İmişlinin prokuroru “qızını zəncirləyən ata”dan danışdı: “Belə şey ola bilməz!”

xocqedemPərvanənin tövlədə zəncirlənməsi barədə məlumatlar hüquq mühafizə orqanları tərəfindən inkar olunur

“Valeh Məmmədov adlı vətəndaşın qızını tövlədə zəncirləməsi və illələ digər meyitin yanında saxlaması barədə yayılan məlumatlar əsassızdır, həqiqətə uyğun deyil”. Bu barədə Qafqaznews.az-a İmişli rayon prokuroru Pənah Abbasov bildirib. “Qız hazırda müalicə müəssisəsinə yerləşdirilib, məhkəmə-tibbi ekspertizası gedir. Bu gün azadlıqdan məhrumetmə ilə bağlı cinayət işi açılıb, Valeh Məmmədovun ifadəsi alınıb. Deyir ki, “qız ruhi xəstədir, evdən qaçıb gedirdi, ona görə evin yanındakı kiçik daxmada saxlayırdım, vaxtlı-vaxtında çimizdirib-yedirdirdim”.

Qızın anası 2006-cı ildə, bacısı isə 2008-ci ildə dünyasını dəyişib. Qız əqli qüsurludur, anası da, bacısı da əqli qüsurlu olublar. Başa düşmürəm, o məlumatları hardan çıxarıblar? Bura haradır ki, meyitin yanında adam saxlasınlar, zəncirləsinlər…Zəncirlənmə iddiası öz təsdiqini tapmayıb, nə zəncir izləri və nə də orda meyit qalıqları yoxdur. Belə şey ola bilməz! Araşdırma gedir, əgər lazım gəlsə, Valeh Məmmədov həbs oluna bilər. Hazırda azadlıqdadır”, – deyə P.Abbasov qeyd edib.

O, “Xəzər” Televiziyasından və ya digər KİV-lərdən məsələ ilə bağlı prokurorluğa hər hansı müraciət, zəng və ya sorğu daxil olmadığını əlavə edib. Bu gün “Xəzər” Televiziyasına istinadla ölkə mətbuatında yayılan məlumatı da olduğu kimi oxuculara təqdim edirik: “Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb. Ata əqli problemləri olan Pərvanə adlı qızını 8 ildir ki, dustaq kimi tövlədə zəncirlənmiş vəziyyətdə saxlayıb. Yaşanmış hadisə “Xəzər” televiziyasında yayımlanan “Bizə danış” adlı verilişdə ictimaiyyətə açıqlanıb. Məlum olub ki, qızın anası düz 10 il bundan əvvəl vəfat edib. Ata isə öz qızlarını daxmada zəncirləyərək saxlayıb. Ancaq qızlardan biri soyuqdan vəfat edib, digərinin isə bir müddət sonra ayaqları tutulub. Atası isə iddia edir ki, onun ayaqları soyuqdan qırılıb. İndi ata qızının hər hansı bir xəstəxanaya yerləşdirilərək müalicə edilməsini də istəmir (big.az).

Qafqaznews.az-a da maraqlı gəldi ki, valideynin uşaqla bacarmadığı halda, onun müalicəsi üçün niyə indiyədək tədbir görülməyib… Ümid edirik ki, aidiyyatı olan qurumlar və məsuliyyət daşıyan şəxslər bu məsələyə münasibət bildirəcək. Atanın günahı olsa da, olmasa da…

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR