Boğazına ip keçirilib tövlədə saxlanılan yaşlı qadınla bağlı dəhşətli faktlar (VİDEO)

Sosial şəbəkələrdə ahıl qadının tövlədə bağlanaraq saxlanılmasına dair yayılan video-görüntülərlə bağlı Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb.
Həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyən edilib.
Polis əməkdaşları onun yerini həmin kənd ərazisində gəzərkən aşkar ediblər. Hazırda həmin görüntülər əsasında qadını bağlayan şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.
Qonşuların sözlərinə görə, ahıl qadın ər-arvad olan dayısı oğlu və xalası qızıyla yaşayıb. 1988-ci ildən İvanovka kəndində yaşayan Səkinə Həsənovaya son iki ildə kənd camaatı baxıb. Son iki ayda isə kənddə gözə dəyməməsini görən kənd sakinləri icra nümayəndəliyinə məlumat veriblər:
Ahıl qadının şiddət görməsi ilə bağlı paylaşılan görüntülər dərhal Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırılıb. Agentliyin 26 saylı filialının əməkdaşları Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə dərhal həmin ünvanda vəziyyətlə yerindəcə tanış olublar. Qohumu Qəzənfər adlı şəxsin yanında qaldığı bildirilən və kobud rəftara məruz qalan vətəndaş Səkinə Həsənova hüquq-mühafizə orqanı əməkdaşlarının iştirakı ilə saxlanıldığı yerdən götürülüb. O, Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR