Sürücülərə xəbərdarlıq – şaxtalı hava yolları iflic etdi – VİDEO

Dünən gecə saatlarında Şəkidə yolların buz bağlaması hərəkəti tormozladı.

ARB Şəki xəbər verir ki, avtomobillər üçün yollar keçilməz oldu. Bəzi ərazilərdə sərnişindaşıyan avtobusların buz üstündə idarəetməni çətinliklə qoruması həyəcana səbəb oldu. Evinə sağ-salamat çatmaq üçün insanların ümidi duaya qaldı. Ancaq daha xoşagəlməz vəziyyət Təcili təxirə salınmaz tibbi yardım stansiyasının həkimlərinin bəzi çağırışlara çıxa bilməməsi oldu. Çünki buzlu yollar təcili olaraq yardıma çatan bu insanların özlərini təcili yardıma möhtac edə bilər. Hazırda yollarda vəziyyət necədir?

Gecə saatlarında Şəki yollarının buz bağlaması çətinliklər yaradıb. Avtomobillərin intensiv hərəkəti müşahidə olunmasa da gecə sükan arxasına keçmək məcburiyyətində olan sürücülər çətin anlar yaşayıb. Xüsusən şinləri qarlı və şaxtalı hava şəraitinə uyğun olmayan, köhnə olan avtomobillər hərəkətsiz qalıb. Qeyd edək ki, bu cür vəziyyətdən təkcə adi vətəndaşlar deyil həm də Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının həkimləri əziyyət çəkir. Stansiyadan bildirildi ki, yolların buz bağlaması və avtomobillərin təkərlərinin rezin olmaması onların çağırışa getməsinə əngəl olur.

Səhər saatlarına doğru Yol idarəsi və kommunal təsərrüfat istehsal birliyi tərəfindən yola qum-duz qarışığı səpilib. Hazırda mərkəzi küçələr işlək vəziyyətdədir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR