Sabiq icra başçısı inzibati resurslardan necə istifadə edib?

1432116343_akifFüzuli  Tarıverdiyev : “Akif Səlimov məhkəməyə gəlməyəcək”

İki ay öncə Qafqaz Xəbər Agentliyinin saytlarında sabiq Laçın RİH başçısı Akif Səlimovdan narazı olan vətəndaşların şikayətləri dərc olunmuşdu. Həmin yazılardan qəzəblənən A.Səlimov isə Qafqaznews.az saytının baş redaktoru Anar Qasımovu və saytın əməkdaşı Sənan Məmmədlini məhkəməyə vermişdi. Yaxın günlərdə Xətai Rayon Məhkəməsində hazırlıq iclası baş tutmalıydı. Lakin ötən gün A.Səlimov dövlət başçısının sərəncamı ilə vəzifəsindən azad olundu. A.Səlimov vəzifəsindən getsə də, məhkəmə iddiası hələ də geri götürülməyib. “Şərəf və ləyaqənin alçaldılmasına görə” 50 min manat təzminat tələb edilən bu şikayət ərizəsində A.Səlimovun nümayəndəsi yoxdur və məhkəməyə müraciətini şəxsi adından edib. Amma burda sual yaranır: Akif Səlimov şəxsən öz adından qaldırdığı məhkəmə iddiasında RİH-in hüquq şöbəsindən və digər administrativ resurslardan istifadə edibmi? Laçın RİH-in hüquq şöbəsinin müdiri Füzuli  Tarıverdiyev bildirib ki, o bu məhkəmə iddiasında Akif Səlimovun nümayəndəsi olmayıb. “Mən dövlət qulluqçusuyam, yalnız dövlət qurumu və ya öz adımdan məhkəmədə tərəf ola bilərəm. Sadəcə bu məsələ çıxanda sizin əməkdaş əlaqə saxladı, mən də Akif müəllimlə danışdım. O dedi ki, mənim saytlarla problemim olmayıb, nə istəyirsiz yazın, məsələ bitsin.

Bu günlərdə mənə tapşırmışdı ki, məhkəmə ərizəsini geri götürmək barədə məktub yazım. Sonra xəstələndim, işə indi çıxmışam. İndi isə Akif Səlimov vəzifəsində deyil. Akif müəllim məhkəməyə gəlməyəcək, siz də getməyin”. O qeyd edib ki, Akif Səlimovun öz vəkili var. Lakin F. Tarıverdiyev sabiq icra başçısının məhkəmə iddiası qaldırarkən ona sənədlərin hazırlanmasında kömək etdiyini də söhbət zamanı etiraf etdi: “Mən hüquq şöbəsinin müdiriyəm. Məhkəmə iddiasından xəbərim olub, necə xəbərim olmaya bilər? Mən onun hüquqşünasıyam, amma vəkili deyiləm”.

Sonda belə qənaətə gəlmək olar ki, A.Səlimov jurnalistlərə qarşı qaldırdığı 50 min manatlıq məhkəmə iddiasında RİH-in inzibati resurslarından və kadrlarından istifadə edib. Və… cavabsız sual: Əgər jurnalistlər məhkəmə tərəfindən cərimələnsəydi, Akif Səlimov əldə etdiyi məbləği rəhbərlik etdiyi qurumun hesabına köçürəcəkdi?

Rüfət Əhmədzadə

 Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR