Dünyanın baş bəlası: Azərbaycanda hər il artır…

Ötən ilin sonuna olan statistikaya əsasən, respublika üzrə 33788 nəfər narkomanlıq diaqnozu ilə qeydiyyatdadır.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib.

Qeyd olunur ki, həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.

2020-ci ildə müvafiq diaqnozla 2723 nəfərin qeydiyyata götürüldüyü, 1856 nəfərin isə qeydiyyatdan çıxarıldığı vurğulanır.

Dövlət qurumundan verilən açıqlamada həmçinin bildirilir ki, 2021-ci ilin 3 ayı ərzində narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1043 nəfərdən 529-da istifadəçi olması müəyyən edilib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin olunub.

Bundan əlavə, 2021-ci ilin 3 ayı ərzində 1234 nəfər Respublika Narkoloji Mərkəzində stasionar müalicədə olub. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 773 xəstə müalicə alır.

Statistik rəqəmlərə nəzər salsaq görərik ki, hər il narkotik maddələrdən istifadə edənlərin sayı artır. Belə ki, 2018-ci ildə bu təhlükəli vərdişin aludəçiləri 31432, 2019-cu ildə 32921 nəfər olduğu halda 2020-ci ildə isə bu rəqəm artaraq 33788 nəfər olub. Ötən ilki statistikadan 10 il əvvəl, yəni 2010-cu ildə isə ölkədə narkotik aludəçilərinin sayı 25489 nəfər təşkil edib. Statistikaya əsasən, son 10 ilə nəzər salsaq, istifadəçilərin sayı 8299 nəfər artıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR