Sərgən Yalçının məşhur sitatları: Onu heç məhəllə futbolunda oynatmaram

74611fdfbd042898567442c265633741Dünya futbolunda meydandan kənarda sözünü deməyi bacaran oyunçu sayı elə də çox deyil. Azərbaycanda ən açıq sözlü futbol adamı kimi Samir Abasovu göstərmək olar.

O, futbolçu olduğu dönəmlərdə baş məşqçisini, məşqçi olduğu zaman isə klub rəhbərliyini belə, tənqid etməkdən çəkinməyib. Dünya futbolu səviyyəsində isə Zlatan İbrahimoviç, Mario Balotelli kimi ulduzların adlarını sadalamaq olar.

Türkiyədə isə ən “qırmızı” futbol adamı Sərgən Yalçın hesab edilir. O, futbolçu vaxtlarında açıq danışmaqdan, istədiyi şəxsə atmaca atmaqdan çəkinməz, jurnalistlərə müsahibəsində hazırcavablılığı ilə seçilərdi. Qısa məşqçilik karyerası uğurlu alınmayan 44 yaşlı mütəxəssis indinin özündə də qatıldığı televiziya verilişlərinə maraqlı, bəzən isə gülməli fikirləri ilə rəng qatır.

Apasport.az saytı Sərgən Yalçının futbolçu karyerasından bəri səsləndirdiyi maraqlı fikirlərlə sizi tanış edir…

Jurnalistlərin müxtəlif vaxtlarda verdikləri suallara Sərgənin özünəməxsus cavabları:

– Meydanda çox qaçsaydın, necə futbolçu olardın?

– Çox qaçsaydım, futbolçu yox, atlet olardım.

– “Çelsi” ilə oyuna 80 min dollar pul qoyuluşu etdiyin deyilir. Doğrudumu?

– O qədər böyük pul qoymasaydım, yəqin ki, 2 qol vurmazdım.

– Avropaya getməyi düşünmürsən?

– Niyə gedim ki? Burda rahat pulumu alıram, futbolumu oynayıram. Avropadakı məşq proqramı mənlik deyil.

– Pyerr van Hoydonkun səndən yaxşı cərimə zərbəsi vurduğu deyilir, razısanmı?

– O, bunun üçün çox çalışır, bizimki Allah vergisidi.

– Jan Tiqana 4 kq arıqlayacağın təqdirdə səni “Real”a aparacağını deyib…

– Bu qədər arıqlasam çapar olaram.

– Yeni transferlər barədə nə deyə bilərsən?

– Gökhan gəncdi, önündə uzun illər var. Bobo… Bobonun da adı gözəldi.

– Tiqana sənin futbol zəkanın ondan da, Platinidən də yaxşı olduğunu deyib…

– Məşqçim düzünü deyib.

– 10-12 yaş arası uşaqlar futbol oyununa pul qoyuluşu edirlər. Onlara nə məsləhət görürsən?

– Almaniyadan uzaq dursunlar, orda çox sürprizlər olur.

– Bülənt Qorxmaz 33 yaşında da öz üzərində çalışır. Bu, səni narahat etmir?

– Büləntin istedadı yoxdu, məşq etməsə oynaya bilməz. Mən istedadlıyam, məşqə ehtiyacım yoxdu.

– Heç vurduğun hansısa qolu sevgilinə həsr etmisən?

– Eyni qolu iki qıza həsr etdiyim vaxtlar da olub.

– Sənin məşq etmədiyin deyilir…

– Doğrudu.

– Uruqvayla keçiriləcək yoxlama görüşü barədə nə deyə bilərsən?

– Uruqvay kimdi, Avropada hansı uğuru var?

– Futbol şərhçisi Ercan Taner: “Qaziantepspor”dan transfer edilən Tabata “Beşiktaş”a nə verə bilər?”

– Qaziantepdən gələndə 1 kq paxlava gətirə bilər.

– İkinci saatı geridə qalan oyunsonrası verilişdə futbol şərhçisi Güntekin Onay: “İndi də reklama gedək…”

– Məncə, artıq evə gedək.

– Sərgən: “O ötürmə üçün yaxın küncə qaçmaq axmaqlıq olar”.

– Futbol şərhçisi Ersin Düzen: “Birdən yaxın küncdə topla qarşılaşsa…”

– Topla görüşüb nə edəcək, birgə yeməyə gedəcəklər?

– Futbol şərhçisi Ersin Düzen: “Karyeranı bitirdikdən sonra baş məşqçi olacaqsan?”

– Bununla bağlı nəsə demək istəmirəm. Onsuz da, baş məşqçilik asan işdi.

Maraqlı dialoqları və futbolçularla bağlı fikirləri:

– İdman yazarı Ali Sami Alkış: “Sərgəni gündə 3 dəfə döymək lazımdı. Bu uşaq hansı istedada malik olduğunu bilmir”.

– O adam kimdi? Çıxsın qapının önünə, görək, kim kimi döyür.

Sabiq futbolçu Vədat Okyar: “Qaçmadığın üçün çox tənqid olunursan…”

– Vədat abi, mən qaçanda yoruluram, bunu heç kimə başa sala bilmirəm.

Keçmiş komanda yoldaşı Tümər Mətin: “Trabzonspor”a uduzdun, “Bursaspor”a uduzdun. Sonra kiminlə oynayırsan? Yadımdan çıxdı”.

– Ondan sonra evdə, İstanbuldayam. Çünki ondan sonra heç kimlə oynaya bilmərik”.

Klub rəsmisi: “Həftənin 2-ci, 3-cü və 4-cü günləri bir yerə getdiyini eşitdik, doğrudumu?”

– Doğru, amma yarımçıq məlumatdı. Cümə günü də orda idim.

– “Sol cinah müdafiəçisi futbolda önəmli mövqe deyil” (Türkiyə millisinin sabiq sol cinah müdafiəçisi Hakan Ünsal yayında olarkən).

“Fənərbaxça”nın “Sivasspor”a məğlubiyyətindən sonra: “Aykut Kocamana bir dövrə üçün də velosipedimi vermərəm, adama “Fənərbaxça”nı əmanət ediblər”.

Peşəkar futbolçuların intizamsız davranışları ilə bağlı özünü örnək göstərərkən: “Vaxtilə “Bavariya” məni istəmişdi. Sonra araşdırdılar və almaqdan imtina etdilər”.

Çexiya millisinin keçmiş hücumçusu Yan Koller haqda: “Kollerə topu ver, önünü də boşalt, 20 metr qaça bilməz”.

Türkiyə millisinin yarımmüdafiəçisi Səlçuk İnan haqda: “Səlçuk böyük oyunların heç birində görünmür. Mərcə girərəm, Fatih Terim məni yığmaya çağırsın,

Estoniya və Andorra kimi komandaların qapısına qol vurmasam…”

“Qalatasaray”ın futbolçusu Hamit Altıntop haqda: “Hamit bu klubun start heyətində oynayacaq səviyyədə deyil. Sadəcə onu izləyin, dəli olarsınız”.

“Trabzonspor” haqda: “Trabzonspor” bu heyətlə 25 il də oynasa, çempion ola bilməz”.

“Qalatasaray”ın sabiq futbolçusu Felipe Melo haqda: “Melo kimi istedadsız futbolçu üzə çıxarmaq çox asandı. Mənə 10 uşaq verin, ayaqları top tutsun, kifayətdi”.

“Qalatasaray”ın transferləri haqda: “60-70 milyon avroya transferlər edirsən, hələ də sağda Sabrini, solda Hakan Baltanı oynadırsan”.

Vebo və Droqba müqayisəsi haqda: “Onları müqayisə edənlərin sağlamlığına şübhə edirəm. Vebo Droqbanı yolda görsə, ondan avtoqraf istəyər”.

– Belaruslu Aleksandr Qleb “Gənclərbirliyi”də oynayarkən: “Mən bu Qlebi heç məhəllə futbolunda oynatmaram”.

“Qalatasaray”ın keçmiş oyunçuları Emmanuel Ebue və Didye Droqba haqda: “Ebuenin 40-dan çox yaşı yoxdusa, mənə nə istəyirsən de. Droqbanın guya 36 yaşı var? Ən azı 43 yaşdadı”.

“Barselona” haqda: “Barselona”nı çalışdırmaq çox asandı. Orda baş məşqçi olsam, texniki zonada siqarımı yandırıb, kefimi çəkərəm”.

Onun barəsində deyilənlər:

Lennart Yohansson (FİFA-nın keçmiş prezidenti): “Sərgəndəki texniki istedad onun Avropanın ən böyük klublarından birində oynaması üçün kifayət edir”.

Şenes Erzik (UEFA-nın sabiq vitse-prezidenti): “Bekkenbauer məndən Sərgəni soruşdu. Amma Sərgən peşəkar həyat yaşamaq istəmədi”.

Qordon Milne (ingilis mütəxəssis): “Sərgən kimi istedadlar dünyaya 100 ildə bir dəfə gəlir”.

Jan Tiqana (fransalı mütəxəssis): “Sərgəndəki futbol zəkası məndə yoxdu. Heç Platinidə də olduğuna inanmıram”.

Roman Abramoviç (“Çelsi”nin sahibi): “Sərgən həyatımda gördüyüm ən klass futbolçudu. Sırf onu izləmək üçün İstanbula gəlmişəm”.

Lotar Matteus (almaniyalı mütəxəssis): “Sərgənin Münhendəki stadionda məni necə aldatdığını hələ də unuda bilmirəm. O, oyunu ilə bizi utandırdı”.

Mirça Luçesku (rumıniyalı mütəxəssis): “Uzun illərdi futbolun içindəyəm, onun kimi istedad görmədim. Bir az gənc yaşda əlimə düşsəydi, indi heç kim Zidandan danışmazdı. Onun üçün çox məyusam”.

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR