“Ermənistan bir neçə rayonu qaytarmağa razıdır”

agdamRamil Məmmədli: “Gözlənilir ki, ilin sonuna qədər bir çox qaranlıq məqamlara aydınlıq gətiriləcək”

Bu günlərdə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andryunu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Rusiya XİN-dən  verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktual məsələlər, mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqa əldə olunmuş razılaşmaların reallaşdırılması vəziyyəti, habelə Ermənistan-Azərbaycan sərhədində və təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub (APA).

Məsləhətləşmələr barədə ictimaiyyətə ətraflı açıqlama verilməsə də, bir sıra ekspertlər bu prosesdə Rusiyanın təşəbbüsü ilə başlanan fəallaşmanı müsbət dəyərləndirirlər. Əlbəttə, Rusiyanın prosesi nəzarətə götürməsinə mənfi prizmadan baxanlar da var.  Ekspert, hərbi-siyasi icmalçı Ramil Məmmədli hesab edir ki, Rusiyanın həm təşəbbüsü ələ alması, həm də bu prosesdə ABŞ və Fransadan olan həmsədrlərlə məsləhətli addımlar atması Moskvanın nüfuzunu artırır.

“Bu, alqışlanası addımdır. Rusiya prosesə çox töhfə verə bilər və bu işi təkbaşına görməməklə, həm özünü ittihamlardan sığortalayır, həm də beynəlxalq imicinə nüfuz qatır. Moskva bu danışıqlarda öz rolunu ATƏT-in Minsk Qrupu çərçivəsində, digər həmsədrlərlə birlikdə oynayır. Gözlənilir ki, ilin sonuna qədər bir çox qaranlıq məqamlara aydınlıq gətiriləcək,  ilk olaraq bir neçə rayonun qaytarılması planı, sonrakı mərhələdə isə Dağlıq Qarabağın hüquqi statusuna dair müzakirələr işə düşəcək”, – deyə ekspert Qafqaznews.az-a bildirib.

Ramil Məmmədlinin fikrincə, ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin hər üçü Qarabağda müharibənin yenidən qızışmasının əleyhinədir və münaqişənin sülh yolu ilə həllində maraqlıdır.

timthumb“ABŞ və Fransa da Rusiyanın bu istiqamətdə fəallaşmasını dəstəkləyirlər. Regionda danılmaz güc faktoru olaraq, Rusiya münaqişənin sülh yolu ilə həllinə böyük dəstək verə bilər. Eyni zamanda, supergüclər də, Ermənistan da artıq başa düşür ki, Azərbaycanı da bu danışıqlarda razı salmaq, sülh danışıqlarını davam etdirmək üçün Bakıya güzəştə getmək lazımdır. Çünki, aprel döyüşlərindən sonra, Azərbaycanın üçüncü dövlət olmadan Ermənistan qoşunlarını darmadağın etmək imkanında olduğunu hər kəs gördü. Böyük dövlətlərin bölgədə investisiyaları, iqtisadi maraqları var. Müharibənin yenidən başlaması Ermənistan üçün də katastrofik nəticələr verə bilər. Dağlıq Qarabağda zorla yerləşdirilən erməni ailələri də müharibədən zərər görəcək. Ona görə də, ən ağlabatan variant bir neçə  rayonun qaytarılması ilə danışıqlarda yeni mərhələyə keçməkdir”, – deyə icmalçı qeyd edib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti də əslində bir neçə rayonun qaytarılması planına razıdır: “Sarkisyan xalqına tamaşa göstərərək, bir sıra manevrlər edir. Lakin bu, vəziyyətin teatral formasıdır. Mahiyyət olaraq, Ermənistan hakimiyyətinin bu varianta razı olduğu görünür. Sadəcə, bunu Ermənistan ictimaiyyətinə və müxalifətə həzm etdirmək məsələsində rəsmi İrəvan tərəddüd edir. Sarkisyan cəmiyyətdə “təslimçi” adı almamaq üçün, müxtəlif manevrlərə əl atır”.

R.Məmmədli onu da xatırladıb ki, aprel döyüşlərindən sonra, Ermənistan cəmiyyətidə anti-Sarkisyan və anti-müharibə əhvalı daha da güclənib. “Ermənistan xalqı müharibənin əleyhinədir. Sıravi vətəndaşlar müharibə istəmir, onları daha çox sosial problemləri maraqlandırır. Bayaq da dediyim kimi, sülh yolu ilə həlldən söz getdikdə, bir neçə rayonu Azərbaycana qaytarmaqdan başqa yol yoxdur”, – deyə ekspert əlavə edib.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR