Azərbaycanlıları Rusiyadan çıxarırlar

Pandemiya ilə əlaqədar quru sərhədlər bağlı olsa da, Rusiyaya keçmiş sovet respublikalarından miqrant axını davam edir. Onların bir qismi Rusiya Federasiyası ərazisində qeyri-qanuni şəkildə fəaliyyət göstərməyə üstünlük verir. Buna səbəb isə şimal qonşumuzda dövlət idarələrində qeydiyyata düşüb çalışmaq üçün tələb olunan prosedurlara xeyli maliyyə vəsaitinin tələb olunmasıdır.

Rusiya Daxili İşlər Nazirliyinin may ayında verdiyi qərara əsasən, ölkədə qanunsuz yaşayan miqrantlar 15 iyuna qədər öz vətənlərinə yollanmalı və yaxud sənədlərini qaydaya salmalıdır. Əks təqdirdə onlar deportasiya ediləcəklər.

Təbii ki, bu qərar Rusiyada yaşayan xeyli sayda azərbaycanlıya da şamil olunacaq. Artıq ölkənin ikinci böyük şəhəri olan Sankt-Peterburqda 44 Azərbaycan vətəndaşı Rusiyanın miqrasiya qanunlarını pozduğu üçün miqrantlar üçün yaradılan müvəqqəti mərkəzə yerləşdirilib. Onların yaxın müddətdə etaplı şəkildə Azərbaycan Respublikasına göndərilməsi gözlənilir.

Təəssüflər olsun ki, Rusiyada belə mərkəzlərdə şəraitin yaxşı olmaması ilə yanaşı, pandemiya ilə bağlı miqrantlardan öz hesablarına koronavirus testindən keçmək tələb olunur. Həmin mərkəzlərdə saxlanılan insanlar işləməkdən məhrum olduqları üçün testlərin pulunu belə ödəyə bilmir. Üstəlik, onların qanunsuz əməlləri ilə bağlı davam edən məhkəmə işi üçün vəkillərin ayrılması, yaxınları ilə görüşlərin təşkili işindədə xeyli çətinliklər ortaya çıxır. Miqrantların həmin mərkəzlərdə nə qədər saxlanılacağı barədə də dəqiq məlumat verilmir.

Sankt-Peterburqda Azərbaycan vətəndaşları ilə bağlı sadalanan çətinliklərin aradan qaldırılması üçün uzun illərdir fəaliyyət göstərən “Leninqrad vilayatənin və Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyət mərkəzi”nin rəhbəri Vaqif Məmişov lazımi işləri görüb. Onun təşəbbüsü ilə 44 nəfər həmyerlimizin COVID-19 testlərinin ödənişi həyata keçirilib və onların tez bir zamanda Azərbaycana qayıtması üçün hüquqi işləmlərin tezləşdirilməsi prosesinə vəkillər cəlb edilib.

Ümumiyyətlə, hazırda Rusiya Federasiyasında təqribən 70 minə yaxın Azərbaycan vətəndaşının qeyri-qanuni şəkildə yaşadığı ehtimal edilir. Onların əksəriyyəti Moskva və Sankt-Peterburq şəhərlərində toplaşıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR