Azərbaycanda “Oskar”a namizəd ola biləcək filmlər niyə çəkilmir?

img2019477Ötən gecə ABŞ-ın Los-Anceles şəhərində 88-ci “Oskar” mükafatlandırma mərasimi keçirilib. “Dolby Theatre” zalında Amerika Kino Akademiyasının təsis etdiyi mükafatlandırma mərasiminin aparıcısı zənci komediyaçı Chris Rock olub. “Ən yaxşı film” və “Ən yaxşı ssenari“ kateqoriyasında “Spotlight” filmi mükafata layiq görülüb. “Ən yaxşı aktrisa” Brie Larson, “Ən yaxşı aktyor” isə Leonardo Di Kaprio seçilib.
Azərbaycanda isə yenidən yerli filmlər çəkilməyə başlayıb. Onlar bəzən rəğbətlə qarşılanır, bəzən isə dünya filmləri ilə müqayisə olunaraq tənqid olunur. Daha keyfiyyətli filmlər ərsəyə gətirmək üçün isə xarici rejissor və aktyorlara müraciət edilir.
Azərbaycanda dünya film bazarına çıxarılacaq və “Oskar”a namizəd ola biləcək filmlər niyə çəkilmir? Bu cür filmlərin çəkilməsi mümkündürmü?
Musavat.com saytına açıqlama verən kinorejissor Şeyx Əbdül Mahmudbəyov bildirib ki, ölkəmizdə dünya bazarına çıxarılacaq filmlərin çəkilməsi üçün milyonlarla vəsait lazımdır: “Yeni çəkilən yerli filmlər böyük kino deyil. Yerli filmləri Hollivud kinostudiyalarının çəkdikləri ilə müqayisə etmək düzgün deyil. Azərbaycanın müstəqil film çəkəcək cihazları yoxdur. O cihazlar bahalıdır, onlarsız kino çəkmək olmur. Ssenari, ssenarist, aktyor, rejissor öz yerində olsa da, müasir texnologiyasız  keyfiyyətli film çəkmək imkansızdır. Kino böyük bir industriyadır,  istehsalatdır. Elm, sənət, mədəniyyət aləmində nə varsa, kinoda birləşir. Rejissor, operator, rəssam, aktyor gözəl iş ərsəyə gətirməlidir. Sovet dövründə kino mədəniyyəti, texnologiyası, məktəb vardı. Hər il universitet kinomatoqrafiya üzrə tələbələr yetişdirirdi. O ənənə pozuldu. Bu gün Azərbaycan kinosuna xidmət etmək istəyən 3-4 nəfər var. Onların çoxu İncəsənət Universitetini bitirib. Deyə bilərəm ki, İncəsənət Universitetində kino üzrə təhsil sıfır dərəcəsindədir. Sovet dövründə təhsil alanların isə maddi bazası yoxdur. Mənə təklif ediblər ki, Şah İsmayıl Xətai haqda film çəkək. Tarixi film çəkmək üçün 20-30 milyon dollar lazımdır. Tarixi şəxs haqda gülməli televeriliş etmək lazım deyil.
“Oskar” bizim üçün əlçatmaz nağıldır. Kino mədəniyyətimizi sıfırdan bərpa etməliyik. Kinoya lazım olan texnoloji alət bazası yaradılmalıdır. Kino tək artistlərdən ibarət deyil. Bunun gözə görünməyən yüzlərlə texniki sahələri var. Bunların biri olmayanda Hollivud səviyyəsində film çəkmək olmur. 2008-ci ildə prezidentimiz kino mədəniyyətimizin bərpa olunması üçün gözəl qərar qəbul etdi, kino sahəsinə pul da ayrıldı. O pulların hara getdiyini bilmədik. “Yeddi oğul istərəm”, “Məşədi İbad”, “Nəsimi”,  “Qarlı aşırım”, “Dəli Kür” kimi filmləri çəkəndə dünyada bizə heyran olurdu. İctimai-siyasi mühit dəyişəndə ilk  növbədə zərbə incəsənətə dəyir. Böyük, ağıllı dövlətlər rüşvətxor məmurlar yetişdirmir. Onlar üçün xarici ölkələrdə bağ almayıb, mədəniyyətlərini inkişaf etdirirlər. Mədəniyyətin təbliği üçün çalışmaq lazımdır”.
Rejissor Kənan M.M. isə bildirib ki, yerli sənət adamları “Oskar” alan həmkarlarından geri qalmır: “Oskar” mükafatı hər kəsə, hər ölkəyə verilmir. Bu mükafatların verilməsinin incəsənətdən çox siyasi tərəfləri var. Demək olmaz ki, bizim aktyor və aktrisalar “Oskar” alanlardan geri qalır, istedadsızdır. Bizim xalq ən istedadlı xalqdır. Hər ölkə dövrünə uyğun bir şeylə inkişaf edir. Amerikada kinodur, İngiltərədə futboldur. Bizdə də gözəl filmlər çəkilir. Lakin nə zaman “Oskar”a namizəd filmimizin olacağını deyə bilmərəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR