Operativ Qərargahın üzvü toylara icazə verilə biləcəyini deyir: – Açıq havada və ya…

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi məhdudiyyətlərlə əlaqədar 2020-ci il 15 martdan etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlər keçirilməsinə qadağa qoyulub. Artıq bir ildən çoxdur ki, toy mərasimləri keçirilmir. Lakin son ayda ölkə əhalisinin sürətli şəkildə vaksinasiya olunması, eləcə də yoluxma statistikasındakı azalma Azərbaycanda toyların keçirilməsiylə bağlı qərarın verilməsinə ümidi artırır. Bir çox gənclər, nişanlı cütlüklər toyların keçirilməsiylə bağlı qərarın verilməsini gözləsələr də, digərləri pandemiyanın bitməsini gözləmədən artıq ailə arasında nikah mərasimi keçiriblər.

Toyların keçirilməsi ilə bağlı tətbiq olunan qadağanı müəyyən şərtlərlə götürülməsi təklif olunur ki, bir çoxları bu təklifi dəstəkləyir.

Maraqlıdır, yay mövsümündə toylar keçirilə bilərmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, bu gün ölkə daxilində olan epidemioloji vəziyyət, əsasən də xəstəliyin dalğasının nəzarət altına alınması və rəqəmlərin getdikcə müsbət tendensiyaya görə yer dəyişdirməsi gələcək zaman içərisində ölkədə insanların daha rahat bir şəkildə hərəkət etmələrinə və qorxusuz bir şəkildə gələcək planlarını qurmağa imkanlar yaradacaq:

“Bununla yanaşı, cəmiyyət içərisində artıq bir ildən bəri hökm sürən və əfsuslar olsun ki, bu cəhətdən nikah bağlanmasına və ailə içərisindəki mərasimə hər hansı bir əngəl olmasa da, şadlıq saraylarında toyların keçirilməməsi, adət-ənənələrə uyğun bir şəkildə ailələrin övladlarına toy mərasimləri keçirə bilməmələrinin yaratmış olduğu çətinliklər dövlətə, hökumət və aidiyyəti qurumlara bəllidir”.

Səhiyyə ekspertinin fikrincə, koronavirusa yoluxma rəqəmləri bu şəkildə gedərkən, eləcə də son bir il içərisində həm dünya, həm ölkə həm bu xəstəliklə mübarizədə, eləcə də bu xəstəliyin yarada biləcəyi problemlərin proqnozlaşdırılmasıyla əlaqədar əldə edilən bilgilər daxilində gələcəkdə toy mərasimlərinə icazə verilə bilər:

“Əsasən də yay mövsümünə girdiyimiz zaman açıq havada bəlli insan sayı məhdudiyyəti qoyulmaqla, eləcə də daha əvvəlki illərdə əslində mənfi olaraq qiymətləndirdiyimiz böyük şadlıq evlərinin olmasının bu dönəmdə gətirə biləcəyi avantajlardan faydalana bilərik . Bunlar da 500-600 nəfər tutumu olan şadlıq evlərində onun ortalama 4\1 həcmində, 100-150 nəfərlik insanlarla epidemiolojik vəziyyətə uyğun məsafənin saxlanılması və bir çox amili nəzərə alaraq, toy mərasimlərinin keçirilməsiylə əlaqədar qərarlard a verilə bilər”.

Rəşad Mahmudov bildirib ki, qərar Operativ Qərargah və aidiyyəti qurumlar epidemiolojik vəziyyətlə birlikdə, həm də ölkə içərisində bu xəstəliklə mübarizəyə təsir edə biləcək bir çox faktorlar analiz edildikdən sonra veriləcək:

“Biz inanırıq ki, ilk gündən etibarən dünyanı bürümüş bu bəla qarşısında Azərbaycan hökumətinin başda cənab Prezidentimiz olmaqla aparmış olduğu mübarizə sadəcə ölkəmiz üçün deyil, dünya üçün də çox gözəl bir nümunə idi. Bu nümunəni göstərə biləcək hökumət bundan sonraki gedişatda da həm əhalinin sağlamlığının qorunmasında üzərinə düşən məsuliyyəti, eləcə də gələcək mədəni, sosial, iqtisadi həyatımızın normala dönməsində lazım olan addımları atacaq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR