Naxçıvanın keçmiş daxili işlər naziri 11 il azadlıqdan məhrum edilib

Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hökmü ilə bu regionun keçmiş daxili işlər naziri Əhməd Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, Əhmədov general rütbəsindən və  “Azərbaycan bayrağı” ordenindən məhrum edilib.

Əhmədov bu ilin əvvəlində ziyan vurmaqla xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilib.

Əhmədov 17 il (2000-2017-ci illərdə) Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışıb. Onun adı yerli hüquq müdafiəçilərinin və jurnalistlərin təqib olunması ilə bağlı qalmaqallarda keçib.

Bəzi məlumatlara görə, Əhmədov qardaşı Əvəz Əhmədova pul borcu olan şəxsləri qanunsuz olaraq azadlıqdan məhrum edib. Sonuncu da həbs olunub, təhdid və qanunsuz azadlıqdan məhrumetmə yolu ilə pul tələb etməkdə ittiham olunur.

Qeyd edək ki, 2016-cı ildə Naxçıvan Təhlükəsizlik Nazirliyinin rəhbəri Vəli Əsgərov vəzifədən çıxarılaraq həbs olunub. O, “külli miqdarda mənimsəmə və ya israf”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “vəzifə səlahiyyətlərini aşma” maddələrilə 14 il azadlıqdan məhrum edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR