Deputatdan həyəcan siqnalı: “Mən Rüfət Aslanlıya da dedim ki, belə olmaz”

bezy-myanny-j-copyRüfət Quliyev: “Banklardan kredit götürən vətəndaşlar ödəmə qabiliyyətinə görə qruplara bölünməlidir”

“Kredit büroları haqqında” yeni qanun layihəsi Milli Məclisin son iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi ikinci oxunuşda fəsilləri ayrı-ayrılıqda səsə qoyulmaqla qəbul edilib. Millət vəkili Vahid Əhmədov çıxışında bildirib ki, ölkədə bir nömrəli problemlərindən biri bank sisteminin sağlamlaşdırılmasıdır: “Qonşu Gürcüstanda bu qanun uğurla fəaliyyət göstərir. 6-7 il idi ki, Mərkəzi Bankda bu qanun var idi, amma qəbul olunmurdu. Qanun layihəsi böyük sahəni əhatə edilməlidir. Əgər bunu düzgün icra etsək, 1,5 milyard problemli krediti qaytarmaq mümkün olacaq” (fins.az).

Digər millət vəkili, iqtisadçı alim Rüfət Quliyev Qafqaznews.az-a bildirdi ki, yeni qanun layihəsində əsas söhbət məlumat bazasının yaradılmasından gedir. “Problemli kreditlər məsələsinin həlli isə daha fərqli addımlar atılmalıdır. Yaranan problemlərin həlli üçün, iki il əvvələ baxmaq lazımdır. Banklar 30 faizlə, 33 faizlə verdikləri kreditləri geri qaytarmaq istəyirlər, amma vətəndaşların vəziyyətini anlamaqda çətinlik çəkirlər. Bu insan onsuz da batırsa, bank sərt tədbirlərlə, ya lap müddəti uzadıb faizi çox saxlamaqla heç bir şeyə nail ola bilməyəcək. Son zamanlar xeyli sayda mənzillər hərraca çıxarılıb, bu da əmlak bazarına zərbə vurur”, – deyə deputat qeyd etdi.

O vurğuladı ki, bankların ancaq öz mənfəətini düşünərək kredit siyasəti yürütməsi yolverilməzdir. “Hər şey qanun qəbulu ilə olmur ki, gərək, banklar öz siyasətlərinə redaktələr etsinlər. Mən Rüfət Aslanlı ilə (Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri – red.) görüşəndə də dedim ki, belə olmaz, faizlər əhalinin durumunu çətin vəziyyətə salır. Ona təklif etdim ki, kreditorlar öz sosial səviyyələrinə və kredit ödəmə qabiliyyətlərinə 6,7 və ya 10 qrupa bölünsünlər. Əgər bu, Palata tərəfindən tətbiq oluna bilməzsə, heç olmasa, bir bank qabağa düşməli və belə qruplar müəyyən etməlidir. Bankları günahkar görmürəm, amma bankların siyasətində ciddi redaktələrə ehtiyac var”, – deyə R.Quliyev əlavə etdi.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR