“İskəndər – M” işində Rusiya dalana dirənib: – “Adlar çəkilməlidir”

Şuşaya atılan “İskəndər – M” raketlərlə bağlı araşdırmalar hələ də davam edir. Məsələ ilə bağlı fərqli mülahizələr irəli sürülsə də, baş verənlərin haradan qaynaqlandığı sübut olunmur. Görünən odur ki, real faktlar Rusiyaya sərf etmədiyi üçün üzə çıxarılmır. Aydındır ki, baş verənlərdə Rusiya ittiham olunur.

Azərbaycan Prezidenti İlham Əliyev açıqlamasında Şuşa şəhərinin “İsgəndər” raketləri ilə atəşə tutulması ilə bağlı izahat gözlədiyini bəyan edib. Lakin Rəsmi Moskva hələ ki susur. Bəzi ekspertlər isə Şuşaya atılan “İskəndər – M”in rus hərbçilər tərəfindən işə salındığını iddia edir.
Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a açıqlamasında bildirib ki, “İskəndər-M” raketləri ilə bağlı aparılan araşdırmalar hələ də məntiqi sonluğunu tapmayıb:

“Rusiya tərəfi bunu azərbaycanlı hərbçilərlə müzakirə etdiklərini bildirib.Əslində bu raketlərin Azərbaycanın əlində olması, onların seriya və partiya nömrələrinin Rusiya tərəfinə təqdim edilməsi ilə məsələ çox qısa müddətdə yekunlaşa bilərdi.

“İskəndər”in seriya və partiya nömrələrinin Rusiya istehsalçısı tərəfindən hansı raket briqadası və ya dvizionuna verilməsini aydınlaşdırmaq çox da uzun vaxt tələb etmir”.

Ə.Verdiyev vurğulayıb ki, Rusiyanın “İskəndər” raketini Ermənistana verməsinə dair heç vaxt rəsmi bəyanat səsləndirməməsi və bu barədə BMT-nin Silahlar Registrində hansısa qeydlərin olmaması, onu göstərir ki, Rusiya istənilən halda günahkar olanların adlarını çəkməlidir:

“Amma bu, hələ də baş verməyib. Ehtimal edirik ki, Azərbaycan tərəfinin narahatlığını aradan qaldırmaq üçün Rusiya ağlabatan və məntiqli açıqlama ilə çıxış edəcək. Əks halda baş verənlər münasibətlərimizə mənfi təsir göstərə bilər”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR