna gəlmir? Çünki yersiz hərəkətlər, söyüşlər olur. Polisi qınamayın. Biz deyirik ki, vuraq öldürək, sonra polis gəlsin araşdırsın. Polis də öz millətimizdir, işini görür. Məsələn, “Qarabağ” və “Neftçi” komandalarının kubok oyununda polislərdən xahiş etdim ki, kimsə fişəng yandırsa, mane olmayın. Buna görə kimsə tutuldu? Yox! Fransada camaatı necə döyürdülər? Heç heyvanı elə döymürlər”.

R.Musayev öz maaşını da açıqlayıb: “Mən 1 100 manat maaş alıram. Biznesim var və dolana bilirəm. Əvvəllər futbolçularla bağlı həvəsləndirici mükafatlar vardı. Amma effekt vermədi. Çıxdılar, tanındılar, futbolu da buraxdılar (gülür)”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR