London qapılarını bağlamağa hazırlaşır

“The Telegraph” yazır ki, Britaniyaya yeni Avropa miqrantlarının gəlişinə mart ayından son qoyulacaq.

Baş nazir Tereza Mey Avropa İttifaqından çıxmaq barədə təşkilatın nizamnaməsinin 50-ci maddəsinə məhz həmin vaxtdan start verəcək.

Martın əvvəllərindən habelə ölkənin Avropa İttifaqından çıxış prosesinin və danışıqların başlanğıcı olacaq.

Məqalədə deyilir ki, bundan sonra Avropa İttifaqı ölkələrindən gələnlərin ölkəyə avtomatik qəbulu dayandırılacaq.

Hələlik Britaniyaya gəliş-gediş üçün viza rejiminin tətbiq edilib-edilməyəcəyi bəlli deyil.

Eyni zamanda hazırda Britaniyada yaşayan 3, 6 milyon avropalıya burada daimi yaşamaq hüququ veriləcək.

50-ci maddənin işə salınması ilə paralel Britaniya öz sərhədlərini öz qüvvələri qorumağa başlayacaq.

Bütün bunlar Londonla Brüssel arasında ciddi toqquşmaya səbəb ola bilər. Avropa İttifaqı sərbəst hərəkət qaydasının danışıqlar prosesi bitənədək saxlanmasını istəyirdi. Bu isə 2019-cu ildə baş verə bilər.

Britaniya rəsmiləri narahatdırlar ki, həmin müddətdə çox sayda miqrant ölkəyə gələ bilər.
Rəsmilərin narahatlığı əsasən də Rumıniya və Bolqarıstan kimi ölkələrdən miqrant axınının baş verə biləcəyindəndir.

Lakin bir sıra təhlilçilər prosesin rəsmilərin istədiyi kimi rahat keçəcəyinə inanmırlar.

Britaniyanın Aİ-dən çıxışı məsələsi Lordlar palatasında müzakirə edilməlidir.

Belə bir ehtimal var ki, yuxarı palata Aİ vətəndaşlarının Birləşmiş Krallığa gediş-gəlişinin xüsusi qaydalarına dair müxalifətin təklifini qəbul edə bilər.

Bu təkliflər Aİ vətəndaşları üçün əslində sərbəst gediş-gəlişin saxlanmasını nəzərdə tutur (BBC).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR