Bakının qaranlıq günləri: Sakinlərin canı və malı təhlükədədir

235082Son günlər axşam saatlarında Bakıda küçələrin, yolların, parkların, binaların fasadlarının işıqlarının bütünlüklə söndürülməsi, insanların ən intensiv hərəkət etdiyi küçələrin qaranlığa qərq olması məsələsi mətbuatın gündəmindədir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən atılan bu addımın məqsədi enerjiyə və dolayısı ilə bu quruma ayrılan büdcə vəsaitlərinə qənaət etməkdir. Qeyd edək ki, küçə və yolların işıqlandırılması BŞİH-nin nəzdindəki Bakı Şəhər İşıqlandırma İdarəsinin səlahiyyətindədir.
Məsələnin digər bir tərəfi odur ki, bu qurumun etdiyi qənaət metodu şəhər sakinlərinə baha başa gələ, qaranlıq küçələrdə cinayətlərin, qətl və oğurluq hallarının sayı arta bilər. Digər tərəfdən, təhlükəsizlik kameralarının işinin dayanması, eləcə də yolların qaranlıq olması bəzi güc strukturlarının, Daxili İşlər Nazirliyinin, Dövlət Təhükəsizlik Xidmətinin işinə də mane ola bilər. Zülmətə qərq olan yollarda yol hərəkəti qaydalarının pozulması, qəzaların sayının artması da istisna deyil.
Musavat.com-a açıqlamasında politoloq Arzu Nağıyev belə bir təcrübənin dünyanın heç bir yerində olmadığını qeyd edib: “Küçələrin qaranlıq olması yol hərəkəti qaydalarının pozulmasına, eyni zamanda qəza hallarının sayının artmasına səbəb ola bilər. Bu məsələyə birmənalı yanaşmaq qeyri-mümkündür. Əgər qənaət rejiminə keçirilirsə, bütün küçələrdə işıqlar sönə bilər. Dünyada belə bir praktika yoxdur. Qənaət üçün bir neçə cür işıqlardan istifadə olunur. Müəyyən saatlarda daha zəif işıqlandırma ilə əvəz edilir. Müvəqqəti olaraq lampaların bir qismini söndürmək olar. Lakin bütünlükdə işıqların söndürülməsi praktikası heç yerdə yoxdur. Küçələrin işıqlandırılması ilə məşğul olan idarələrə dövlət büdcəsindən  müəyyən qədər vəsait ödənilir ki, onlar işığı pulsuz versinlər. Bu, təhlükəsizlik məsələsi ilə birbaşa bağlıdır”.
Ekspert bildirib ki, insanların sağlamlığına təhdid varsa, birinci bu amil nəzərə alınmalıdır: “Əsas meyar Bakı sakinləri olmalıdır, həmin qaranlıq küçələrdən keçən vətəndaşlarımız olmalıdır. DİN və ya prokurorluq orqanlarının işinin çətinləşməsi artıq bu məsələnin dolayı təsirləridir. Əgər hansısa küçədə işıqlar söndürülürsə, bunun DTX-ya və ya DİN-ə nə ziyanı ola bilər? Söhbət təhlükəsizlik kameralarından gedirsə, onlar öz fəaliyyətini işıq olmasa da bərpa edə bilir. Onların bəziləri, yollarda yanıb-sönən işıqlar gündüz-günəş batareyaları ilə enerjini yığır, gecələr işləməyə başlayır”.
Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl isə Daxili İşlər Nazirliyinin qaranlıq küçələrdə nəzarəti gücləndirməsinin vacib olduğunu vurğulayıb: “Bunun səbəbi qənaət rejiminə keçməkdir. Təxminən 10 il öncə də belə idi. İndi ən azından kameralar vasitəsilə mərkəzi küçələrə nəzarət var. Qaranlıqda bu məsələ bir qədər çətinləşəcək. Ancaq yəqin ki, DİN bunu nəzərə alaraq bəzi yerlərdə nəzarəti gücləndirə bilər. Əgər cinayət olacaqsa, onun işığa və ya qaranlığa o qədər də aidiyyatı yoxdur. İqtisadi vəziyyət gərginləşdikcə, təhlükəsizlik də o qədər aşağı düşür, oğurluq halları artır. Burada dövlətdən daha çox fərdin təhlükəsizliyindən söhbət gedir. Ölkənin vəziyyəti elədir ki, artıq Bakının çilçıraqlı küçələrinə əlvida deyirlər”.
Musavat.com bir neçə gündür ki, Bakı şəhər İşıqlandırma İdarəsinin rəisi Məhərrəm Babayevlə də əlaqə yaratmağa cəhd göstərsə də, zənglərə katibə tərəfindən hər dəfə bir bəhanə ilə cavab verilir və Məhərrəm Babayev mətbuata çıxmaqdan yayınır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR