Mətbuat Şurası İdarə Heyətinin üzvü: “ FHN-in mətbuat xidmətinin rəhbəri jurnalistin sualına mütləq cavab verməli idi”

Masallı rayonunun üç kəndində 77 evdə çökmə baş verib, divarlarda iri çatlar yaranıb. Həmin evlərdən 35 –i tam qəzalı vəziyyətə düşüb, bir neçə ailə evakuasiya olunub. Rayonun Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərində onlarla ev təhlükə ilə üzləşib. Belə ki, son vaxtlar yaşayış evlərində çökmələr baş verib və bəzi evlərin istinad divarlarında iri çatlar yaranıb.

Bu ərazilərdə yenidən aktivlik müşahidə olunur. Əksər qəzalı evlərin sakinləri qohumlarının evlərinə sığınmaq məcburiyyətində qalıblar. Kəndin bələdiyyə sədri Siruz Səfərovun sözlərinə görə, çökmənin səbəbi iki il ardıcıl olaraq havaların quru keçməsidir. Siruz Səfərov bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, yaxın günlərdə evlərə baxış keçiriləcək. Qeyd edək ki, hazırda Qodman kəndində 55, Əzizabad kəndində 11, Məmmədrzaküçə kəndində 11 yaşayış evində təhlükə qalmaqdadır. (Qaynar.info)

Biz təhlükəli vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinin hansı tədbirlər görməsi ilə maraqlandıq. Və bunun üçün FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramova müraciət etdik. O, Qafqaz Xəbər Agentliyinə “Bu informasiyanı nazirliyin saytında yerləşdirəcəyik” deyərək dəstəyi asdı.

Mətbuat xidmətinin bu cür münasibəti ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədlinin fikirlərini öyrəndik: “ Mətbuat katibi olayla bağlı onda olan bütün məlumatı cəmiyyətlə mütləq bölüşməli idi”.

Məmmədli Qafqaz Xəbər Agentliyinə onu da bildirdi ki, evlərin çökməsi dövlət sirri deyil ki, mətbuatdan gizlədilsin: “ Müxbirinizin verdiyi sual vətəndaşları narahat edən sosial problemlə bağlıdır. Ona görə də mətbuat xidmətinin rəhbəri jurnalistin sualına mütləq cavab verməli idi”.

R.Həsənoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR