QƏDİM AZƏRBAYCAN DÖVLƏTLƏRİ VƏ XƏZƏR XAQANLIĞI

Azərbaycanlılar dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanla, Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.


Azərbaycanın ən qədim tayfa ittifaqları haqqında ilk məlumatlar e.ə. XXIII yüzilliyə aid şumer-akkad yazılı mənbələrində rast gəlinir. Burada Quti, Lullubi və Hurri tayfa ittifaqları barədə məlumat verilir. Akkad hakimi Naramsın (e.ə. 2236-2200-cü illər) dövründə Qutilər Mesopatomiyaya daxil olur və akkad qoşunlarını məğlub edirlər. Bir əsrdən sonra Azərbaycan ərazisində yaranmış yeni tayfa ittifaqı lullubilər qutiləri özlərinə tabe edir.
E.ə. II minillikdə hətta Assuriya dövlətinin lullubilər tərəfindən idarə olunması barədə məlumatlar vardır. Hələ e.ə. III minilliyin sonu onların yazısı mövcud olmuşdu. Bu tayfa Kiçik və Orta Asiya ərazilərini də özünə tabe etmişdi.
Urmiya ətrafından başlayaraq, zaman-zaman Dəclə və Fərat vadiləri də daxil olmaqla, İran körfəzinə qədərki ərazilərdə ağalıq edən qədim Azərbaycan dövlət qurumları Lullubi və Qutilər təkcə Azərbaycanın deyil, ümumiyyətlə qədim Şərq dövlətçiliyinin tarixində də dərin iz qoymuşlar.
Ənənəvi Azərbaycan dövlətçiliyinin davamı olan və eramızdan əvvəl I minilliyin əvvəllərində (e.ə. IX əsr- e.ə. VI əsrlərdə mövcud olmuş) meydana gələn Manna dövləti Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ oldu. Azərbaycanın ən qədim dövlətçilik məkanı olan Urmiya hövzəsində yaranmış bu dövlət təkcə qədimliyinə görə deyil, təkümül dərəcəsinə görə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur.
Urmiya hövzəsindəki bütün digər xirda yerli dövlətləri də öz hakimiyyəti altında birləşdirən Manna şimalda- Araz çayına (bəzən də ondan şimala doğru) və şimal-şərqdə – Xəzər dənizinə qədər olan Azərbaycan torpaqlarını əhatə edirdi, yaşı üç min ildən artıq olan Azərbaycan dövlətçiliyinin ilkin nümünəsi olmuşdur. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş quti,lullubi və digər tayfa birliklərinin varisi idi.
E.ə. IX əsrdən yaranan Manna dövlərinin şimalında sonradan eramızdan əvvəl VII əsrində hazırki şimali və cənubi Azərbaycan ərazilərində oğuz türk dövləti olan Skif padşahlığı yaranır.
Müəllifi Zaur Həsənov olan “Car skifləri” əsərində bildirilir ki, Assuriya çarı Asarxaddinin hakimiyyəti dövrünün yazılarında İşpakayın başçılığı ilə skiflərin Mannaya gəlişi qeyd edilir. Tarixçi İ.M.Dyakonov bu hadisələri e.ə. VII əsrin 70-ci illərinə aid edir. Sonra o Bibliyada müasir Azərbaycan ərazisində (Mannadan şimalda) Aş-quz (Aşkenaz) padşahlığının yaranması haqqında qeyd edir. Assuriyalılar onu Aş-quz-ay adlandırırlar, bu ölkənin digər adı Sakasena idi. Buna əsaslanaraq Anna Komnin təsdiq edir ki, uci (uzlar) və unnlar (qunlar) Qafqazda yaşamışlar. Mannadan şimaldakı Azərbaycan torpaqlarında yaranmış Skiflər sonradan Manna ərazilərinə və Anadolunun şərqinə yayılmışlar.
Müəllif bu məsələni yekinlaşdıraraq səlcuqlardan əvvəl uzun əsrlər boyu Mərkəzi Asiyanın hüdudlarından kənarda məskunlaşmış “quz” etnosunun türk etnosu ilə eyni olduğu qənaətinə gəlir. “Uquz” ehtimalına baxıldıqda isə yazıçı Anar etnoqrafik yazılara əsaslanaraq “uquz” sözünün “oquz” etnosu ilə eyniləşdirir. Beləliklə, e.ə. VII əsrdə növbəti Azərbaycan dövlət- Skif padşahlığı müasir və Cənubi Azərbaycanın ərazilərində yaranır.
Sonralar bu ərazilərdə (e.ə. VI əsrdən- eramızın IV əsrinədək) Midiya, eramızdan əvvəl IV əsrindən Atropatena (e.ə. 321-ci ildə) və Qafqaz Albaniyası (e.ə. IV əsrdə) yaranır. Elə burada qeyd etmək lazımdır ki, Qafqaz Albaniyası eramızın VIII əsrinə qədər (705-ci ilədək) mövcud olmuşdur. VIII əsrdə Ərəb xilafəti tərəfindən işğal edilmişdir.
II-IV əsrlərdə Qafqazda Hunlar önəmli rol oynayır. Hələ eramızdan əvvəl IV əsrdə hunlarla bağlı ilk tarixi mənbələrə rast gəlinir. Skiflərin türkdilli olmaları sübuta yetirilsə də, hunların Azərbaycan torpaqlarında ilk türkdilli tayfa olduqları barədə də məlumatlar irəli sürülür.
Xəzər xaqanlığı ilə bağlı məlumatlar dolğun olmadığından qərara gəldik ki, «Vikipediya” və digər yazılı mənbələr əsasında eramızın VII-XI əsrlərində hökm sürmüş tarixi türk dövləti olan Xəzər xaqanlığı barədə daha geniş məlumat verək. Məlumdur ki, Xəzərlərin tarixi səhnəyə çıxması eramızın I əsrindən başlayır. Bəzi müəlliflər belə ehtimal edirlər ki, Xəzərlər Böyük Hun İmperiyasının qəbilələri arasında da olmuşdur.
Salnaməçi Əl-Məsudin yazır ki, xəzərlər sabarların davamçısıdırlar və oğuzlarla bağlıdırlar.
Atillanın 434-cü ildə Hun imperatoru olması ilə xəzərlər bir müddət Qərbi Hun imperiyasına tabe olurlar. Atillanın ölümündən sonra xəzərlilər Hun imperiyasından ayrılırlar. Hun imperatorluğunun daxilində Xəzərlilər Göytürk xaqanlığının tənəzzülü ilə tam müstəqillik əldə etdilər. Fransız tədqiqatçısı və tarixçi Renye Qroset, göytürklərin Juan xaqanlığının hakimiyyətini ələ keçirməsi nəticəsində xəzərlərin qərbə köçən türk xalqlarından biri olduğunu yazır.
V əsrdə bir müddət xəzərlər Avar xaqanlığına tabe olurlar. 586-cı ildən sonrakı Bizans mənbələrində xəzərlərə “Türklər” deyə müraciət edilir. Qeyd edilir ki, “xəzər” sözü “kaz” kökündən yaranmışdır, “ka-zar”, yəni sərbəst olan, bir yerlə bağlı olmayan mənasına gəlir.
Ehtimal olunur ki, Qafqaz Albaniyasının VIII əsrin əvvəllərində süqutunda ərəb xilafəti və Xəzər xaqanlığının təkzibedilməz rolları olmuşdur.
Xaqanlıqdan əvvəl Xəzərlər I əsrin əvvəllləri – IV əsrin ortalarına qədər Bizansa qarşı Sasanilərlə birlikdə döyüşmüşlər.
IV əsrin ikinci yarısından başlayaraq Sasanilərin Ərməniyyəni ələ keçirərək xəzərlərə xəyanət etməsindən sonra, onlar Bizansla birləşərək Sasanilərə qarşı mübarizə aparmışlar. Buna cavab olaraq Sasanilər Qafqazdakı qəbilələr ilə xəzərlərə qarşı birləşirlər. Xəzərlər Sasani torpaqlarına hücum etməyə başlayırlar. Çorpan Tərxanın rəhbərliyi altında 626-627-ci illərdə xəzərlər Bizans ilə birləşərək Araz çayına qədər bütün Azərbaycanı və Ərməniyyə adlanan əraziləri və artıq 629-cu ildə isə Tiflis şəhərini ələ keçirdilər.
582-ci ildə Göytürk xaqanlığı iki qrupa bölündükdən sonra və Qərbi Göytürk xaqanlığının süqutundan sonra Xəzərlər müstəqil xaqanlığa çevrildilər. 630-cu ildə Xəzər xaqanlığı tam müstəqil olur.
Xəzər-Bizans müttəfiqliyi nəticəsində zəifləyən Sasani imperiyası 632-634-cü illərdə Ərəb xilafətinin qüvvələri tərəfindən dağıldı və İran ərazisi ərəblərin əlinə keçdi. Beləliklə, hakimiyyətini genişləndirməyə çalışan Ərəb xilafəti Ərməniyyə vasitəsilə Qafqaza və Suriya yolu ilə Anadolu ərazisinə soxulmağa başladı. Xilafət ordusu Xəzəryanı torpaqları və Dərbəndi tutaraq Xəzər xaqanlığının paytaxtı Bələncərə çatsa da, məğlubiyyətə uğrayaraq geri çəkildi. Əks-hücuma keçən Xəzər qüvvələri isə Ərməniyyəni ələ keçirdilər. Bu dövrdə Qara dənizin şimalında yerləşən Böyük Bulqar xaqanlığı isə, Xəzər xaqanlığı ilə rəqabət apara bilməyərək parçalandı. Macarlar xəzərlərin hakimiyyətindən çıxdıqdan sonra Xəzər xaqanlığının himayəsi altında Macar dövlətinin (Arpad sülaləsi) əsasını qoydular. IX əsrin sonlarında, bulqarlar və peçeneqlərin macarları darmadağın etməsi nəticəsində, macarlar qərbə, indiki Macarıstan ərazisinə köç etdilər.
Bu dövlətin parçalanmasından sonra onların bir hissəsi 681-ci ildə Dunay çayı ətrafında öz türk dövlətlərini yaratdılar. Sonrakı dövrdə slavyanlar bura köç etməyə başladılar, bulqarlar yavaş-yavaş slavyanlaşdı. 1018-ci ildə Dunay Bulqar Türk dövləti süqut etdi. Böyük Bulqar xaqanlığının İdil bulqarları və Tuna bulqarlarına ayrılmasından istifadə edən Xəzər xaqanı Dneprə qədər əraziləri ələ keçirdi. Ölkənin cənub sərhədindəki Xilafətin Şimali Qafqaza gedən bütün yolları Xəzər xaqanlığının qüvvələri tərəfindən bağlandı. Xilafət ordusu Xəzər qüvvələrinin müqavimətini qıra bilmirdi. 652-656 illərdə Xəlifə Osmanın öldürülməsi nəticəsində Xilafətin daxilindəki qarışıqlıqdan istifadə edən xəzərlər Arrana qədər əraziləri ələ keçiririlər.
717-ci ildə Konstantinapola hücuma hazırlaşan Xilafət, Qafqazdakı hərbi əməliyyatları dayandırdı. Xəzərlər 717-718-ci illərdə Şirvana daxil oldular, bir müddətdən sonra isə Azərbaycanın böyük bir hissəsini tuturlar. Xilafət ordusu yenidən güc toplayıb hücum etsə də Şimali Qafqaza qədər irəliləyə bildi. 731-ci ildə Xəzər xaqanlığı Qafqazda irəliləyən Xilafətə qarşı, böyük sayda hərbi qüvvəylə hücuma keçərək Mosula qədər irəlilədi. Həmçinin Ərməniyyə də ələ keçirildi və vali Cərrah öldürüldü. Yalnız ərəb sərkərdəsi Səid əl-Xarəşinin əks-hücumu nəticəsində xəzərlər geri çəkildilər.
Ərəblər, Səməndər və Xəzər xaqanlığının digər böyük şəhərlərini ələ keçirdilər. Xəzərlilərin itki və əsirləri çox olduğu üçün Xəzər xaqanı sülh təklifi etdi. Ərəblər tərəfindən təyin edilmiş Azərbaycanın hakimi Mərvanın dövründə Xəzər xaqanlığı və Xilafət arasındakı münasibətlər sülh şəklində olmuşdu. 763-cü ildən sonra tərəflər arasında böyük hərbi əməliyyatlar, xırda toqquşmalar ilə əvəz edildi. VII əsrin sonlarında Xəzər xaqanlığı Krımı da ələ keçirir. Elə bu dövrdə Xəzər xaqanlığı Krım qotlarını özünə tabe etdilər. 787-ci ildə isə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını da ələ keçirən xəzərlər, qotların Krımdakı hakimiyyətlərinə tamamilə son qoydular. Qara dənizin şimal hssəsinin və Krımın Xəzər xaqanlığı tərəfindən tutulması, Xəzər xaqanlığı və Bizans arasındakı əlaqələrin daha da sıxlaşmasına gətirib çıxarmışdır.
Ərəb xilafətinə və Sasanilərə qarşı müharibələrdə Xəzər xaqanlığı və Bizans imperiyası arasında müttəfiqlik olmuşdur. 834-835-ci illərdə Xəzər xaqanlığının macarları və peçeneqləri nəzarət altında saxlamaq üçün inşa etdiriyi Sarkel qalasının tikilməsinə Bizans hökmdarı Feofil də dəstək göstərmişdir. Kəbərlər, macarlar və bulqarlar 854-cü ildə xəzərlərin hakimiyyətindən çıxdılar.
Xəzər-Bizans münasibətlərini İmperator I Romanosun Bizan-sın yəhudilərə qarşı olan münasibətilə pozulmuşdur. Beləliklə, Bizansdan qovulmuş bir çox yəhudi Xəzər xaqanlığına sığındı və 932-ci ildə Bizans və xəzərlər arasındakı münasibətlər yenidən pozuldu. Xəzər xaqanı Bizansa cavab olaraq xaqanlıq ərazisindəki xristianları təqib etməyə başladı. Bu xəbər Bizans imperatoru I Romanosa çatdıqda imperator Xəzər xaqanlığına qarşı Kiyev knyazlığı ilə müttəfiqlik əlaqələri qurur. Əlavə olaraq Bizans peçeneqlər, uzlar və alanlar ilə birləşərək Xəzər xaqanlığına hücum etsə də məğlub olmuşdur.
Xəzər xaqanlığı ilə rus-slavyan tayfaları arasındakı əlaqələr barədə 859-cu ildən məlumat verilir. İlk məlumatlarda xəzərlərin polyan, severyan, radimiç və vyatiç kimi rus-slavyan tayfalarını özlərinə tabe etdikləri və bac aldıqları haqqındadır. 884-cü ildə bu vəziyyətin qarşısını almaq üçün hərəkətə başlayan Kiyev knyazı Oleq Veşiy, həmin ildə severyanların üzərinə hücuma keçərək xəzərlərə bac vermələrini dayandırmaqlarını tələb edir. 884-cü ildə rus-slavyan tayfaları xəzərlərə qarşı birləşdilər.
IX əsrin ikinci yarısından başlayaraq, ruslar Xəzər ərazilərində əsasən ticarətlə məşğul olmağa başlayırlar. Əldə etdikləri rahatlıq slavyanların Kiyev şəhərini də xəzərlərdən almasına gətirib çıxardı. Dnepr çayından Qara dənizə qədər olan böyük ticarət yolları da slavyanlar tərəfindən ələ keçirildi. Xəzərlərin itirdikləri torpaqlardakı slavyan tayfaları da asılıqdan çıxdılar və Xəzər xaqanlığına vergi verməkdən imtina etdilər. 925-ci ildə rusların Xəzər xaqanından icazəsiz olaraq, xaqanlığın ərazisindən keçməyə başladılar. Bu xəbər Xəzər xaqanına çatdıqda Tmutarakan şəhəri yaxınlığında rusların qarşısını kəsmiş və onları məğlubiyyətə uğratmışdır. 939-cu ildə Kiyev knyazı İqor yenidən Xəzər xaqanlığı ərazisinə, Tmutarakan şəhərinə hücuma keçdi. İqorun hücumunun qarşısı alınsa da, yaranmış qarışıqlıqdan istifadə edən Bizans qüvvələrinin qarşısı alına bilmədi. Belə ki, Bizans qüvvələri Krım yarımadasının bir hissəsini ələ keçirdilər. 939-cu ildə Krıma yürüş təşkil edən Xəzər xaqanı II Aaron Bizans qüvvələrini Krımdan çıxardı. 941-ci ildə əks hücuma keçən Bizans donanmasının da qarşısı alındı. 944-cü ildə ruslar, xəzərlərin ərazisindən keçərək o dövrdə Qafqazın mərkəzi sayılan Azərbaycanın Bərdə şəhərinə hücuma keçdilər, kütləvi qırğınlar və qarətlər törətdilər.
I Svyatoslav 965-ci ildə Xəzər xaqanlığı üzərinə yürüş təşkil etdi. Yürüş xəzərlərin məğlubiyyətilə nəticələndi və Sarkel şəhəri ruslar tərəfindən ələ keçirildi.
IX əsrin ortalarına qədər inkişaf edən Xəzər xaqanlığı əsrin sonlarına doğru zəifləməyə başladı. Xəzərlərin ərazisində və sərhəd bölgələrində yaşayan türklər də xəzərlərə qarşı aktivləşdi.
Həmçinin qərbdəki peçeneqlərin hücumları Xəzər xaqanlığının süqutunun sürətlənməsinə böyük təsir göstərdi. Peçeneqlər 860-880-ci illərdə uzlara qalib gələrək Xəzər xaqanlığı torpaqlarına, Don və Kuban çaylarının sahillərinə köç etdilər.
9-cu əsrin əvvəllərində peçeneqlər yenidən xəzərlərə hücum etsələr də, bu hücumların qarşısını alınmasında Oğuzların Xəzər xaqanlığına böyük dəstəyi oldu. 970-ci ildən etibarən xəzərlərin nəzarətində yaşayan xalqların müstəqilləşməsi və peçeneq, uz, kuman-qıpçaq kimi türk tayfalarının hücumları nəticəsində Xəzər xaqanlığının onsuzda zəifləyən hakimiyyəti daha da ağır zərbə aldı. Xəzərlərdən bəziləri 965-ci ildən sonra Krımda, digərləri isə Xəzər dənizi və Qafqazda öz varlıqlarını davam etdirdilər. Bunun əsas səbəbi isə artıq torpaqların xəzərlərin idarəsi altından çıxması və burada başqa türk tayfalarının yerləşməsi idi.
Habelə kuman- qıpçaqların Qərbi Sibirdən Volqa sahillərinə köç etmələriylə xəzərlərin Xarəzm və Türküstanla ticarət əlaqələrinin qarşısı kəsildi. Beləliklə hərbi və iqtisadi cəhətdən zəifləyən Xəzər xaqanlığlına son zərbə kuman-qıpçaqlar tərəfindən vuruldu.
Bizans mənbələrinə görə ruslar, bizanslar və digər türk boyları müttəfiqlik quraraq Xəzər xaqanlığının dağılmasına səbəb oldular. 1016-1019-cu illərdə Bizans və Kiyev knyazlığı xəzərlərə qarşı ittifaq qurdular. 1016-dan sonra müstəqilliklərini Aşağı İdil boylarında, Azov və Krımda kiçik xanlıqlar quraraq davam etdirən xəzərlərə son zərbəni 1030-ci ildə peçeneqlər endirmişdir. 1095-ci ilə aid rus mənbələrində xəzərlər artıq Rus knyazlarına tabe olduqları xatırlanır. Xəzər Xaqanlığı XI əsrdə süqut etdi.
Bu hadisə gələcək dövrlərdə rusların Şərqi Avropa və Asiya qitələrində hökm sürən bir çox türk dövlətlərinin ərazilərini zəbt edilməsinin başlanğıc nöqtəsi oldu.

Aydın Kazımov
01.10.2021-ci il

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR