Aydın Mirzəzadə kavkaznews.az-a: “Vyanada Minsk qrupu adi bəyanatla kifayətlənəcək”

e2a050c0-b31d-4be9-9112-3aa2fc478538-1Aprelin 2-də ATƏT-in Mins Qrupunun həmsədrləri növbəti həftə Vyanada iclas keçirəcək. Qafqaznews.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Toplantıda Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi müzakirə olunacaq.

“Təmas xəttində gərginliyin davam etməsi və ATƏT-in münaqişənin həllində rolu nəzərə alınmaqla, gələn həftə müntəzəm məsləhətləşmələr çərçivəsində Dağlıq Qarabağ üzrə həmsədr ölkələr “üçlüyü” (Rusiya, ABŞ, Fransa) toplaşacaq. Onlar Minsk Qrupu üzvlərinə yaranmış vəziyyət və həmsədrlərin bu həlli uzanan münaqişənin tezliklə həlli istiqamətində sonrakı addımları barədə məlumat verəcəklər”, – deyə agentliyin həmsöhbəti bildirib. Həmin gün ATƏT-in Minsk Qrupu həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və İqor Popov (Rusiya) təmas xəttində baş verən son gərginliklə bağlı birgə bəyanat yayıblar.

APA-nın məlumatına görə, həmsədrlər təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin geniş miqyasda pozulması ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər: “Biz gücdən istifadəni sərt şəkildə pisləyirik və mülki insanlar daxil olmaqla insan itkilərinə görə təəssüflənirik”. Həmsədrlər tərəfləri atəşi dayandırmağa və ərazidə vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırlar. “Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur”, – deyə bəyanatda bildirilir (APA).

Milli Məclisin üzvü Aydın Mirzəzadənin fikrincə, ATƏT-in Minsk qrupu həmsdərləri əvvəl də olduğu kimi, Vyanadakı görüşdən sonra sülhə çağırış və regiona səfər bəyanatı ilə kifayətlənəcəklər. “Lakin bu tədbirlər problemin həllinə kömək etməyəcək. Buna görə də, mövcud problemin həll olunmaması Minsk qrupu üzvlərinin əsl səbəbi deməkdən boyun qaçırmasındadır. Bu problemin əsl səbəblərini açıq demək lazımdır. Nə qədər ki, Ermənistan təcavüzkar ölkə kimi tanınmayıb, ona beynəlxalq normalarla tələblər irəli sürülməyib, bu problem həll olunmamış qalacaq”, – deyə deputat kavkaznews.az-a bildirib. Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ probleminə ikili yanaşma və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməməsi gərginliyin əsas səbəblərindən biridir. “Nə qədər ki, Minsk Qrupu Ermənistanı təcavüzkar kimi tanımır və Azərbaycan ərazilərindən çıxmağı tələb etmir, eyni zamanda məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməyə çalışmır, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayacaq”, – deyə A.Mirzəzadə vurğulayıb.

 R.Həsənoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR