39 yaşlı diktatorun edamı – Doenin qulağını kəsib özünə yedizdiriblər – Tarixi faktlar

Dünya tarixində siyasi liderlərin edam olunması faktı az deyil. Bu sırada kimlərsə güllələnib, kimlərsə dar ağacından asılıb və s. Amma 1986-1990-cı illərdə Liberiya prezidenti olan Samuel Doenin edamı digər edamlardan tam fərqlənib və edam prosesi videoya çəkilərək bütün dünyaya nümayiş etdirilib. Bu dəhşətli “film”in əvvəlində isə yaşı 18-dən aşağı və ürəyi zəif olanlara dəhşətli görüntüləri seyr etmək məsləhət görülməyib.

Xran tayfasından olan Samuel Doe 1951-ci ildə Liberiyanın Turzon əyalətində anadan olub. 17 yaşında Liberiyanın silahlı qüvvələrində xidmətə başlayıb və qısa müddətdə baş serjant rütbəsi alıb. Həmin dövrdə bu rütbə yüksək rütbə sayılıb. 1979-cu ildə Doe komandirlərin xüsusi hazırlıq kursunu keçib.

Orduda xidmət edərkən Samuel Doe mövcud hakimiyyətə qarşı müxalif qüvvələrlə sıx əlaqələrdə olub və o, ordudakı tərəfdaşları ilə Liberiyada hərbi çevriliş planı hazırlayıb.

Doenin çevriliş planı “uğurlu” alınıb. 12 aprel 1980-ci ildə səhər saatlarında Doe bir qrup hərbçi ilə paytaxt Monroviyada prezident iqamətgahına silahlı basqın edib. Bir neçə saat davam edən əməliyyatda Liberiya prezidenti Vilyam Tolbert və 30-dan artıq yüksək ranqlı dövlət məmuru məhv edilib. Elə həmin gün özünü general elan edən Doe hakimiyyəti ələ alaraq yeni yaradılan Xalq İslah Şurasına rəhbərlik etməyə başlayıb. 1981-ci ildə isə o, Liberiya Silahlı Qüvvələrinin ali baş komandanı vəzifəsinə sahib olub.

Samuel Doe hakimiyyətə tam sahib olmaq üçün 1984-cü ildə Liberiya Milli Demokratik Partiyasını yaradıb və onun başçısı seçilib. Məhz bu partiyanın təşəbbüsü ilə 1985-ci ildə prezident seçkilərinin keçirilməsi il bağlı Liberiyada referendum olub. Samuel Doe seçkilərdə qalib gələcəyinə tam inanıb. Belə ki, o, ölkənin əsas qurumlarında rəhbər vəzifələrə mənsub olduğu xran tayfasından özünə ən yaxın olan adamları təyin edib.

Beləliklə, 15 oktyabr 1985-ci ildə keçirilən prezident seçkilərində Samuel Doe Liberiya prezidenti seçilib və 1986-cı ilin yanvar ayından yeni vəzifəsinin icrasına başlayıb.

Samuel Doe prezident kimi fəaliyyətə başladığı ilk gündən ölkənin xarici siyasətini bütövlükdə Amerika Birləşmiş Ştatlarının siyasi kursuna tabe edib. 1985-ci ilin iyul ayından isə SSRİ ilə bütün diplomatik əlaqələri kəsib.

Doenin hakimiyyəti istədiyi kimi idarə etməsi Liberiyada ciddi iqtisadi və sosial problemlər yaradıb. Ölkə əhalisinin yarıdan çoxu səfil vəziyyətinə düşüb, iqtisadiyyat tənəzzülə uğrayıb. Hər addımda insan hüquqlarının pozulması Liberiyada adi hadisəyə çevrilib.

Əhalinin dözülməz vəziyyətə düşməsi nəticəsində dəfələrlə kütləvi aksiyalara cəhd edilsə də, bu aksiyalar silahlılar vasitəsi ilə dayandırılıb. Samuel Doeyə dəfələrlə sui-qəsd cəhdləri olunub. Həmçinin dəfələrlə üsyan və qiyama da cəhd edilib. Doe isə yaratdığı hərbi diktatura rejimində bütün bu cəhdlərin qarşısını hədə-qorxu, həbs, edamlarla alıb.

Doe rejimi o qədər amansız olub ki, prezident özü televiziyaya çıxaraq “komendant saatından, saat 18-dən sonra küçələrdə görünən şəxslər, dövlət çevrilişinə cəhd edənlər kimi saxlanılaraq, ən ağır cəzaya məhkum ediləcəklər” kimi bəyanatlar səsləndirib.

Rejimin günü-gündən daha sərt tədbirlərə əl atması Liberiyada narazıların sayını hər gün artırıb. 1989-cu ildə Doe rejiminə son qoymaq üçün ölkənin şimali qərbində Çarlz Teylorun başçılığı ilə Liberiya Milli Vətənpərvərlər Cəbhəsi yaradılıb. Cəbhə qısa bir müddət ərzində öz sıralarını genişləndirərək Doe üçün böyük təhlükəyə çevrilib. Cəbhənin üzvlərinə Liberiyanın tanınmış hərbçilərindən biri olan Prints Conson xüsusi döyüş hazırlığı təlimləri keçib. ABŞ-da hərbi təhsil alan Prints Conson Liberiya paytaxtında keçiriləcək hərbi əməliyyatın planını hazırlayıb.

1990-cı ilin sentyabr ayında Conson Milli Vətənpərvərlər Cəbhəsinin silahlı dəstələri ilə paytaxt Monroviyanı mühasirəyə alıb. O, danışıqlar aparmaq üçün Samuel Doeni BMT-nin Liberiyadakı missiyasına dəvət edib və elə orada da Doe Conson tərəfindən oğurlanıb.

Samuel Doenin edamını da Conson həyata keçirib. Edam böyük bir şounu xatırladıb, minlərlə liberiyalı bu dəhşətli şounu “həvəslə” izləyiblər. Conson rahat kürsüdə əyləşərək sərin pivə içə-içə əmrlər verib. Əvvəlcə Doenin qulağını kəsin özünə yedizdiriblər. Sonra qollarını bir-neçə yerdən qırıblar. Daha sonra Doenin cinsi orqanına kəndir bağlayıb minlərlə insanın gözü qarşısında sürüyüblər. Beləliklə, milyonların sahibi olan 39 yaşlı prezident Samuel Doe işgəncələrlə öldürülüb.

Liberiya Samuel Doedən xilas olsa da, bu ölkəni növbəti diktatura rejimi gözləyib, yeni seçiləcək prezident Çarlz Teylorun diktatura rejimi. Bu haqda növbəti günlərdə yazı təqdim edəcəyik.

İlham Cəmiloğlu, Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR