Məhkəmə Navalnı ilə əlaqəli strukturları qanunsuz elan etdi – Rusiyada sərt qadağa

Rusiya məhkəməsi müxalifət lideri Aleksey Navalnı ilə əlaqəsi olan qurumları ekstremist elan edərək fəaliyyətlərini yasaqlayıb.

Reyting.az-ın xəbərinə görə, Moskva Şəhər Məhkəməsinin media mərkəzindən bildiriblər ki, prokurorluğun iddiası əsasında Aleksey Navalnının qurucusu olduğu Korrupsiyaya qarşı Mübarizə Fondu, Vətəndaşların Hüquqlarını Müdafiə Fondu və Navalnının qərargahları adlı qurumlar qanunsuz elan edilib.

Bu qurumların hər cür xəbər yayması, maliyyə əməliyyatları həyata keçirməsi, seçkilərdə iştirakı, tədbir və aksiyalar təşkil etməsi kimi fəaliyyətlər qanunla qadağandır.

Moskva Şəhər Məhkəməsi Korrupsiyaya qarşı Mübarizə Fondu və Navalnının qərargahlarının fəaliyyətinin qadağan edilməsinə dair həmən qərar verib.

Korrupsiyaya qarşı Mübarizə Fondunun vəkili Valeriya Vetoşkin bəyan edib ki, 10 gün ərzində məhkəmənin bu qərarından apellyasiya şikayəti verəcəklər.

Qeyd edək ki, Navalnının 2011-ci ildə yaratdığı Korrupsiyaya qarşı Mübarizə Fondu 2019-cu ildə (Rusiya qanunlarına görə) “xarici agent” statusu alıb.

Navalnı 2020-ci ildə fondun fəaliyyətini qapatdığını bəyan edərək yeni bir hüquqi əsasla qurumu təkrar açıb. Ancaq Rusiya səlahiyyətliləri qüvvədə olan qanunu əsas gətirərək bu quruma yenidən “xarici agent” statusu veriblər.

Moskva Şəhər Prokurorluğu aprel ayında Navalnı ilə əlaqəsi olan üç təşkilata qarşı “Rusiyaya qarşı təxribatçı hərəkətlər həyata keçirən müxtəlif xarici mərkəzlərin əmrləri ilə fəal koordinasiyada hərəkət etmək, konstitusiya quruluşunu zor gücünə dəyişdirmək üçün rəngli inqilab ssenarilərini həyata keçirmək” – ittihamı ilə məhkəməyə müraciət edib və bu qurumların bağlanması üçün prosesi başladıb.

Onu da xatırladaq ki, Rusiyada zəhərləndikdən sonra Berlində müalicə olunan A. Navalnı bu ilin yanvar ayının 17-də həbs edilib. Rusiyada həbs edilən Navalnıya 3,5 il cəza verilib.

Hazirda Rusiyanın müxalifət lideri Moskva yaxınlığındakı Vladimir şəhərindəki cəzaçəkmə müəssisəsində saxlanılır.

Məlumat üçün qeyd edək ki, payızda Rusiyada Dumaya seçkilər keçiriləcək. Etimal olunur ki, Navalnı və onun strukturlarına qarşı həyata keçirilən qadağa tədbirləri onların seçkilərdə iştirakının qarşısını almağa hesablanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR