Azərbaycanda “maliyyə piramidaları” hələ də varmı?

azerAzər Mehdiyev: “Ölkəmizdə ciddi investisiya fondlarının yaranmasına ehtiyac var”

2016-ci ilin əvvəlindən bəri Rusiya Bankı təxminən 120 maliyyə piramidası aşkar edib. Bu “maliyyə piramidası” ifadəsi bizə daha çox 1990-cı illəri xatırladır.  Həmin illərdə istər Azərbaycan, istərsə də digər MDB ölkələrində əhalinin əmanətlərinə ikiqat, üçqat və hətta beşqat faiz vədləri verən banklar, cəmiyyətlər yaranmışdı. İnsanlar maşınını, bağını satıb bu banklara qoydular. Düzdür, ilk vaxtlar hamı “xoşbəxt” idi, çünki cəlb edilən vəsaitlər investisiyalara yox, faizləri ödəməyə yönəlmişdi. Bir müddət şişirdilmiş faizlərdən şirniklənən vətəndaşlar isə artıq pullarını bu bank və cəmiyyətlərdən götürməyə lüzum görmədilər. Lakin, hehyat… “Pul qalsın, bir az da şişsin” deyən əmanətçiləri günlərin birində məyusluq gözləyirdi.

2000-ci illərin əvvəllərində Azərbaycanda “muncuq mafiya”ları da peyda oldu. Vətəndaşlardan “depozit” alaraq, onlara “muncuq sifarişi” verən işbazlar sadəcə maliyyə piramidasının yeni formasını yaratmışdılar. Əlbəttə ki, yüzlərlə manat əldə etmək ümidi ilə sapa muncuq düzənlər də başqa cür məyus olacaqdı. Görəsən, 2016-cı ildə Azərbaycanda maliyyə piramidalarına və ya bunun yeni formalarına rast gəlmək olarmı?

İqtisadçı ekspert Azər Mehdiyev Qafqaznews.az-a bildirdi ki, maliyyə piramidaları daha çox 1990-cı illərdə geniş yayılmışdı.

“Maliyyə piramidaları banklara alternativ olaraq yaradılmış, pul qoyub pul almağa əsaslanan qurumlar idi. Amma real olaraq, özlərini doğrultmadılar. Son illərdə maliyyə piramidalarını şəbəkə marketinqləri əvəzləyib ki, onlar pul qoyub pul almağa yox, daha çox mal alqı-satqısına əsaslanır. Lakin burda müəyyən şəbəkə prinsipi var ki, bu şəbəkənin pozulması ona qoşulanlar üçün müəyyən mərhələdən sonra risklər yaradır. Şəbəkədə kiçik bir qırılma olduqda, risklər çox böyük ola bilər. Düzdür, ilk vaxtlarda şəbəkə marketinqindən qazananlar oldu, lakin sonradan bir çox vətəndaşımız bu işi davam etdirə bilmədi. Şəbəkə marketinqini maliyyə piramidası hesab etmirəm, lakin burda bir sıra araşdırmalı məqamlar üzə çıxa bilər. Malların qiyməti, keyfiyyəti, vergi məsələsi və s.”, – deyə ekspert qeyd etdi.

“Bu şəbəkələrin çoxu xarici ölkələrdə yerləşən baş ofislərə bağlanır, axı bu həm də pul axını deməkdir”, – deyə xatırlatdıq. “Bəli, amma əvəzində mal gətirilirdi. Bu cür şəbəkələr xarici ölkələrdə, Avropanın və Asiyanın iri şəhərlərində təşəkkül tapıb, daha sonra bütün dünyaya şəbəkə şəklində yayılıb”,- deyə A.Mehdiyev cavab vedi.

Ekspertin sözlərinə görə, hazırda maliyyə piramidaları əsasən internetdə, ayrı-ayrı saytlar şəklində fəaliyyət göstərir və onlara elə də böyük marağın olduğunu demək olmaz.

“Lakin maliyyə piramidasına, eləcə də bank əmanətlərinə alternativ olan bir forma var ki, onu Azərbaycanda inkişaf etdirmək olar və hətta lazımdır. Söhbət investisiya fondlarından gedir. Təəssüf ki, ölkəmizdə hələ ciddi bir iş görən investisiya fondu formalaşmayıb. Banklara pul qoyanlar faiz alırlar, investisiya fondlarına pul yatıranlar isə daha böyük məbləğdə dividentlər əldə edə bilərlər. Vətəndaşların bu fondlara yatırımları müəyyən biznes layihələrinə, istehsalat müəssisələrinin yaradılmasına xərclənilir, davamlı olaraq da gəlirdən bütün yatırımçı vətəndaşlara dividentlər verilir. Bu cür investisiya fondları bazar infrastrukturu olan bir çox ölkədə var və yetərincə uğurlu forma sayıla bilər. Yeni müəssisələrin açılması həm də yeni iş yerləri deməkdir. Azərbaycanda bazar iqtisadiyyatının dirçəlməsi üçün, ciddi investisiya fondlarının yaradılması çox vacibdir”, – deyə Azər Mehdiyev vurğulayıb.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR