İcbari tibbi sığorta səhiyyəmizdəki problemləri həll edəcəkmi?

icbariNovella Cəfəroğlu: “Əgər həkimlərin maaşları artırılsa, bəlkə o zaman bu mövzuda nikbin danışmaq olar”

Mehriban Zeynalova: “Belə qərarların hazırlanmasında gender amili nəzərə alınmalı, vətəndaş cəmiyyəti nümayəndələrinin də fikri öyrənilməlidir”

“Aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr, rəsmi işsizlik statusu olan vətəndaşlar tibbi sığorta haqqı verməyəcək. Təqribən 4 milyon vətəndaşın tibbi sığorta haqqı dövlət hesabına ödənəcək. Bu kateqoriyalardan olan vətəndaşlar icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edəcəklər”.

Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib. O qeyd edib ki, icbari tibbi sığorta haqqının məbləği müəyyənləşdirilərək Nazirlər Kabinetinə və digər əlaqədar dövlət qurumlarına təqdim olunub: “Agentlik tibbi xidmətlərin vahid qiymət cədvəlini hazırlayıb. Cədvəli Tarif Şurası və ya digər müvafiq dövlət qurumu təsdiqlədikdən sonra həmin qiymət cədvəlinə əsasən, xəstəxanalara ödənişlər edəcəyik. Agentlik sığorta haqqını az məbləğdə müəyyənləşdirib ki, bəzi bahalı diaqnostik müayinələrə ehtiyac yarandıqda vətəndaş kiçik məbləği öz cibindən ödəsin. Sığorta sistemində franşiza (azadolma məbləği-red) sui-istifadə hallarının qarşısını almaq məqsədilə tətbiq ediləcək. Tutalım, vətəndaş qiyməti 60-80 manat olan kompüter tomoqrafiyası müayinəsinin 10 manatını cibindən ödəyəcək. Vətəndaş artıq biləcək ki, bunu öz cibindən ödəməlidir və lazım olmadıqda bu müayinədən istifadə etməyə cəhd etməyəcək. Bu da sığorta xərclərini tənzimləyir”(fins.az).

Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Novella Cəfəroğlu Qafqaznews.az-a bildirdi ki, icbari tibbi sığortanın tətbiq olunacağı barədə çox eşidib, amma bunun cəmiyyətdə nə zaman baş tutacağı barədə məlumatsızdır.

“Hələ tibbi sığortadan istifadə edən birinə rast gəlməmişəm. Cəmiyyət də hazır deyil. Eyni zamanda, korrupsiyaya yol açan amillərdən biri də maaş problemidir. Əgər həkimlərin maaşları artırılsa, bəlkə o zaman bu mövzuda nikbin danışmaq olar”, – deyə hüquq müdafiəçisi vurğuladı.

Onun fikrincə, bu istiqamətdə kompleks tədbirlər keçirilməli, səhiyyə sistemindəki boşluqlar barədə lazımi addımlar atılmalıdır.

“Əks təqdirdə, icbari tibbi sığorta formal xarakter daşıyacaq və insanlar ondan yararlana bilməyəcək”, – deyə N.Cəfəroğlu əlavə etdi.

Başqa bir hüquq müdafiəçisi, “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, yuxarıda sadalanan kriteriyalara nəzər saldıqda, bəzi suallar yaranır.

“Ailə başçısı olan qadınlar, aliment ala bilməyən, öhdəsində azyaşlı uşaqlar olan qadınlar necə olacaq? Bizim sığınacaqda zorakılığa məruz qalan qadınlar və onların uşaqları qalır, Səhiyyə Nazirliyi vaxtaşırı onların pulsuz müayinə və müalicəsini təşkil edir… Bəs onlar necə olacaq? Tam olaraq qaydalardan və şərtlərdən xəbərsizəm, amma yaxşı olardı ki, belə qərarlar qəbul edəndə, ictimaiyyət nümayəndələrini də müzakirələrə cəlb edərdilər. Həmçinin, bu mexanizmin hazırlanması və tətbiqində gender amilini nəzərə almaq lazımdır. Əgər bu cür incə məqamlar nəzərə alınmasa, istədiyimiz nəticəni əldə edə bilməyəcəyik. Azərbaycanda çox qadınlar var ki, onlar ya əmək müqaviləsi olmadan cüzi maaşa işləyir, ya da az rəsmən işsiz olmasalar da az maaş alırlar. Onların gəliri övladlarının qayğısına qalmaq üçün yetərli deyil”, – deyə M.Zeynalova vurğuladı.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR