85 yaşlı qadını tövlədə əli-qolu bağlı saxlayan kimdir? (VİDEO)

Bir neçə gün əvvəl sosial şəbəkələrdə ahıl qadına qarşı şiddət göstərilməsiylə bağlı video paylaşılıb. 
Məlumatı paylaşan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, 85 yaşlı qadını pensiyasına görə ona baxmaq adıyla bir nəfər aldadıb, əvəzində isə onu dəfələrlə döyüb. 
K. Ağazadə bundan sonra həmin qadının vəziyyətinin araşdırılmasıyla bağlı aidiyyatı qurumlara müraciət etdiyini vurğulayıb: “Onun harada yaşadığı və kim tərəfindən işgəncəyə məruz qalması ilə bağlı bildiklərimi paylaşdım. Mənə dedilər ki, biz dərhal nümayəndələrimizi göndərib araşdıracağıq”. 
Birlik rəhbəri iddia edib ki, Səkinə xanımın pensiya kartını mənimsəyən və işgəncə verən şəxs bu dəfə onu qardaşına məxsus tövlədə ac-susuz və əli-qolu bağlı vəziyyətdə, boğazına kəndir keçirilmiş halda saxlayır: “Mənə verilən məlumata görə, Səkinə xala Gədəbəy rayonu İvanovka kəndində Qəzənfər adlı şəxs tərəfindən şiddətə və işgəncəyə məruz qalır”.
Məsələylə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan videogörüntü ilə bağlı araşdırma aparılır: “Araşdırmanın nəticəsi barədə tezliklə açıqlama veriləcək”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR