Həkim 1news.az, 365info.az, kavkaznews.az və disput.az saytlarını məhkəməyə verdi – ABSURD(FOTO)

sayt“Bakı Sağlamlıq Mərkəzi”nin təkzib açıqlamasını da təkzib etmək lazımdır?

Avqustun 24-də Qafqaz Xəbər Agentliyinin Qafqaznews.az və Kavkaznews.az

saytlarında “Bakı Sağlamlıq Mərkəzi”ndəki ölüm hadisəsində kim günahkardır?” başlıqlı yazı dərc olunmuşdu. Sözügedən yazıda Bakı sakini İrina Zotovanın sosial şəbəkələrdə paylaşdığı statusa toxunulmuş və məsələnin araşdırılması üçün “Bakı Sağlamlıq Mərkəzi” klinikasının direktoru Hikmət Həsənovun mövqeyi dərc olunmuşdu. Qafqaz Xəbər Agentliyi olaraq, gündəmə gələn, sosial şəbəkələrdə qızğın müzakirə mövzusuna çevrilən məsələlərlə bağlı araşdırma aparmaq hüququmuz var. Eyni zamanda, hər iki tərəfin mövqeyini dərc etmək qanunvericiliyin tələblərindən biridir ki, biz də bu tələbə riayət etmiş, şəxsi şərhimizdən, redaksiya mövqeyindən çəkinmişik. Lakin maraqlıdır ki, avqustun 19-da “Bakı Sağlamlıq Mərkəzi”ndə dünyasını dəyişən Vladimir Zotovun qızı İrina Zotovanın günahlandırdığı həkim Elçin Firudin oğlu Əzizov bu məsələdə mətbuatı da günahkar bilib, bu mövzuda yazılar dərc edən bir neçə KİV-ə qarşı məhkəmə iddiası qaldırıb.1

Belə ki, bu günlərdə Qafqaz Xəbər Agentliyinin ünvanına Yasamal Rayon Məhkəməsinin hakimi Toğrul Axundovun imzası ilə göndərilən bildiriş vərəqəsində oktyabrın 12-də saat 10:30-da keçiriləcək məhkəmə iclasında iştiraka dəvət olunuruq. Elçin Firudin oğlu Əzizovun idia ərizəsində cavabdehlər kimi İrina Zotova, 1news.az informasiya portalı, Qafqaz Xəbər Agentliyinin kavkaznews.az portalı, 365info.az analitik-informasiya portalı, eləcə də Disput.az portalı göstərilib. Yəqin ki, hörmətli hakim Toğrul Axundov işi icraata götürməzdən əvvəl, iddia ərizəsinə əlavə olunmuş materiallara da baxıb. Bizim agentliyin saytlarında dərc olunmuş məqalələrdə həm “Bakı Sağlamlıq Mərkəzi”ndən Trend-ə verilən təkzib açıqlaması dərc olunmuş, həm də ayrıca olaraq, sözügedən tibb ocağının direktoru Hikmət Həsənovun mövqeyi işıqlandırılmışdı.1-1

Biz 1news.az saytında dərc olunmuş “Новые подробности в деле о смерти пациента, семья которого обвиняет клинику Baki Saglamliq Merkezi в халатности” yazısına da nəzər saldıq. İnsafən deyək ki, 1news.az-dakı həmkarlarımız da “KİV haqqında” qanunun və jurnalist etikasının tələblərinə riayət edib, həm adı hallanan “Bakı Sağlamlıq Mərkəzi”nin, həm Səhiyyə Nazirliyinin, həm də Nəsimi RPİ-nin münasibətini işıqlandırıblar. Əgər kavkaznews.az və 1news.az saytlarındakı ayrı-ayrı yazılarda hər hansı redaksiya mövqeyinə, şər-böhtana rast gəlinmirsə, belə bir iddia əsasında məhkəməyə dəvət olunmağımız, hakimin işi icraata götürməsi də bizi xeyli təəcübləndirir. snimok-2-1

365info.az-da dərc olunan yazı isə Qafqaz Xəbər Agentliyinə istinaddır və yuxarıda xatırlatdığımız “Bakı Sağlamlıq Mərkəzi”ndəki ölüm hadisəsində kim günahkardır?” başlıqlı yazı olduğu kimi, dəyişdirilmədən dərc olunub. Yazını başqa sayta istinadla dərc edən KİV-in də məhkəmədə “cavabdeh” göstərilməsi bir başqa təəccüb səbəbidir. Digər tərəfdən, “Disput.az”ın forum saytı olduğunu cəmiyyətdə bilməyən adam yoxdur. Bu sayta bir dəfə girmək kifayət edir ki, iddia ərizəsində yazıldığı kimi, “informasiya portalı” ifadəsinin yanlış olduğu anlaşılsın. Belə ki, İrina Zotova atasının ölüm hadisəsi ilə bağlı fikirləri bu forumda yazıb… Forum saytı isə sosial şəbəkənin bir növü hesab olunur. Görəsən, Elçin Əzizov öz iddia ərizəsində İrina Zotovanın “Facebook” statusundan da söz açsaydı, məhkəməyə cavabdeh kimi “Facebook”un təsisçisi və rəhbəri Mark Zükerberq də dəvət olunacaqdı?

Digər tərəfdən, Elçin Əzizov məqalələrə təkzib verilməsini tələb edir. Qafqaz Xəbər Agentliyi “Bakı Sağlamlıq Mərkəzi”nin təkzib mövqeyini də dərc edib… Olmaya, “Bakı Sağlamlıq Mərkəzi”nin təkzib açıqlamasını da təkzib eləmək lazımdır? Təəssüflər olsun ki, bəzən ali təhsilli, elmi dərəcəli vətəndaşlar belə müstəqil mətbuatın nə olduğunu bilmir, bilmək istəmir… Ümid edirik ki, cənab hakim Toğrul Axundov, eləcə də iddiaçı Elçin Əzizov bu yazıdan özləri üçün bir sıra lazımi qeydlər götürəcəklər.

 Rüfət Əhmədzadə

Qafqaznews.az

1-1 1 1-2 1-3 1-4 1-5 1-6

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR