Bilik gününə həsrət qalanlar

68594Dərs ilinin başlamasına iki həftədən az vaxt qalsa da bağlanan türk liseylərinin şagirdlərinin yerləşdirilməsi hələ də başa çatdırılmayıb. Yalnız Bakıdakı türk liseylərində təhsil alan şagirdlərin cəmi 80%-i digər ümumtəhsil müəssisələrinə yerləşdirilib.

ANS PRESS olaraq türk liseyləri ilə bağlı problemləri dəfələrlə gündəmə gətirmişik.

Məsələn, həmin liseylərdən reportajlar hazırlamışdıq. Burada təhsil alan şagird və onların valideynləri bildirmişdilər ki, bütün siniflərdə partalar, kömpüterlər, yazı lövhələri var. Bir sözlə təhsil almaq üçün bütün lazımi şərait mövcuddur. Nəyə görə başqa məktəblərdə təhsil almalıyıq? Buranın maddi-texniki bazasından niyə istifadə edilmir?

Hətta təhsil üzrə ekspertlər də təklif edirlər ki, bağlanan türk liseylərinin binaları və maddi-texniki bazası Təhsil Nazirliyinin balansına verilsin və nazirliyin nəzarəti altında həmin liseylərdə dərslər yenidən bərpa olunsun. Yəni belə bir variant həm dövlətə, həm şagirdlərə, həm də onların valideynlərinə daha məqsədəuyğun olar.

Amma artıq 3200 şagirdin digər ümumtəhsil müəssisələrinə yerləşdirilməsi prosesinin başladığını deyən təhsil eksperti Məlahət Mürşüdlü bildirdi ki, bağlanan türk liseylərində təhsil alan şagirdlər Bakıdayeni fəaliyyətə başlayan bir neçə özəl məktəbə müraciət edə bilər.

Məlahət Mürşüdlünün sözlərinə görə, Azərbaycanda Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələrinə cavab verə biləcək özəl məktəblər fəaliyyət göstərir. Bu şagirdlər tərəddüd etmədən həmin liseylərə müraciət edə bilərlər.

M.Mürşüdlü hesab edir ki, bağlanan türk liseyləri ilə bağlı başqa qərar da verilə bilərdi.

“Doğrudur bir az gecikmişik. Çünki dərs ilinin açılmasına iki həftədən az vaxt qalıb. Lakin türk liseyləri bağlanan vaxtdan bildirmişdim ki, həmin liseylərin maddi-texniki bazasından səmərəli istifadə edilməlidir. Çünki bu liseylər zəngin maddi-texniki baza malik olub. Bundan sözsüz ki, Təhsil Naziriyi istifadə etməlidir. İndiyəcən bu baş vermədi. Hesab edirəm ki, bunu gələn il də olsa həyata keçirmək lazımdır”, deyə ekspert bildirdi.

Əvvəldə qeyd etdiyimiz kimi dərs ilinin başlamasına iki həftədən az vaxt qalsa da bağlanan türk liseylərinin şagirdlərinin yerləşdirilməsi hələ də başa çatdırılmayıb.

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin fəaliyyəti dayandırılan ümumtəhsil müəssisələrinin şagirdlərin arzu etdikləri digər təhsil müəssisələrində yerləşdirilməsi üçün bütün zəruri tədbirlər görülür.

“Azərbaycan Beynəlxalq Təhsil Kompleksinə daxil olan məktəb və liseylərdə təhsil almış şagirdlərin yaşadıqları ərazidəki, eləcə də digər bölgələrdəki arzu etdikləri məktəblərə qəbulu prosesi davam edir. Bütün şagirdlər məktəblərə yerləşdirilənə qədər proses davam edəcək. Hazırda Bakı şəhərindəki liseylərdə təhsil alan 1600 şagirdin 80%-i digər məktəblərə yerləşdirilib. Şagirdlərin müəyyən qismi özəl ümumtəhsil müəssisələrinə də müraciət edirlər. Bu proses şagirdlər tam yerləşdirilənə qədər davam edəcək”, BŞTİ-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Lakin BŞTİ sentyabrın 15-dək şagirdlərin yerləşdirilməsi prosesi başa çatdırılmazsa, hansı tədbilərin görüləcəyi barədə heç bir açıqlama vermədi. Ümumiyyətlə, şagirdlərin yerləşdirilməsi prosesi nə vaxta qədər davam edəcək? Bağlanan türk liseylərində dərs deyən 397 müəllimin aqibəti necə olacaq? Bu suallarımız cavabsız qaldı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR