Türkiyədə 1000-dən artıq Azərbaycan şirkəti fəaliyyət göstərir

32670911Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyindən “Xəzər Xəbər”ə verilən xəbərə görə, görüşdə iki ölkənin qardaş xalqlarının iradəsinə və dil, mədəniyyət, ənənələr və tarix kimi ortaq dəyərlərinə əsaslanaraq, Azərbaycan və Türkiyə arasında siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyi qeyd olunub. Nazirlər qeyd ediblər ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regionda və onun hüdudlarından kənarda sülh və inkişafın təmin olunmasına xidmət edir və sabitləşdirici rol oynayır. İkitərəfli əməkdaşlığın Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatlarında da inkişaf etdiyi diqqətə çatdırılıb.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan E. Məmmədyarov bildirib ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu bütün region üçün ciddi təhlükə mənbəyidir. O qeyd edib ki, Ermənistan ərazisində fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası və stansiyadan qaynaqlanan nüvə və radioaktiv materialların qaçaqmalçılığı halları regionu nüvə təhlükəsi ilə üzbəüz qoyur.

M. Çavuşoğlu bəyan edib ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal altındakı Azərbaycan ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması əsnasında münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir.

Hər iki tərəf terrorizmdən əziyyət çəkən dövlət kimi terrorizmin bütün forma və təzahürlərini qınayıblar.

Görüşdə Azərbaycan və Türkiyə arasında müdafiə, təhlükəsizlik və hərbi sənaye sahəsində faydalı əməkdaşlığın davam etdiyi, mütəmadi əsasda iki ölkənin silahlı qüvvələri tərəfindən birgə təlimlərin keçirildiyi qeyd olunub. Tərəflər beynəlxalq sülhməramlı əməliyyatlarda Azərbaycan və Türkiyə əsgərlərinin digər tərəfdaşlarla birlikdə sülh və sabitlik naminə çiyin-çiyinə xidmət etdiyini də vurğulayıblar.

Nazirlər ölkələr arasında əməkdaşlığın müxtəlif sahələrini tənzimləyən geniş müqavilə-hüquq bazasının mövcudluğunu, o cümlədən, 200-dən artıq müxtəlif ikitərəfli sənədin imzalandığını diqqətə çatdırıblar.

Tərəflər Azərbaycan və Türkiyənin təşəbbüsü və birgə səyləri ilə həyata keçirilən regional nəqliyyat infrastruktur və enerji layihələrinin region və onun hüdudlarından kənarda inkişafa və çiçəklənməyə mühüm töhfə verdiyini, bu xüsusda, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin yaxın müddət ərzində istismara veriləcəyini deyiblər. Onlar parlamentlərarası diplomatiyanın əlaqələrdə xüsusi çəkisinə toxunaraq, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun uğurlu fəaliyyətini nəzərdən keçiriblər. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyənin birinci yer tutduğu qeyd olunaraq, təkcə SOCAR tərəfindən 2018-ci ilədək Türkiyəyə 18 mlrd. ABŞ dolları həcmində sərmayə qoyulmasının nəzərdə tutulduğu, Azərbaycanda 2400-dən artıq Türkiyə şirkəti, Türkiyədə isə 1000-dən artıq Azərbaycan şirkətinin fəaliyyət göstərdiyi vurğulanıb. İki ölkə arasında ticarət-iqtisadi əlaqələrinin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə hökumətlərarası birgə komissiyasının vacib rolu qeyd edilib.

Elm, mədəniyyət, təhsil və tələbə mübadiləsi sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyən nazirlər ikitərəfli mədəni əlaqələrin və ortaq türk mədəniyyətinin inkişafında TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsində əməkdaşlığın xüsusi rolunu da vurğulayıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR