Azərbaycan İsraildən də yüksək yaşayış səviyyəsinə nail ola bilər – Nə mane olur?

“İnhisarçılıq olmasa, adambaşına düşən ümumi daxili məhsulun həcminə görə, Azərbaycan İsrail, Avstriya, Niderland kimi yüksək səviyyəyə nail ola bilər”.Bunu Qaynarinfo-ya açıqlamasında bank-maliyyə eksperti Əkrəm Həsənov monopoliya tam aradan qaldırılarsa, Azərbaycan iqtisadiyyatının nələr qazanacağı barədə sualı cavablandırarkən deyib.Ekspertin fikrincə, buna nail olmaq üçün ölkədə gerçəkdən sərbəst bazar iqtisadiyyatı hakim olmalıdır:“Əhalinin sayı və ərazi baxımından Azərbaycanla təxminən eyni səviyyədə olan Avstriya, İsrail kimi ölkələr iqtisadi cəhətdən böyük uğurlara imza atıblar. Onların bu yüksək nəticə əldə etmələrinə səbəb həmin ölkələrdə sərbəst bazar iqtisadiyyatının gerçəkdə mövcud olmasıdır. İnhisarçılıq aradan qaldırılsa, Azərbaycan vətəndaşları da İsrail, Avstriya və Niderland əhalisi kimi yüksək səviyyədə yaşaya bilər. Yəni ümumi daxili məhsulun bir nəfərə düşən payı baxımından həmin sadaladığım ölkələr səviyyəsinə çata bilərik. Amma dediyim kimi, tam sərbəst bazar iqtisadiyyatı formalaşdığı və inhisarçılığa güclü zərbə vurulduğu təqdirdə bunlar mümkündür”.

Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycan xalqı yüksək iqtisadi göstəricilərə çatmış Niderland xalqı kimi işgüzar, sahibkarlıq bacarığı olan xalqdır. Sadəcə, iki ölkə arasında sərbəstlik baxımından verilən imkanlar fərqlidir:“Bu baxımdan imkan versələr, sərbəst olsaq, qeyri-sağlam rəqabət mühiti aradan qaldırılsa, xalqımız yaxşı işləyib, yaxşı da qazana bilər. Belə olsa, İsrail və Avstriyadan da yaxşı yaşaya bilərik. Amma təəssüf ki, inhisarçılıq bunun baş verməsinə imkan vermir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR