Dövlətin pulunu oğurlayan istənilən məmur CƏZALANDIRILACAQ

“Vəzifədə olarkən yüksək xidmət göstərən, eyni zamanda vəzifəsindən sui-istifadə edən hər kəs öz əməlinə görə layiqli töhfəsini alacaq”.

Bunu açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev son vaxtlar məmur həbslərinin artması ilə bağlı danışarkən bildirib.

Ə.Nuriyev ölkə başçısının bu məsələ ilə bağlı dəfələrlə xəbərdarlıq etdiyini xatırladıb:

“Cənab Prezident dəfələrlə məmurlara qanunsuz əməllərinə, özbaşınalıqlarına son qoymaları ilə bağlı xəbərdarlıq edib. O deyib ki, mən xalqın bir nömrəli xidmətçisiyəm. O daim vurğulayıb ki, ölkədə toxunulmaz şəxs yoxdur.

Məhz bu çıxışın nəticəsi kimi son aylarda korrupsiyaya qarşı daha geniş, daha sərt üsullarla mübarizənin şahidi oluruq. Korrupsiyaya qarşı mübarizə həm institutsional təchizatların yaradılması, həm korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində struktur dəyişikliklərilə, önləyici tədbirlərin həyata keçirilməsilə davam etdirilir. Eyni zamanda, iki ildən artıqdır ki, korrupsionerlərin sərt cəzalandırılması prosesinə start verilib.

Bildiyiniz kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyatlar həyata keçirilir. Bir çox yüksək vəzifəli məmurlar “iş başında” həbs edilirlər. Ümumiyyətlə, DTX-nın son işlərləri korrupsiyaya qarşı mübarizə simvollarına çevirildi. Hətta o dərəcədə ki, hər rayonda, hər strukturda “qara maskalılar”ın gözlənildiyinə dair fikirlər səslənirdi.

Eyni zamanda, prokurorluq orqanları da bu istiqamətdə genişmiqyaslı işləri daha da sürətləndirdi. Bu da Prezident tərəfindən Kamran Əliyevin Baş prokuror təyin edilərkən, onun qarşısına qoyduğu konkret vəzifələrin daha uğurla həyata keçirilməsilə bağlıdır. Prokurorluq orqanlarının qarşısında müvafiq struktur dəyişiklilərinin, yeni nəsil kadrların gətirilməsi, eyni zamanda innovativ üsullardan istifadə edilməsi, korrupsionerlərə qarşı daha amansız olma ilə bağlı konkret tapşırıqlar qoyulub”.

Hüquqşünasın sözlərinə görə, son olanlar həm də hazırda vəzifə başında olanlara növbəti bir mesajdır:

“Proses davamlıdır və dönməz iradə var. Biz bu iradənin hər keçən gün daha çox şahidi oluruq. Hansı vəzifə tutmasından asılı olmayaraq, şəxslər sövdələşməyə, korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb olunurlar. Bunların arasında müxtəlif vəzifələrdə çalışmış şəxslər də var. Düşünürəm ki, Azərbaycanda vəzifə xidmətlərinə görə hər kəs öz xidmətinin əvəzini alıb. Ona görə də yeni situasiyalar vəzifəli şəxslər qarşısında yeni çağırışlar qoyur. Eyni zamanda, dövlət əmlakının talanmasında iştirak etmiş şəxslər elə düşünməsinlər ki, onlar vəzifədən gedəndən sonra məsələ bitdi və rahatlıqla qeyri-qanuni əldə etdikləri var-dövləti yeyəcəklər. Belə deyil, onların hamısı xalqın sərvətidir. Qanunsuz əldə edilən sərvət isə geri qaytarılmalıdır, gec-tez də geri qaytarılacaq.

Bizim məmurlar arasında vəzifəsini çox ləyaqətlə və vicdanla icra edənlər də kifayət qədərdir. Amma bəzi məmurlar ki, talamada iştirak ediblər, onlar çalışırlar ki, həmin sərvətləri ölkə xaricinə çıxartsınlar. Biz Vətən müharibəsində qalib çıxmış ölkə olaraq, qarşımızda yeni vəzifələr, işğaldan azad edilmiş ərazilərin bərpası durur. Qarabağın azad olunması kimi ağır məsələ bitib. İndi Azərbaycan yenidən formalaşır, məmurlar, vəzifəlilər qarşısında tamamilə yeni vəzifələr durur.

Bu proseslər eyni zamanda, indi çalşışan vəzifəli şəxslərə də bir mesajdır ki, daha məsuliyyətli olsunlar. Vəzifə bir etimaddır, böyük məsuliyyətdir. Eyni zamanda vəzifənin qanuni imtiyazları var. Əgər sən bu imtiyazlardan qanuni şəkildə istifadə etmək istəyirsənsə, xalqa xidmət etməlisən. Bəziləri elə düşünürsə ki, vəzifə ancaq imtiyazdır, yeni varlanma mənbəyidir, bu, yanlışdır. Bu məsələlər tarixdə qalmaqdadır. Bu imtiyazları o zaman haqq edirsən ki, vəzifə borcunu layiqincə yerinə yetirirsən. Düşünürəm ki, yeni nəsil idarəçiləri üçün indiki həbsləri gözə alaraq, daha yüksək səviyyədə, peşəkarlıqla və vicdanla çalışmalıdırlar. Ölkənin sərvətlərini talamaq yox, ölkənin sərvətlərinin artırılması istiqamətində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına çalışılsın. Bunu layiqincə yerinə yetirənlər öz layiqli töhfələrini alacaqdır. Eyni zamanda, dövlətin siyasətini düzgün yeriə yetirməyənlər də öz layiqli töhfələrini alırlar və alacaqlar. Çünki heç kəs unudulmur, heç kəs yaddan çıxmır öz xidmətlərinə görə!”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR