ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri istefa verib

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, general Maykl Flinn (Michael Flynn) istefaya gedib

APA-nın xəbərinə görə, səbəb onun hələ vəzifəsinin icrasına başlamazdan öncə, prezident Donald Trampın andiçməsindən əvvəl, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla telefon danışıqlarında ona Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların ləğv edilə biləcəyi barədə vəd verməsi olub.

M. Flinn D. Trampa ünvanladığı istefa məktubunda S. Kislyakla telefon söhbətləri barədə prezidenti tam məlumatlandırmadığını etiraf edib və həm dövlət başçısından, həm də vitse-prezident Mayk Pensdən üzr istəyib. Məktubun mətni “The Guardian” qəzetində çap olunub.

General Flinn qeyd edib ki, milli təhlükəsizlik üzrə müşavir kimi bir çox xarici həmkarına, nazirlərə və səfirlərə çoxsaylı telefon zəngləri edib. Məqsəd yeni prezident, onun müşavirləri və xarici liderlər arasında lazımi əlaqələri qabaqcadan yaratmaq olub: “Təəssüf ki, hadisələrin sürətli inkişafı üzündən mən Rusiya səfiri ilə söhbətlərim haqqında yeni vitse-prezidenti tam məlumatlandıra bilmədim. Mən qürurla istefaya gedirəm, çünki Amerika xalqına və ölkəmizə şərəflə xidmət etmişəm”.

Qeyd edək ki, M. Flinn və S. Kislyak arasında inauqurasiyadan əvvəlki telefon söhbətləri barədə “The Washington Post” fevralın 9-da məlumat yayıb. Telefon danışıqları ABŞ kəşfiyyatı tərəfindən dinlənilib. Qəzet telefon danışıqlarında sanksiyaların ləğvi mövzusuna da toxunulduğunu bildirib. M. Flinn vitse-prezident M. Penslə görüşündə sanksiya məsələsini müzakirə etmədiyini deyib. Lakin sonradan bunu etiraf edib.

Prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinin icrası istefada olan general Kit Kelloqa həvalə olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR