Eldar və İlqar Mahmudovlardan baş prokurora şikayət olundu, ancaq şikayət DİN-ə göndərildi

eldar-ferhad-copy“Görünür Mahmudovlar vəzifədən getsələr də hələ də hüquq mühafizə orqanlarında böyük nüfuza malikdirlər”

Keçən ayın 21-də Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova Eldar və İlqar Mahmudovlarla bağlı göndərilən müraciət DİN-ə yönəldilib, lakin hələ də şikayətçi vətəndaşı DİN-ə dəvət edən, əlaqə saxlayan yoxdur. Bu barədə LEGİON.AZ-a məlumat verən keçmiş polis zabiti M.R.Tağıyev bildirib ki, məsələ ilə bağlı şikayətinin kimlərsə tərəfindən ört-bastır olunmasından narahatdır.

“Baş Prokurora müraciətimdən sonra, mən ümid edirdim ki, mənim şikayətimə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində baxılacaq. 21.10.2016 cı il tarixində Baş prokuror cənab Zakir Qaralova müraciət etməyimə baxmayaraq, 26.10.2016 cı il tarixində Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Aynur Osmanovadan cavab məktubu gəldi ki, müraciətim baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Aparatına göndərilir. Ancaq cavab məktubunun üstündən bir ay keçməsinə baxmayaraq, hələ məni DİN-ə dəvət edən, ərizəmi araşdıran olmayıb. Görünür, Mahmudovlar vəzifədən getsələr də, hələ də hüquq mühafizə orqanlarında böyük nüfuza malikdirlər. Bütün bunları nəzərə alaraq, bu məsələnin ictimailəşməsinə qərar verdim. Bundan sonra isə Cənab Prezidentə müraciət etmək fikrindəyəm”, – deyə M.Tağıyev qeyd edib. Vətəndaşın Baş Prokurora şikayət ərizəsinin mətnini oxuculara təqdim edirik:

Cənab Baş Prokuror! Əvvəla qeyd etmək istərdim ki, Azərbaycanda qanunların və ədalətin qorunmasında, cinayət və korrupsiya faktlarının obyektiv araşdırılmasında, habelə cinayətkarların layiqli cəzasını almasında Sizin və rəhbərlik etdiyiniz prokurorluq orqanlarının müstəsna rolu vardır. 2015-ci ilin oktyabr ayında Azərbaycan dövlətçiliyi üçün ciddi təhdidə çevrilən MTN qruplaşmasının ifşa olunması və bir sıra korrupsioner generalların məsuliyyətə cəlb olunmasında prokurorluq əməkdaşlarının rolunu müsbət qiymətləndirirəm. Lakin Eldar Mahmudov və ona yaxın olan şəxslər irili-xırdalı o qədər cinayət törədiblər ki, bu bir il ərzində onların bir çoxu hələ də üzə çıxmayıb.

Hörmətli Zakir Qaralov! Yazıb Sizə bildirirəm ki, 2004-cü ildə daxili işlər orqanlarında xidmətim zamanı DİN-in Narkotiklərlə mübarizə idarəsinin şöbə rəisi İlqar Mahmudovla tanış oldum. Demək olar ki, bizim tanışlığımız yoldaşlıq münasibətinə çevrildi. Mən o vaxt Abşeron RPŞ-nin narkotiklərlə mübarizə qrupunun rəhbəri vəzifəsində çalışırdım. İlqar Mahmudovla xidmət zamanı iş yoldaşı olmağım və 2004-cü ildə onun əmisi oğlu Eldar Mahmudovun yenicə DİN-nin Narkotiklərlə mübarizə idarəsinin rəisi vəzifəsinə təyin olunmasını nəzərə alaraq, İlqar Mahmudov mənə təklif etdi ki, “gəl səni Abşerondan bizim idarəyə keçirək”. Əlbəttə ki, mən gələcək karyeram naminə bu təklifə razılıq verdim. Və razılıq verəndən sonra İlqar Mahmudov məni Eldar Mahmudovun qəbuluna saldı və söylədi ki, yaxın günlərdə mənim əmrim Abşerondan DİN-nin Narkotiklərlə mübarizə idarəsinə veriləcək.

Mən öz növbəmdə Eldar Mahmudova təşəkkürümü bildirdim və o da mənim əmrimin verilməyinin xərcinin nə olduğunu İlqar Mahmudov tərəfindən mənə deyiləcəyini bildirdi. Sonra İlqar Mahmudov məni öz xidməti otağına dəvət edərək, DİN-in Narkotiklərlə Mübarizə İdarəsinə təyin olunmağımın xərci 6 min ABŞ dolları olduğunu söylədi. Mən dostum A.Qasımovdan 6 min ABŞ dollarını borc alaraq İlqar Mahmudova verdim. Və İlqar Mahmudov 6 min ABŞ dollar pulu məndən alaraq yaxın günlərdə əmrimin Narkotiklərlə mübarizə idarəsinə veriləcəyini bildirdi.

Ancaq üstündən bir neçə gün keçəndən sonra İlqar Mahmudov məni otağına çağırıb dedi ki, mənim əmrim idarəyə yox, İdarənin Cənub regional şöbəsinə əməliyyat müvəkkili vəzifəsinə verilib. Mən öz narazılığımı bildirdim, o isə məni sakitləşdirərək dedi: “Bunun heç bir fərqi yoxdur sənin adın orda gedəcək rəis. Eldar Mahmudovun daxili əmri ilə idarəyə Bakıya ezam olunacaqsan. Sonra da bir müddət keçən kimi, səni idarəyə rəsmi gətirəcəyik”.

Bu sözləri eşidəndən sonra, mən razılıq verdim. Ancaq üstündən bir müddət keçdi, Eldar Mahmudov Milli təhlükəsizlik naziri təyin oldu və onun nazir vəzifəsinə təyinatından sonra İlqar Mahmudov da Binəqədi RPİ-nin 6-cı polis bölməsinin rəisi vəzifəsinə təyin olundu. Mən də Narkotiklərlə mübarizə idarəsinə yeni rəis təyin olunan Ramiz Nağıyevlə yola getmədim və o məndən Daxili Təhqiqat İdarəsinə təqdimat yazdı, nəticədə məni tutduğum vəzifədən azad edərək, Cəlilabad RPŞ-nin sahə inispektoru vəzifəsinə təyin etdilər. Mənə qarşı bu cür haqsızlığa etiraz edərək DİO-dan öz xahişimlə xaric olundum.

Xaric olunandan sonra, dostum A.Qasımov dəfələrlə məndən ondan aldığım 6 min ABŞ dollarını geri qaytarmağı istəmişdir, ancaq mənim ona 6 min ABŞ dollarını qaytarmaq imkanım olmadığım üçün və Mahmudov tayfasının vəzifədə olduğundan ehtiyat edərək 6 min ABŞ dollar pulu Eldar və İlqar Mahmudovlardan geri tələb edə bilmirdim. İlqar Mahmudovla vaxtaşırı rastlaşan zaman, bir neçə dəfə məndən aldığı pulu xatırlatmışdım, o isə məsələnin üstündən istehza ilə keçmişdi. Yaxın bir ilə qədər əmisi oğlu nazir, özü isə Səbail RPİ-nin rəisi vəzifəsinə qədər yüksələn “mötəbər polis zabiti” olan İlqar Mahmudova hər hansı şəkildə təsir etmək imkanlarına malik deyildim.

Cənab Baş Prokuror! Keçən il oktyabr hadisələrindən sonra dostum A.Qasımov mənə təklif etdi ki, bəlkə, Mahmudovlar barəsində rəsmi şikayət edim. Ancaq mən yenə də ehtyat edib və özlüyümdə fikirləşdim ki, qoy biraz vaxt keçsin, görək kimlər məsuliyyətə cəlb olunacaqlar və bunların iş adamlarından aldıqları miliyonlarla pulların yanında bizim 6 min ABŞ dollar pulumuz kiçik bir məbləğdir. Ancaq A.Qasımov bu yaxınlarda yenə də ona olan borcumu yadıma salaraq məni məcbur etdi ki, Sizə – cənab Baş prokurora müraciət edim. Mənim şəxsən bu qədər pulu qaytarmağa imkanım yoxdur. Lakin zərurət qarşısında, Sizin məsələ ilə bağlı tədbir görəcəyiniz ümidi ilə bu ərizəni yazmağa qərar verdim. Xahiş edirəm, Eldar və İlqar Mahmudovlardan bizim pulumuzun alınıb qaytarılmağında köməklik edəsiniz.

Hörmətlə keçmiş polis zabiti M.R.Tağıyev”.

Legion İnformasiya Agentliyi

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR