Notariusun səhvi dörduşaqlı qadını evsiz qoydu? – ŞİKAYƏT

notarius7 saylı Notariat Kontorunun notariusu Nadir Vədətov ləğv edilmiş etibarnamə əsasında alqı-satqı edib…

“Ev qadına qaytarılmalı, sonra bərabər şəkildə bölüşdürülməlidir”

Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Bakı şəhər sakini Lalə Dadaşeva müraciət edib. Lalə Dadaşevanın sözlərinə görə o, 1996-ci ildə Araz Dadaşev ilə nikaha daxil olub. “Bu nikahdan dörd övladımız dünyaya gəlib. 1998-ci ildə biz Tağıyev küçəsi,ev 5 ünvanında ikimərtəbəli ev aldıq. Sonradan ev mənim adıma rəsmiləşdirildi” –deyə o, Kavkaznews.az-a bildirib. Lalə Dadaşevanın sözlərinə görə, bu yaxınlarda onun həyat yoldaşı, ondan bağışlama müqaviləsi istəyib. “Bu il avqustun 3-də Araz məni evin və ona bitişik ərazinin satışı ilə bağlı ona baş etibarnamə verməyə razı saldı.

Heç nədən şübhələnmədən, mən onun xahişini yerinə yetirməyə razılıq verdim. Bundan sonra o məni uşaqlarla birlikdə evdən qovdu”, – deyə Lalə Dadaşeva Kavkaznews.az-a məlumat verib. Baş etibarnamənin evin satışı üçün lazım olduğunu anladıqda, Lalə Dadaşeva avqustun 10-da “Asan Xidmət”in 5-ci şöbəsində bu müqaviləni ləğv edib.

“Qorxduğum başıma gəldi. Avqustun 11-də yoldaşım Araz Dadaşev evin alqı-satqısını həyata keçirdi.Sövdələşmə 7 saylı notariat kontorunun notariusu Nadir Vədətov tərəfindən keçirilib”,-Lalə Dadaşeva bildirib. Alqı-satqı həyata keçirildikdən sonra Araz Dadaşev boşanma iddiası qaldırıb.

“2016-ci ilin oktyabr ayında Xəzər rayon məhkəməsinin qərarı ilə biz boşandıq” –deyə Lalə Dadaşeva bildirdi. Doğrudanmı Lalə Dadaşeva həyat yoldaşına verdiyi baş etibarnaməni “Asan Xidmət”də ləğv edib? Biz bu sualı “Asan Xidmət”in 5-ci şöbəsinin əməkdaşlarına vermək qərarına gəldik. “Asan Xidmət”in 5-ci şöbəsinin əməkdaşı İlqar Sultanov Lalə Dadaşevanın sözlərinin doğruluğunu təsdiqləyib. İlqar Sultanovun bildirdiyi kimi, Baş etibarnamənin ləğv edilməsi haqqında məlumat elektron məlumat bazasına daxil olur.

“Bu bazada Araz Dadaşovun bağladığı bütün müqavilələr öz əksini tapır”,- deyə İlqar Sultanov Kavkaznews.az-a məlumat verib. Tağıyev küçəsi ev 5 ünvanında yerləşən evin alqı-satqısı barədə müqaviləni bağlayan 7 saylı notariat kontorunun notariusu Nadir Vədətov alqı-satqı zamanı təqdim olunan sənədlərin qanuniliyini yoxlayıbmı?

Sualımıza cavab almaq üçün biz Nadir Mədətovun özünə müraciət etdik. “Araz Dadaşovun evi satmaq üçün baş etibarnaməsi var idi”,- deyə notarius bizə bildirdi. “Siz bu etibarnamənin qüvvədə olub-olmadığını yoxlamışdınız?”,– jurnalistimiz soruşdu. Təəssüf ki Nadir Vədətov sualımıza cavab vermədi və dəstəyi asdı (Kavkaznews.az).

cms-image-000013098Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun fikrincə, bu məsələdə birbaşa olaraq qanun pozuntusu baş verib. “Əvvəla, qadın dörd uşaqla çöldə buraxılmamalıdır. Digər tərəfdən, bildiyimə görə, etibarnamə ləğv edildiyi anda o informasiya Ədliyyə Nazirliyinin vahid bazasına daxil olur. Notarius mütləq bazanı yoxlamalıdır. Bir gün və ya bir saat fərqi yoxdur, o etibarnamə ləğv olunbsa, alqı-satqı ləğv olunmalıdır. Qadın məhkəməyə müraciət etsin və o alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etsin”, – deyə N.Cəfəroğlu Qafqaznews.az-a bildirdi.8383796_d

Hüquqşünas Namizəd Cəfərov Qafqaznews.az-a bildirdi ki, Ədliyyə Nazirliyinin bütün orqanları, o cümlədən notariuslar sənədləşdirmə işlərini vahid baza əsasında həyata keçirir. “Bilmirəm, məlumatın bazaya bir gündən gec daxil edilməsi nə dərəcədə realdır. Amma notarius mütləq bazanı yoxlamalı idi. O alqı-satqı ləğv olunmalı, ev qadına qaytarılmalıdır. Daha sonra isə o ev bərabər şəkildə bölüşdürülə bilər”, – deyə hüquqşünas vurğuladı.

N.Cəfərovun fikrincə, notariusun əməlləri ilə bağlı da araşdırma aparılmalıdır: “Burda vəzifə səlahiyyətlərindən sui-istifadə faktı varsa, araşdırılıb ortaya çıxarılmalıdır”. Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinin əməkdaşı Zeynəb xanım (soyadını bildirmədi – red.) Qafqaznews.az-a bu məsələni vətəndaşın öz müraciəti olmadan şərh etməyəcəyini bildirdi. “Lalə Dadaşova özü bizim baş idarəyə sorğu göndərsin, məsələni araşdıraq, ondan sonra sizə məlumat verək”, – deyə Zeynəb xanım bildirdi. Nazirlik nümayəndəsi əlavə etdi ki, “Asan Xidmət”də etibarnamənin ləğvi ilə bağlı reallaşdırılan əməliyyat Ədliyyə Nazirliyinin informasiya bazasına daxil olur və bu bazaya çıxış bütün notarial kontorlarda var.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR