Rey Bredberi – “Edilməyən cinayətin cəzası” (TƏRCÜMƏ)

скачанные файлыRey Bredberi

Edilməyən cinayətin cəzası

(Tərcümə: Yusif Hansen)

– Siz həyat yoldaşınızı öldürmək istəyirsiz? – yazı stolunun arxasında oturan qara saçlı kişi soruşdu.

– Bəli. Daha doğrusu, xeyr. Elə demək istəmirdim. Mən istərdim ki …

– Soyad, ad?

– Onun ya mənim?

– Sizin.

– Corc Hill.

– Ünvan?

– Saut Sent-Ceyms, Qlenvyu 11.

Kişi soyuqqanlı şəkildə qeyd edirdi.

– Həyat yoldaşınızın adı?

– Ketrin.

– Yaşı?

– 31.

Suallar ard-arda gəlirdi. Saçının, gözünün, dərisinin rəngi, sevdiyi ətir, geyiminin ölçüsü…

– Sizdə onun fotoşəkli var? Bəs səs yazısı? Görürəm, özünüz gətirmisiz. Yaxşı. İndi…

1 saat keçdi. Corc Hilli çoxdan tər basmışdı.

– Bitdi. – Qara saçlı kişi ayağa qalxdı və Corca sərt şəkildə baxdı. – Fikrinizi dəyişməmisiz ki?

– Xeyr.

– Xəbəriniz var ki, bu qanuna ziddir?

– Bəli.

– Və yarana bilən hər hansı nəticəyə görə məsuliyyət daşımadığımızı da bilirsiz?

– Tanrı xətrinə, Corc qışqırdı, – bitirin artıq! Gör nə qədər məni burda tutub saxlamısız. Cəld edin!

Kişi az hiss olunacaq halda gülümsündü:

– Həyat yoldaşınızın oyuncaq surətinin hazırlanmasına 3 saat lazımdır. Ona qədər siz bir az mürgüləyin. Bu sizi bir az sakitləşdirər. Dəhlizin sol tərəfindəki üçüncü güzgülü otaq boşdur.

Corc sakitcə güzgülü otağa doğru getdi. O göy məxmər taxtın üzərində uzandı və bədəninin təzyiqi ilə tavandakı güzgü tərpənmyə başladı. Zərif səs oxumağa başladı: “Yat… yat… yat…”

– Ketrin, bura gəlmək istəmirdim. Sən məni bunu etməyə məcbur etdin… İlahi, burda qalmaq istəmirəm. Evə istəyirəm… Səni də öldürmək istəmirəm… – Corc öz-özünə yuxulu danışırdı.

Güzgü səssiz tərpənir və işıq saçırdı.

Nəhayət o yatdı.

* * *

Yuxuda görürdü ki, bir daha 41 yaşındadır və Keti ilə təpənin yaşıl yamacında qaçır. Onlar piknikə gəliblər və vertolyot yaxınlıqda onları gözləyir. Külək Ketinin qızılı saçlarını tərpədir və o gülür. O Keti ilə öpüşür, əl-ələ tutublar və heç nə yemirlər. Etdikləri yeganə şey şeir oxumaqdır.

Sonra digər şəkillər. Uçuz, rənglərin sürətli dəyişməsi. 1997-ci ilin həmin aydın və uzun payızında onlar Yunanıstan, İtaliya, İsveçrənin üzərindən uçurlar. Uçurlar və dayanmadan uçurlar.

Və birdən qorxulu yuxu. Keti və Leonard Felps. Corc yuxuda bağırdı. Bu necə baş verdi? Hardan Felps peyda oldu? Nə üçün onların həyatına soxuldu? Nə üçün həyat sadə və insana qarşı mehriban olmur? Corc 50 yaşına çatır, amma Keti gəncdir. Özü də çox gənc. Nə üçün, axı nə üçün?…

Bu səhnə həmişəlik onun yaddaşında qaldı. Leonard Felips və Keti şəhərdən kənardakı parkdadır. Corc yolun döngəsində onlar öpüşən zaman peyda olur.

Qəzəb. Dava-dalaş. Felipsi öldürmək cəhdi.

Sonrakı günlər və yeni qorxulu yuxular…

Corc göz yaşı içərisində oyandı.

* * *

– Mister Hill, sizin üçün hər şey hazırdı.

Taxtdan yöndəmsiz şəkildə qalxdı. Özünü hündür və indi hərəkətsiz olan güzgüdə gördü. Bəli, o tam 50 yaşında olana bənzəyir. Bu böyük səhv idi. Ondan daha yaraşıqlı kişilər gənc qadınlarla evlənirdi və sonra əmin olurdular ki, həmin qadınlar qənd parçası suda əridiyi kimi yoxa çıxırlar. O özünü əsəbi gözdən keçirirdi. Qarnı çox qabağa çıxıb. Çənəsinin altında isə ət sallanır. Saçlarında isə duz çoxalıb və az da olsa bədənində də var…

Qara saçlı kişi onu digər otağa apardı.

Corcun nəfəsi dayandı.

– Bu ki Ketinin otağıdır.

– Firma müştərilərin razı qalması üçün maksimal şəkildə çalışır.

– Onun otağı. Hər xırda şeyə qədər.

Corc Hill 10 min dollarlıq çeki imzaladı. Kişi çeki götürdü və getdi.

Otaq səssiz və isti idi.

Corc oturdu və cibindəki tapançaya toxundu. Bəli, böyük pul idi… Amma zəngin insanlar “təmizlənən qətl”dən yararlana bilərdi. Zorakılıq edilmədən zorakılıq. Ölümsüz ölüm. O bir az rahatladı. Və birdən sakitləşdi. Qapıya baxırdı. Nəhayət ki yarım il gözlədiyi an yaxınlaşırdı. İndi hər şey bitəcək. Bir an sonra otağa robot, görünmüz iplə idarə edilən oyuncaq daxil olacaq və …

– Salam, Corc.

– Keti!

O cəld çevrildi.

– Keti! – deyə ağzından qaçdı.

O, Corcun arxasında, qapının yanında dayanmışdı. Yaşıl paltar geyinmişdi, ayağında isə qızılı toxulma səndəl var idi. Saçları boynunu örtmüşdü, gözləri isə parlaq mavilik saçırdı.

Həyəcandan uzun müddət bir kəlmə söz deyə bilmirdi. Sonunda dedi:

– Çox gözəlsən.

– Bəyəm mən nə vaxtsa elə olmamışam?

– Qoy sənə daha yaxşı baxım, – fərqli səslə sakitcə dedi.

O aydan gəlmiş biri kimi tərəddüdlə əlini onun bədəninə sürtdü. Ürəyi bərk döyünürdü. Sakitcə hərəkət edirdi, onun ətrafında fırlanırdı, qayğı ilə onun bədəninə toxunurdu.

– Ötən illər ərzində mənə baxıb doymamısan?

– Heç vaxt baxıb doya bilmərəm… – o dedi və gözləri yaşardı.

– Mənimlə nə haqda danışmaq istəyirdin?

– Gözlə, xahiş edirəm, bir az gözlə.

Birdən zəiflik hiss edərək taxtın üstündə oturdu, titrəyən əllərini sinəsinə sıxdı.

– Bu ağlasığmazdır. Bu qorxulu yuxudur. Onlar səni necə yara biliblər?

– Bizə bu barədə danışmaq qadağan edilib. İllüziya pozulur.

– Sanki cadugərlikdir.

– Xeyr, elmdir.

Əlləri isti idi. Dırnaqları mükəmməl. Heç yerdə nə nöqsan var, nə də tikiş. Ona baxarkən xoşbəxt günlərində İncildən birgə oxuduqları sözləri xatırladı.

– Corc!

– Nədir?

Corc key kimi ona baxırdı. Onu öpməyi arzu etdi.

– Corc!

Qulağında kar etməyə qadir səslər. Ayaqları əsməyə başladı.

– Bəli, indi, bir dəqiqə…

Özünə gəlmək üçün başını silkələdi.

– Onlar bunu necə yarada biliblər? – qışqırdı o. – Özü də belə tez. Yatdığı 3 saat ərzində.

– Əgər sən bu barədə danışmağa davam edəcəksənsə, mən gedəcəm, – dedi o.

– Yox, yox, getmə!

– Onda məsələyə keç, – soyuqqanlıqla dedi. – Mənimlə Leonard haqqında danışmaq istəyirdin.

– Gözlə, o barədə az sonra.

– Xeyr, indi, – israr etdi.

Artıq qəzəbi yox idi. Sanki onu gördüyü an hər şey dalğa ilə yuyulub aparılmışdı. Özünü pis oğlan kimi hiss edirdi.

– Yanıma nə üçün gəlmisən? – gülümsəmədən soruşdu.

– Səndən xahiş edirəm…

– Xeyr, cavab vermə. Əgər Leonardla bağlıdırsa, sən ki bilirsən, onu sevirəm.

– Kəs səsini! – qulaqlarını əli ilə tutdu.

O, isə danışmağa davam edirdi.

– Sən yaxşı bilirsən ki, indi bütün vaxtımı onunla keçirirəm. İndi mən Leonardla bir zamanlar səninlə olduğumuz yerlərdə oluram. Mente-Verdedə olan çəmənliyi xatırlayırsan? Keçən həftə onunla orda idik. Bir ay qabaq Afinaya getmişdik və özümüzlə bir qutu şampan götürmüşdük.

Corc qurumuş dodaqlarını yalayırdı.

– Sən günahkar deyilsən, günahın yoxdur! – onun əllərindən tutdu. – Sən dünyaya indicə gəlmisən. Sən o deyilsən. Günahkar odur. Sən deyil. Sən isə tam fərqlisən.

– Doğru deyil, – dedi. – Mən elə onun özüyəm. Mən yalnız onun kimi hərəkət edə bilərəm. Məndə onda olmayan heç nə yoxdur. O necədirsə, mən də eləyəm.

– Sən ki onun kimi etməmisən?

– Mən məhz onun kimi etmişəm. Mən onu öpmüşəm.

– Sən bunu edə bilməzdən. Sən indicə doğulmusan!

– Bəli, amma onun keçmişindən və sənin yaddaşından.

– Qulaq as, – o yalvarırdı, qulaq asması üçün onu silkələyirdi, – bəlkə mümkürdür, daha çox pul ödəyib səni burdan aparmaq? Parisə, Stokholma bə ya hara istəsən gedə bilərik.

O gülməyə başladı:

– Oyuncaqlar satılmır. Onları yalnız kirayəyə verirlər.

– Mənim pulum var axı!

– Lap çoxdan bunu etməyə çalışıblar. Amma olmaz. Bundan hətta dəli olmaq da olar. Edilən nə varsa, qanunsuzdur. Sən ki bilirsən. Hakimiyyət bizə barmaq arası baxır.

– Keti, tək şey istəyirəm. Səninlə olmaq.

– Bu mümkün deyil. Mən ki Keti kimiyəm. Bütün hüceyrələrinə qədər. Sonra da biz rəqabətdən ehtiyatlanırıq. Oyuncaqları binadan kənara çıxarmağa icazə verilmir, çünki bədənin yarılması zamanı bizim sirrimizi öyrənə bilərlər. Bu barədə danışmaq bəsdir. Mən ki sənə xəbərdarlıq etmişdim. Bu barədə danışmaq lazım deyil. İllüziyanı məhv edəcəksən. Sonra da gedərkən özünü razı salınmamış hiss edəcəksən. Sən ki pul ödəmisən. Bura nə üçün gəlmisən, onu da et.

– Amma mən səni öldürmək istəmirəm.

– Sənin bir hissən bunu istəyir. Özündəki bu arzunu boğursan, imkan vermirsən çölə çıxsın.

Cibindən tapancanı çıxardı:

– Qoca axmağam. Bura gəlməməli idim. Sən necə də gözəlsən!

– Bu axşam yenə Leonard ilə görüşəcəm.

– Kəs səsini.

– Sabah səhər Parisə gedirik.

– Eşitmədin, sənə nə dedim?

– Ordan isə Stokholma. – o bərkdən güldü və Corcun çənəsinə əlini sürtdü. – Bax belə, mənim gombulum.

Corcun içində nəsə tərpəndi. Rəngi ağardı. Nə baş verdiyini açıq-aşkar başa düşürdü. Gizli qəzəb, nifrət, kin boğurdu onu. Oyuncaq! O, məhz özü görünməz iplərlə onun bədənini idarə edirdi.

– Toppuş kişi. Nə vaxtsa sən yaraşıqlı idin.

– Bəsdir!

– Sən qocasan, qocasan, mənim isə cəmi 31 yaşım var. Ehh, Corc, sən necə də kor idin. Başın işə qarışmışdı. Mən isə yenidən aşiq oldum həmin vaxt. Leonard yaraşıqlıdır, elə deyilmi?

Corc ona baxmadan tapançanı qaldırdı.

– Keti.

– Onun başı sanki qızıldır… – o pıçıldadı.

– Keti, bəs edər! – Corc qışqırdı.

– Qara və qıvrım saçları dalğa kimidir. Əlləri isə qiymətli daşlarla bəzədilmiş qızıla bənzəyir.

– Keti, məcbur etmə bunu etməyə!

– Onun yanaqları gül kimi ətirlidir… – gözlərini bağlayıb öz-özünə danışaraq otaqda gəzirdi. – Bədəni fil sümüyündən ibarətdir, ayaqları isə mərmər dirəyə bənzəyir.

– Keti! – bağırdı o.

Atəş açıldı.

– Dodaqları bal dadır. Bax odur, mənim sevdiyim.

Növbəti atəş və o yerə yıxıldı.

– Keti, Keti, Keti!!!

Corc daha 4 dəfə atəş açdı.

O, yerdə uzanmışdı və hələ də tərpənirdi. Ağzı açıldı və təkrarlayaraq eyni sözü deyirdi: “Sevdiyim, sevdiyim…”

Corc Hill bayıldı.

* * *

Alnına soyuq və yaş parçanın toxunması ilə ayıldı.

– Hər şey bitdi, – qara saçlı kişi dedi.

– Bitdi? – Corc pıçıltı ilə təkrar soruşdu.

Qara saçlı kişi başı ilə təsdiqlədi.

Corc əllərinə baxdı. Xatırlayırdı ki, əlləri qanlı idi. Bayılanda yerə yıxılmışdı və indi də əllərinin qan içində olması gözünün önündən getmirdi.

İndi əlləri təmiz yuyulmuşdu.

– Getmək istəyirəm, – Corc Hill dedi.

– Gedə biləcəyinizi hiss edirsinizsə, buyurun.

– Bəli. – ayağa qalxdı. – Parisə gedəcəm. Hər şeyi yenidən başlayacam. Ketiyə zəng etmək və ümumiyyətlə belə şey etmək yəqin ki lazım deyil.

– Keti ölüb.

– Bəli, mən ki onu öldürdüm. İlahi, qan necə də həqiqi idi.

– Biz məhz bu hissə ilə fəxr edirik.

Corc liftlə aşağı düşdü və küçəyə çıxdı. Güclü yağış yağırdı. Buna baxmayaraaq saatla şəhərdə gəzmək istəyirdi. O qəzəb və öldürmək yanğısı kimi hisslərdən təmizlənmişdi. Xatirə elə dəhşətli idi ki, o anlayırdı. Bir daha heç vaxt öldürmək istəməyəcək. Əgər indi həqiqi Keti qarşısında peyda olsa, Allaha təşəkkür edib hər şeyi unudaraq onun ayaqlarına düşərdi. Amma o artıq ölmüşdü. Etmək istədiyini etmişdi. Qanunu tapdalamışdı və heç kim bunu bilməyəcək.

Yağışın soyuq damcılarının simasına dəydiyini hiss edirdi. O, bu təmizlənmə hissi keçməmiş dərhal burdan getməlidir. Oyuncaqların işi də məhz real cinayətlərin qarşını almaqdır. Döymək, öldürmək və ya işgəncə vermək istəsən, ürəyini oyuncaqla rahatlaya bilərsən. Evə qayıtmağa isə gərək yoxdur. Yəqin ki Keti evdədir, o isə onun haqqında yalnız ölü olduğunu düşünmək istəyirdi.

Səkinin kənarında dayandı və ötüb keçən avtomobillərə baxırdı. Dərindən təmiz havanı udurdu və hiss edirdi ki, gərginlik yavaş-yavaş keçir.

– Cənab Hill? – yanında səs eşitdi.

– Bəli. Nə lazımdır?

Əllərinə qandal vurdular.

– Siz həbs olunursuz.

– Axı…

– Bizimlə gəlin. Smit, yuxarıdakıları da həbs edin.

– Sizin buna ixtiyarınız yoxdur.

– Qətlə görə. Var.

Göydə ildırım çaxdı.

* * *

Axşam doqquza on dəqiqə qalmışdı. Artıq 10 gün idi ki, yağış dayanmadan yağırdı. İndi də yağış həbsxananın divarlarını yuyurdu. Corc pəncərədəki dəmir barmaqlıqdan əlini çölə çıxardı və yağış damcıları əsən əlinin içində kiçik gölməçələrdə toplanırdı.

Qapı açıldı, o isə heç tərpənmədi, əlləri isə yağışın altında islanırdı. Vəkil pəncərənin qarşısında stulun üstündə dayanan Corcun çiyninə baxaraq dedi:

– Hər şey bitdi. Bu gecə sizi edam edəcəklər.

– Mən qatil deyiləm. O sadəcə oyuncaq idi, – Corc yağışın səsini dinləyərək dedi.

– Qanun belədir və artıq heç nə etmək mümkün deyil.  Digərlərini də məhkum ediblər. “Oyuncaq korporasiya”nın prezidenti gecə yarısı öləcək, onun 3 köməkçisi isə gecə saat 1-də. Sizin növbəniz isə 2-nin yarısıdır.

– Minnətdaram, – Corc dedi. – Siz mümkün olan nə varsa etdiniz. Görünür ki, canlı adamı öldürməsəm də bu qətl idi. Məqsəd və plan var idi. Bir canlı Keti çatışmırdı.

– Siz sadəcə pis vaxta düşdünüz, – vəkil dedi. – 10 il öncə sizə ölüm hökmü verməzdilər. 10 il sonra da sizə toxunmazdılar. Amma indi onlara nümunə göstəriləcək biri lazımdır. Oyuncaqlar ətrafında olsan səs-küy son il ərzində fantastik dərəcədə böyüyüb. Kütləni qorxutmaq lazımdır, həqiqətən də ciddi şəkildə qorxutmaq. Əks halda bir Allah bilir, nələrə şahid ola bilərik. Bu problemə həmçinin dini tərəfdən baxışlar var: həyat harda başlayır, harda bitir? Robotlar kimdir? Canlı varlıqlar yoxsa maşın?. Çox şeydə insana çox yaxındırlar. Xarici impulslara reaksiya verir, hətta düşünə bilirlər. Bildiyiniz kimi 2 ay əvvək “Canlı robotlar” haqqında qanun qəbul edilib. Bu qanunun icrasının təsiri altına da siz düşdünüz. Sadəcə pis vaxta düşdünüz, vəssalam.

– Hökümət düzgün edir. İndi mənə aydın oldu, – Corc dedi.

– Şadam ki, ədalətin mövqeyini anlayırsız.

– Bəli. Onlar qətli qanuni edə bilməzdilər. Onların tərəfindən məni cəzasız buraxmaq riyakarlıq olardı. Mən cinayət etmişəm. O andan etibarən özümü cinayətkar saymışam. Hiss etmişəm ki, cəzalandırılmalıyam. Qəribədir, elə deyilmi? Cəmiyyət insanın şüuruna belə təsir edir. Əsas olmadan da özünü günahkar saymağa məcbur edir.

– Mən getməliyəm. Mənim üçün əlavə bir göstərişləriniz varmı?

– Xeyir, sağ olun. Heç nə lazım deyil.

– Əlvida, cənab Hill.

Qapı bağlandı.

Corc Hill pəncərənin qarşısındakı stulun üstündə dəmir barmaqlıqlardan çöldə islanmış əllərini bir-birinə sıxaraq dayanmağa davam edirdi. Divarda qırmızı işıq yandı və radio cihazdan səs dedi:

– Cənab Hill, həyat yoldaşınız burdadır. O, sizinlə görüşmək istəyir.

O, dəmir barmaqlıqları əli ilə sıxdı.

“O ölüb”, – düşündü.

– Cənab Hill, – səs yenidən onu çağırdı.

– O ölüb. Mən onu öldürmüşəm.

– Həyat yoldaşınız sizi burda gözləyir. Onu görmək istəyirsiz?

– Onun necə yıxıldığını görmüşəm. Onu güllələmişəm. Necə ölü olduğunu görmüşəm.

– Cənab Hill, məni eşidirsiz?

– Bəli, bəli, – divara yumruqlarını vuraraq qışqırdı. – Eşidirəm. Sizi eşidirəm. O ölüb. Ölüb. Rahat buraxsın artıq məni. Onu öldürmüşəm, bir daha görmək istəmirəm. O ölüb.

– Yaxşı, cənab Hill, – səs mızıldandı.

Qırmızı işıq söndü.

Səmada ildırım çağdı və onun simasını işıqlandırdı. Qızarmış yanaqlarını dəmir barmaqlıqlara söykəmişdi və belə uzun müddət dayanmışdı. Yağış isə yağırdı, yağırdı. Aşağıda qapı açıldı və həbsxananın dəftərxanasından 2 nəfər papaqlı çıxdı. Onlarla parlaq işıq dirəyinin altında dayandılar və başlarını yuxarı qaldırdılar.

O, Keti idi. Yanında isə Leonard Felps.

– Keti!

O geriyə döndü. Kişi onun əlindən tutdu. Onlar yağış altında yolu keçdi və maşına mindilər.

– Keti! – qışqıraraq dəmir barmaqlıqları dartıb yumruqlarını beton pəncərə altına vururdu. – O, sağdır! Ey, nəzarətçi! Onu gördüm. O, sağdır. Onu öldürməmişəm, məni azadlığa buraxa bilərsiz. Heç kimi öldürməmişəm. Bütün bu, zarafatdır, səhvdir. Onu gördüm, gördüm. Keti, geriyə qayıt. Onlara de ki, sağsan. Keti!

Kameraya nəzarətçilər girdi.

– Sizin ixtiyarınız yoxdur ki, məni edam edəsiz. Heç bir cinayət etməmişəm. Keti sağdır, indicə onu gördüm.

– Cənab, biz də onu gördük.

– Onda buraxın məni. Azadlığa buraxın.

“Bu ola bilməz. Onların başı sadəcə xarab olub”

Təngənəfəs oldu və az qaldı ki, yıxılsın.

– Məhkəmə artıq qərar verib, cənab

– Bu, sadəcə ədalətsizlikdir.

Yuxarı tullandı və dəmir barmaqlıqlardan sallanaraq bərk qışqırmağa başladı.

Maşın yerindən tərpəndi. Keti və Leonardı ordan apararaq. Onları həm Parisə, həm Afinaya, həm də Venesiyaya, yazda Londona, yayda Stokholma, payızda isə Vyanaya apararaq.

– Keti, geri qayıt! Mənə bunu edə bilməzsən!

Maşının qırmızı arxa işıqları soyuq yağış pərdəsindən sanki göz vuraraq uzaqlaşırdı. Nəzarətçilər arxadan yaxınlaşaraq onu tutdular. O, isə hələ də qışqırmağa davam edirdi.

Tərcümə: Yusif Hansen

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR