Rəsmi: bahalaşma 1,1 faizdir, orta aylıq maaş isə 441 manat

67339_res_01

2014-cü il sentyabrın 1-nə olan rəsmi rəqəmə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1511,4 min nəfər olub. 892,8 min nəfər iqtisadiyyatın dövlət bölməsində, 618,6 min nəfər isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

“Media forum” Dövlət Statistika Komitəsinin oktyabrın 10-da açıqladığı məlumata əsasən bildirir ki, yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 440,9 manat olub.

Komitə istehlak bazarında qiymətlərin dəyişməsi haqqında da açıqlama yayıb. Qeyd olunur ki, 2014-cü ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri 2,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz artıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak malları və xidmət əvvəlki ayla müqayisədə 1,1 faiz bahalaşıb.

Ay ərzində buğda ununun, qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, narın, üzümün, şabalıdın, balqabağın, şəkər və şəkər tozunun qiymətlərində azalma, düyünün, makaronun, mal və qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, limonun, portağalın, bananın, şaftalının, gavalının, qarpızın, yemişin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, kökün, sarımsağın, baş soğanın, kartofun qiymətlərində isə artım müşahidə olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR