Regionlarında Milli Fəaliyyət Proqramının icrası üzrə keçirilən ictimai dinləmələr Xızıda davam etdirilmişdir

xizi Xəbər verildiyi kimi, ardıcıl şəkildə respublikanın bütün şəhər və rayonları əhatə olunmaqla Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən ictimai dinləmələr davam etdirilir.

Ombudsman Aparatından Qafqaznews.az-a verilən məlumata  görə növbəti belə tədbir Xızı rayonunda keçirilmişdir. Ombudsman və Rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən ilk olaraq Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.

Yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının, müxtəlif dövlət qurumlarının, bələdiyyələrin, yerli icmaların, QHT və KİV-lərin təmsilçiləri, habelə əhalinin müxtəlif qruplarının, ağsaqqallar, ziyalılar, fəal gənclər, qadınların, ümumilikdə geniş ictimaiyyətin iştirakı ilə baş tutmuş tədbir qarşıda duran, həllini gözləyən məsələlərin effektiv müzakirəsi baxımından mühüm əhəmiyyət daşımışdır.

İnsan hüquqlarının müdafiəsi və təbliği sahəsində görülmüş işlər, vətəndaşların hüquq və azadlıqlarının təmini, bu baxımından qarşıda duran vəzifələr, əvvəlki tədbirlər zamanı verilmiş tövsiyələrin icrası, habelə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə Xızı Rayon İcra Hakimiyyətinin başçısının müavini Azər Əlizadə açılış nitqi ilə çıxış edərək ətraflı məlumat vermişdir.

Ölkə başçısının dəstəyi ilə Regionların sosial-iqtisadi inkişafını təmin edən Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində respublikanın digər regionlarında olduğu kimi, Xızı rayonunun da inkişaf etdiyi, kənd təsərrüfatı rayonu kimi kənd təsərrüfatı və heyvandarlıq təsərrüfatlarının, sahibkarlığın inkişaf etdirilməsi üçün istehsal və xidmət müəssisələrinin yaradıldığı bildirilmişdir. Bunlarla yanaşı ölkədaxili turizmin inkişafı istiqamətində də rayonda işlərin sürətləndirildiyi vurğulanmışdır.

A.Əlizadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində Xızı rayonunda geniş abadlıq-quruculuq işlərinin davam etdirildiyini, rayonun yaşayış məntəqələrinin təbii qaz və elektrik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində işlərin sürətləndirildiyini, yol infrastrukturunun təkmilləşdirildiyini, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası çərçivəsində əhaliyə göstərilən xidmətlərin əsaslı şəkildə yaxşılaşdırıldığını qeyd etmişdir.

Rayonda müasir texnologiyalarla təchiz olunmuş Heydər Əliyev Mərkəzinin və Parkının, Rayon İcra Hakimiyyətinin, Mərkəzi Xəstəxananın, prokurorluq, statistika və bir sıra digər dövlət orqanlarının inzibati binaları, yaşayış evləri, yeni məktəblər və turizm obyektlərinin tikilib istifadəyə verildiyi, bütün bunların isə əhalinin maraqlarına xidmət etməklə, insan hüquqlarının təmin olunmasına ən yaxşı töhfə olduğu bildirilmiş, habelə mövcud ehtiyacları qeyd etmişdir.

O,   sakinlərin elektrik təhcizatının yaxşılaşdırılması məqsədilə 2016-cı ilin I rübü ərzində rayonun elektrik təsərrüfatında cari təmir işləri görüldüyünü, Xızı qaz istismar Sahəsinin xidmət ərazisində qaz təchizatı ilə bağlı problemləri vurğulamışdır.

MFP üzrə keçirilən tədbirin ictimai dinləmə və məsləhətləşmə məqsədi daşıdığını qeyd edən Ombudsman Elmira Süleymanova hüquqi islahatlar kontekstində ölkəmizdə gedən davamlı inkişaf prosesləri, iqtisadi və sosial sahələrin dəstəklənməsinin insan hüquqlarına təsiri mövzusunda fikirlərini bölüşmüşdür.

O, vətəndaşlar tərəfindən yerli icra hakimiyyəti orqanlarına, habelə digər dövlət və bələdiyyə qurumlarına ünvanlanan müraciətlərin vaxtında araşdırılmasının, qaldırılan məsələlərin həlli  məqsədilə  lazımi tədbirlərin görülməsinin, yerlərdə səyyar qəbulların keçirilməsi ilə əhalinin qəbulunun, habelə elektron qaydada müraciətlərin təmininin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şurasının sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən verilmiş təkrar şikayətlər üzrə kollegial orqan olduğu haqqında geniş məlumat vermişdir.

Ombudsman davamlı inkişaf mərhələsində olan ölkəmizin regionlarında əhalinin maraqlarına xidmət edən işlərin geniş vüsət aldığını, ölkənin neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun da canlanması ilə ölkə iqtisadiyyatının ahəngdar inkişafının təmin edilməsi, bunun isə insan hüquqlarına birbaşa təsir göstərdiyini diqqətə çatdırmışdır.

Daha sonra Ombudsman insan hüquqları sahəsində ölkəmizdə qəbul olunmuş mühüm sənədlər haqqında danışmış, 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş MFP-nin yeni istiqamətlər və tədbirlər müəyyən etdiyini bildirmiş, sənədin fəsilləri üzrə müvafiq bəndlərinin dövlət qurumları üçün müəyyən etdiyi vəzifələr, eləcə də insan hüquqlarının müdafiəsinin prioritet istiqamətləri ilə bağlı yeni yanaşmalar əsasında fikirlərini bölüşmüşdür.

Müvəkkil Aprel döyüşləri haqqında məlumat vermiş, ordumuzun şücaəti və ruh yüksəkliyinin dünya ictimaiyyətinin rəyində də dönüş yaratdığını bildirmişdir. Qeyd olunmuşdur ki, Ermənistan tərəfi həmişəki kimi hiyləgərliklə öz işğalçılıq siyasətini və hərbi cinayətlərini ört-basdır etmək məqsədilə təhriflərə və saxtakarlığa əl atır, törətdikləri qeyri-insani əməlləri beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti, o cümlədən AŞPA-nın sədri, Avropa İttifaqına üzv dövlətlərdən olan bəzi deputatları Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq işğal altında olan Azərbaycan torpaqlarından çıxmağa və işğalçılıq siyasətinə son qoymağa çağırmışlar.

Çoxsaylı milli azlıqların yaşadığı, tolerantlığın hökm sürdüyü, Multikulturalizm ili elan olunduğu ölkəmizdə iqtisadi, sosial və digər sahələrdə islahatların hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayan Müvəkkil, vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyəti, elektron xidmətlər, habelə bir çox problemlərin həll olunması baxımından ASAN Xidmət Mərkəzlərinin də uğurlu fəaliyyətini nümunə göstərməklə yüksək dəyərləndirmişdir.

E.Süleymanova əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, o cümlədən ölkəmizdə uşaqların hüquqlarının təmin olunması sahəsində həyata keçirilən uğurlu işlərdən danışmış, ali məktəblərdə insan hüquqları, gender fənlərinin tədris olunduğunu, habelə orta məktəblərdə uşaq hüquqları üzrə pilləli tədris layihəsinin Bakıda və regionlardan seçilmiş orta məktəblərdə uğurla davam etdirildiyini, bu istiqamətdə yerlərdə görülməli olan işləri müvafiq qurumların səlahiyyətli şəxslərinin diqqətinə çatdırmışdır.

Vətəndaşların azadlıq hüququnun təmininə ünvanlanmış, dövlətimizin humanist siyasəti nəticəsində son illərdə imzalanmış 61 əfv sərəncamının və 11 amnistiya aktının müsbət təcrübə kimi əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırmış, bu amnistiya aktlarından dördünün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunduğu, sonuncu amnistiyanın 10 min məhkuma şamil edildiyi, 3500 şəxsin isə azadlığa çıxacağı vurğulanmışdır.

O, respublikamızın yeni inkişaf mərhələsində əsas hədəfinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf səviyyəsinin təmin olunması və əhalinin rifahının layiqli səviyyədə inkişafına yönəldiyini, habelə elmin, mədəniyyətin tərəqqisində, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasının insan hüquqlarının da təşəkkülünə mühüm töhfələr verdiyi bildirmişdir.

Çıxışının sonunda Müvəkkil ictimai dinləmələrin mahiyyətini və əhəmiyyətini bir daha vurğulamış, müzakirələr nəticəsində verilmiş təklif və tövsiyələrin ümumiləşdiriləcəyini, zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına göndəriləcəyini bildirmişdir.

İnteraktiv şəraitdə keçən müzakirələrdə ictimaiyyət nümayəndələri, rayon məhkəməsinin sədri, prokuroru, müəllimlər, bələdiyyə üzvləri, yerli sakinlər və digər iştirakçılar çıxış edərək mövzu üzrə fikirlərini bölüşmüş, təmsil etdikləri qurumların MFP və insan hüquqları sahəsində fəaliyyəti, keçirilmiş tədbirlər və digər məsələlər barədə məlumat vermişlər.

Çıxışlarda qadınların məşğulluq imkanlarının, onların sahibkarlıq fəaliyyətinin  dəstəklənməsi, nikahın pozulması hallarının fəsadları, kredit borclarının ödənilməməsi ilə bağlı təcrübədə yaranan çətinliklər, narkotik və oğurluq cinayətlərinin sayının artması, vəkil və müxtəlif sahələr üzrə ixtisaslı kadr çatışmazlığı, onların rayonda qalma şəraitlərinin yaradılması, əhalinin məşğulluğunun təmini məqsədilə yeni istehsalat sahələrinin yaradılması kimi məsələlər müzakirə olunmuşdur.

Tədbirin sonunda MFP-nın hər il üzrə icra vəziyyəti ilə bağlı nəşr olunan kitablar, MFP-nin nüsxələri, İctimai iştirakçılıq haqqında qanunvericilik, Ombudsman təsisatı tərəfindən hazırlanmış Uşaq hüquqlarının pilləli tədrisi üzrə və digər maarifləndirici vəsaitlər Rayon İcra hakimiyyətinə təqdim olunmuşdur.

Sonra Müvəkkil ona müraciət edən şəxsləri də rayon rəhbərliyi ilə birgə fərdi qaydada qəbul etmiş, qaldırılan məsələlər üzrə yerində araşdırma aparılaraq bir qismi təmin edilmişdir.

Səfər çərçivəsində Müvəkkil Rayon Mərkəzi Xəstəxanasına baş çəkmiş, müvafiq şöbələrdə olmuş, əhalinin sağlamlığının təmini və tibbi xidmətlərin əlçatanlığı məqsədilə görülən işlərlə tanış olmuş və müvafiq tövsiyələr vermişdir.

Ombudsman tərəfindən Xızı Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə də (MSY) başçəkmə həyata keçirilmişdir. Başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılma şəraiti, habelə rəftar məsələləri araşdırılmış, MSY-nin kameralarına baxış keçirilmiş, saxlanılmanın qanuniliyi üzrə və digər sənədləşmə yoxlanılmışdır.

Başçəkmənin sonunda İşgəncə əleyhinə Konvensiya və onun Fakultativ Protokolunun tələbləri polis şöbəsinin rəhbərliyinə və əməkdaşlarına izah olunmuş, hər həftə polislər üçün keçirilən dərslərdə tədrisi və tam riayət edilməsi, habelə  saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi tövsiyə olunmuşdur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR