Gömrük xidməti işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərlyi yanvarın 29-da 2015-ci ildəki fəaliyyətin yekunlarına və qarşıdakı ildəki vəzifələrə həsr olunmuş mətbuat konfransı keçirib. İclasda xarici iqtisadi əlaqələrin iştirakçılarının bu qurumla qarşılıqılı münasibətlərdə üzləşdikləri problemlərə toxunulub.
DGK sədri Aydın Əliyev deyib ki, gömrük orqanları fiskal fəaliyyətdən tutmuş hüquq-mühafizə fəaliyyətinə qədər geniş funksiyaları yerinə yetirirlər və onların öhdəsindən lazımi səviyyədə gəlirlər. Sahibkarlarla münasibətlər şəffaf və qanun çərçivəsində qurulur.
Bəzi ekspertlərin təklif etdikləri kimi hökumətin fiskal və iqtisadi blokunda institusional islahatlar ilə bağlı Turan agentliyinin sualının cavabında A.Əliyev deyib ki, DGK bundan sonra da hökumətin ayrıca subyekti kimi öz funksiyasını yerinə yetirəcək. “Dövlət büdcəsindən DGK-ya yalnız əməkhaqlarının ödənilməsi üçün vəsait ayrılır.
Qurumun satınlalmaları onun büdcədənkənar fondunun hesabına həyata keçirilir”. 2016-cı il yanvarın 1-dən “Azərbaycan iqtisadiyyatındakı proseslərlə əlaqədar” DGK yerli bazarın proteksiyasından imtina edib və yeni gömrük siyasətinə – malların sərbəst hərəkətinə keçib. “Gömrük sənədləşdirilməsi üçün gömrük yük bəyannaməsinin, invoys və s. sənədlərin təqdim olunması yetərlidir və proses iki saat yarım ərzində başa çatır”, – DGT rəhbəri qeyd edib. A.Əliyev rəhbərlik etdiyi qurumun sahibkarlıq fəaliyyətinin ayrı-ayrı növlərinə və mal idxalına inhisarı birbaşa dəstəkləməsini inkar edib və mal gətirilməsinə süni əngəllərin yaradılması barədə mətbuatda yayılan xəbərlərlə razılaşmayıb. “Yazırlar ki, gömrük brokerləri və digər vasitəçi strukturlar bu cür işlərlə məşğul olur. Lakin məsələ bundadır ki, bu qurumlar bütün ölkələrdə var və biz onlarla münasibətlərə yenidən baxa bilmərik. Odur ki, sahibkarlar malların bəyan edilməsi üçün birbaşa yerli gömrük orqanlarına müraciət edə bilər”, – DGK sədri vurğulayıb (contact.az)
Bu yaxınlara qədər, ölkə KİV-ində tez-tez vurğulanırdı ki, Azərbaycana mal idxal edən iş adamları gömrükdə süni əngəllərlə üzləşir. Həqiqətən də, gömrükdə rəsmiləşdirmə üçün sadəcə yük deklarasiyasını, “invoice” və digər sənədləri təqdim etmək yetərlidirmi? Doğrudanmı, gömrük rəsmiləşdirməsi iki saat yarıma başa çatır? Sahibkarlar və Tacirlər Birliyinin (STB) sədri Sevgim Rəhmanov bildirib ki, əvvəllər gömrükdə iş adamlarının müxtəlif əngəllərlə üzləşməsi adi hal idi. “Çünki, əvvəl müəyyən şəxslər iş adamlarına mallarını keçirməyə imkan vermirdilər. Amma bu gün bu problemlər artıq aradan qaldırılıb”, – deyə təşkilat sədri vurğulayıb.
Onun sözlərinə görə, bu gün hər kəs ölkəyə mal gətirə bilər. “Sadəcə, sənədləri düzgün doldurmaq lazımdır”, – deyə S.Rəhmanov qeyd edib. Rəhmanov əlavə edib ki, uzun illər boyunca, iri istehsalçılar öz ticarət şəbəkələrini yaradıb. “Yeni başlayan iş adamları isə onlarla rəqabətə girə bilmir. Monopolistlərin satış üzrə bazaları, obyektləri və xüsusi əlaqələri var. Onlara mallarını satmaq asan başa gəlir. Başqalarının isə belə imkanları yoxdur”, – deyə S.Rəhmanov bildirib.
Araz Məmmədov
Qafqaznews.org