Azərbaycanın Tacikistandakı səfirindən Prezidentə şikayət olundu – MƏTN

prezident“Bu insanlar müxtəlif dairələrdəki əlaqələrinə güvənərək nəinki bir sahibkarın pulunu mənimsəyir, hətta ictimaiyyətin qınağından çəkinmədən qanun qarşısındakı məsuliyyətdən də yayınırlar?”

Son günlər ölkə mətbuatında Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun qardaşı İsaq Həsənzadə və onun “qeybə çəkilən” oğlu Anar Həsənov barəsində müzakirələr səngimək bilmir.

Xatırladaq ki, bu yaxınlarda Qafqaz Xəbər Agentliyinə ərizə ilə müraciət edən sahibkar Aydın Bağırov tanınmış səfirin qardaşı İsaq Həsənzadə tərəfindən aldadıldığını bildirmişdi. A.Bağırovun sözlərinə görə, İ.Həsənzadə ondan aldığı kartofun müqabilində borclu qaldığı 20400 dollar pulu mənimsəyib və qaytarmaq istəmir.

Agentliyin Qafqaznews.az və Kavkaznews.az saytlarında da bu haqda yazılar dərc olunub.

İsaq Həsənzadə Aydın Bağırova borclu qaldığını və hətta vaxtilə deputat seçkilərində Gədəbəydən millət vəkili seçilmək üçün yüzminlərlə manat xərclədiyini Qafqaznews.az-a etiraf edib, lakin məbləğ məsələsində tərəflərin fikri düz gəlmir. Eyni zamanda, İsaq Həsənzadə əməkdaşımızla söhbətində Aydın Bağırova 10 min manat verəcəyini və bununla da borcunun bitəcəyini bildirib. Lakin şikayətçinin sözlərinə görə, İsaq Həsənzadə ona 20400 ABŞ dolları (32 min manatdan çox) pul verməlidir.

Avqustun 31-də A.Bağırov yenidən Qafqaznews.az-ın redaksiyasına müraciət edərək, İ.Həsənzadə və A.Həsənov qardaşları tərəfindən sözügedən məsələyə laqeydlik göstərildiyini, pulunu onlardan hələ də ala bilmədiyini vurğulayıb.

Buna görə də, vətəndaş son ümid yeri olaraq Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə müraciət ediyini bildirib. Qafqaznews.az  saytı Aydın Bayram oğlu Bağırovun dövlət başçısına müraciətinin mətnini oxuculara təqdim edir:

Cənab Prezident!

Əvvəla, qeyd edim ki, Siz ölkəmizin rəhbərliyinə keçdiyiniz 2003-cü ildən bəri daim vətəndaşlarımızın güzəranının yaxşılaşdırılması və sahibkarlığın inkişafı barədə düşünmüş, mütərəqqi islahatlara imza atmısınız. İnanıram ki, qarşıdan gələn Konstitusiyaya əlavə və dəyişikliklər barədə referendum da bu mütərəqqi islahatların bir hissəsidir və Azərbaycan xalqının rifahına, inkişafına daha çox faydalar gətirəcək.

Siz daim öz çıxışlarınızda vurğulamısınız ki, hər kəs qanunlar qarşısında bərabərdir və kimsə özünün vəzifəli qohumlarına, dostlarına güvənərək başqalarının haqqını tapdalamamalıdır. Təəssüflər olsun ki, bu çağırışlarınıza bəzi məmurlar və onlarla əlbir olan işbazlar tərəfindən ciddi yanaşılmır. Onlar nədənsə elə düşünürlər ki, istədiklərini edə bilərlər, insanları aldadıb haqqını mənimsəməyə gücləri var və nəticədə cəzasız qalacaqlar. Lakin biz zəhmətkeş vətəndaşlar Sizin bir çox belə düşünən məmur və işbazlara öz yerini necə göstərdiyinizin dəfələrlə şahidi olmuşuq. Buna görə də, mən son ümid yeri kimi öz problemimlə bağlı məhz Sizə müraciət etməyi qərara aldım.

Möhtərəm dövlət başçısı!

Mən uzun müddətdir xaricdən kartof idxalı və topdan satışı ilə məşğulam və göstərdiyim sahibkarlıq fəaliyyəti ilə Azərbaycan iqtisadiyyatına dəstək olmağa çalışıram. Vaxtlı-vaxtından vergiləri ödəyir, qanunlara hörmət prinsipi ilə öz biznesimi inkişaf etdirməyə çalışıram. Lakin təəssüf ki, bəzi işbaz xarakterli insanlar kimlərəsə güvənərək, zəhmətkeş insanların haqqını yeyir, öz əziyyəti bahasına biznes quran sahibkarları da ziyana salmaqdan zövq alırlar. Əlbəttə, heç birimiz fırıldaqçılardan sığortalanmamışıq, çünki adətən bu fırıldaqçılar öz qohumlarının vəzifə və mövqeyindən sui-istifadə edirlər.

Yazıb bildirirəm ki, mən özünü cəmiyyətə “Hacı İsaq” kimi təqdim edən İsaq Kərəm oğlu Həsənzadə tərəfindən aldadılmışam və 20400 dollar pulum İsaq Həsənzadə tərəfindən mənimsənilib. Bu ilin may ayının əvvəlində İsaq Kərəm oğlu Həsənzadə məndən 26400 (iyirmi altı min dörd yüz ) dollarlıq nisyə kartof götürdü və ilkin olaraq ayrı günlərdə iki dəfə 3000 (üç min) dollar olmaqla cəmi 6000 (altı min) dollar verdi və qalan 20400 (iyirmi min dörd yüz) dollar məbləği isə ən geci iyun ayının 20-də verəcəyini bildirdi. Mən də buna razılaşdım. İsaq Həsənzadə mənə demişdi ki, guya pullar qardaşındadır, yaxında göndərəcək. Qeyd edim ki, Hacı İsaqın qardaşı Abbasəli Kərəm oğlu Həsənov hazırda Azərbaycanın Tacikistandakı səfiridir. İyunun 20-dən sonra mən zəng edib pulu istədim, lakin o, “bu gün verəcəm”, “sabah verəcəm” deyə-deyə məni aldatdı. Qeyd etdiyi vaxtdan iki ay keçməsinə baxmayaraq, pulumu hələ də ala bilməmişəm. Son vaxtlarda isə ya “pulum yoxdur, vermirəm” deyir, ya da heç zənglərimə də cavab vermir…

İsaq Həsənzadənin şəhərin bir çox yerində mağazaları və avtoservisləri var. Yüzlərlə yük maşınları, “Komfort” Mebel salonu, “Komfort” şadlıq sarayı var. Bir neçə il öncə hətta deputatlığa namizədiliyini vermiş bu şəxs hal-hazırda sahibkarlıqla məşğul olur və bu qədər imkanı olduğu halda mənim pulumu mənimsəyərək vermir.

Hörmətli İlham Əliyev cənabları!

Qeyd edim ki, mən məsələ ilə bağlı Qafqaz Xəbər Agentliyinə də müraciət etmiş, məsələnin obyektiv  araşdırılıb işıqlandırılmasını xahiş etmişdim.

Həmin agentliyin Qafqaznews.azKavkaznews.az saytlarında ilk yazının dərcindən sonra İsaq Həsənzadə mənimlə görüşmüş və mənə 20 min 400 ABŞ dolları yox, 10 min dollar borcu olduğunu demiş, bunu da bir neçə aya verəcəyini bildirib. Mən buna etiraz etdikdə isə İ.Həsənzadə deyib ki, “o vaxt deputat seçkilərinə namizəd olanda 500 min ziyana düşmüşəm, hələ də çətinliklərim var”. Mətbuatdan oxuduğuma görə, İ.Həsənzadə 2005-ci ildə deputatlığa namizəd olub və eyni zamanda Gədəbəydə öz təşviqat kampaniyası üçün asfalt çəkdirməklə insanların rəğbətini qazanmağa çalışıb.

Lakin həmin dövrdə onun Fərhad Əliyevlə yaxınlığı barədə məlumatlar yayıldıqdan sonra,

İ.Həsənzadənin öz namizədliyini qəfildən geri çəkdiyinə dair də mətbuatda məlumatlara rast gəlmək olar.

Qeyd edim ki, 19 may 2015-ci ildə Binəqədi rayonunda baş verən bina yanğını ilə bağlı tutulanlar arasında “GLOBAL” Şirkətlər Qrupunun rəhbəri Miryusif Mahmudov da olub ki, onun kürəkəni Anar Abbasəli oğlu Həsənov (İsaq Həsənzadənin qardaşı oğlu) da həmin üzləmə işini aparan şirkət rəhbəri kimi istintaqa cəlb olunub.

Lakin Report.az saytından oxuduğuma görə, Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun oğlu Anar Həsənov bu dindirmədən sonra dərhal ölkəni tərk edib. Hazırda Anar Həsənovun hansı ölkədə olduğuna dair də mətbuata açıqlama verilməyib. Belə sual yarana bilər ki, bu insanlar müxtəlif dairələrdəki əlaqələrinə güvənərək nəinki bir sahibkarın pulunu mənimsəyir, hətta ictimaiyyətin qınağından çəkinmədən qanun qarşısındakı məsuliyyətdən də yayınırlar?

Cənab Prezident!

İnanıram ki, qeyd etdiyim bu və digər məqamların aydınlaşdırılması, İsaq Həsənzadənin məsuliyyətə cəlb olunması və mənim pozulan hüquqlarımın bərpası, eləcə də pulumun qaytarılması üçün mənə kömək edəcəksiniz.

Sizdən xahiş edirəm ki, bu məsələnin obyektiv hüquqi qiymət alması üçün aiddiyyatı orqanlara müvafiq tapşırıqlar verəsiniz.

Hörmətlə,

Aydın Bayram oğlu Bağırov

Qafqaznews.az

Mövzuya dair linklər:

http://qafqaznews.az/2016/08/az-rbaycan-xin-s-firl-rinin-m-n-vi-simasi-maraqlandirmir/
http://qafqaznews.az/2016/08/diplomatlarimizin-kartof-sogan-biznesi/
http://qafqaznews.az/2016/08/s-fir-abbas-li-h-s-novun-adi-hallanan-kartof-qalmaqali-boyuyur-arasdirma/
http://qafqaznews.az/2016/08/az-rbaycanin-tacikistandaki-s-firinin-qardasi-pul-atmaq-da-ittiham-olunur/
http://qafqaznews.az/2016/08/sabiq-nazir-f-rhad-liyevl-s-fir-abbas-li-h-s-novu-n-birl-sdirir-nuanslar/

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR