Provayderlər media düşmənlərinə ortaqlıq edir?

Безымянный copyRabitə və Yüksək Texnologiyalar Nazirliyi vəziyyətə nəzarət edirmi?

Son zamanlar “Facebook” səhifəmizə müraciət edən vətəndaşlar (müxtəlif rayonlar və provayderlər) deyirlər ki, Qafqaznews.az saytına  giriş məhdudlaşdırılıb.

Xüsusilə də, yüksək vəzifəli məmurlarla bağlı yazılar dərc olunduqda bu cür şikayətlər çox alırıq.

Nəinki şikayətlər almaq, hətta bəzən özümüz belə Bakının “göbəyində”, redaksiyada oturarkən saytımıza daxil ola bilmirik.  Halbuki, digər xəbər saytlarını açmağımızda problem yaranmır.

Ya sayt heç açılmır, ya da ağır açılır. Vaxtaşırı olaraq, xaker hücumlarına da məruz qaldığımızı qeyd etsək, yerinə düşər.

Amma məsələ təkcə qafqaznews.az saytında deyil, ümumiyyətlə elektron KİV-də çox həmkarımızdan belə gileylər eşitmək olar.

Hər hansısa provayder tərəfindən məqsədli və ya hər hansısa şəxslərin sifarişi ilə bloklama, qərəzli şəkildə məhdudlaşdırma ehtimalları nə dərəcədə yüksəkdir, deyə bilmərik.

Lakin görünən kəndə bələdçi lazım deyil.

Tənqid nəticə çıxarmaq üçün olsa da, bir çox məmurlar və oliqarxlar tənqidə qarşı dözümlü yanaşmaqda çətinlik çəkirlər.

Artıq jurnalist döyməyin, köşklərdən kütləvi surətdə qəzet alıb “yığışdırmağın” vaxtı da keçib.

Tənqidə məruz qalan bir sıra məmurlar və işbaz sahibkarlar elektron medianın, informasiya axınının qarşısını almaq üçün bəzən muzdla xakerlər tutur, hətta daha “uzağa” gedərək, bir sıra provayder şirkətləri ilə razılaşırlar.

Nəticədə isə əsas vəzifəsi və hüququ cəmiyyəti məlumatlandırmaq olan bir sıra portalların  fəaliyyəti iflc olur, baxış sayı aşağı düşür, ictimaiyyətin görməli və məlumatlanmalı olduğu yazılar isə diqqətdən kənarda qalır. Beləliklə, qanun pozmağı gündəlik həyat tərzinə çevirən məmurlar və işbazlar öz məqsədlərinə müəyyən qədər çatırlar, jurnalistlərə əsəb və həyəcan yaşatmaqla öz aləmlərində “qisas” alırlar.

2015-ci il fevralın 6-da Qafqaznews.az saytında dərc olunan “Bəzi məmurlar provayderlə danışıb elektron KİV-i iflic edir” başlıqlı məqalədə də bu haqda söz açılmışdı. Məqalədə deyilirdi: “Belə bir problemlə Qafqaz Xəbər Agentliyinin təsisçisi Mahmud Rasimoğlu üzləşib. Təsisçi Süleyman Vəzirov 11 D ünvanında yerləşən agentliyin ofisində qafqaznews.az saytına daxil olmaq istəsə də, bu mümkün olmayıb. Ancaq digər xəbər saytlarına daxil olmaq mümkün olub.

Problemlə bağlı Ailə TV internet provayderin 920 qaynar xətti ilə əlaqə saxladıqdan sonra həmin problem aradan qaldırılıb. Belə bir problemlə diğər oxucumuz Vüqar Qasımov üzləşib. 95 saylı ATS-in “Bakıinternet” internet provayderinə qoşulan abonentin qafqaznews.az saytına daxil olması mümkün olmayıb. Oxucu onu da bildirib ki, digər xəbər saytlarına maneəsiz daxil ola bilirəm.

Bunlardan başqa digər hallar da var.

Təxminən bir neçə ay əvvəl Nərimanov rayonu, Təbriz küçəsindən olan bir neçə oxucumuz TV CİTY provayderindən redaksiyamıza şikayət etmişdi. Şikayətdə qeyd edilirdi ki, digər xəbər saytlarına daxil olmaq mümkün olduğu halda qafqaznews.az saytına daxil olmaq mümkün olmur. Bu cür hallar bir çox şirkətlərdə və banklarda da baş verir.

Misal üçün bir neçə şirkətlər və banklarda olan oxucularmız da bizə müraciət ediblər ki, qafqaznews.az saytına daxil olmaq olmur, ancaq digər xəbər saytlarına qarşı məhdudiyyət qoyulmayıb.

Apardığımız araşdırmalar nəticəsində bizə bəlli oldu ki, həmin şirkət və bankların admini tərəfindən internet sisteminə giriş təmin edilir, ancaq qafqaznews.az saytına məhdudiyyət və blok qoyulur”.

2015-ci il fevralın 25-də dərc olunan “Virus məmurlara qarşı anti-virus proqramı” başlıqlı yazıda da “Connect” şirkətinin Qafqaz Xəbər Agentliyinə qarşı təxribatından söz açılmış, bu provayderin abunəçilərinin Qafqaznews.az-a daxil olmaqda çətinlik çəkdiyi qeyd olunmuşdu.

Bir daha vurğulamaq istərdik ki, bu, nəinki qanun pozuntusu, həm də həyasızlıq, nadanlıqdır.  “Halal zəhməti ilə pul qazandığını” deyən sahibkarlar mətbuata qarşı təxribatın bir hissəsi olmağı “halal qazanc” hesab edirlərsə… Onlara “burnundan gəlsin” deməkdən başqa variant qalmır.

Jurnalistin ağzını bağlamaq və ya əllərini qandallamaqla onun işlədiyi sayta girişi məhdudlaşdırmaq arasında çoxmu fərq var? Heç də yox!..

Türkiyə türklərində bir məsəl var: “Allahın sopası yokki, gökden indirsin”.

Amma hər kəs öz cəsasını mütləq bir şəkildə alır. Mətbuatı hansısa provayder şirkəti ilə razılaşıb “cəzalandırdığını” düşünən məmurlar isə arxayın olsunlar, mahiyyətlərinə layiq cəzalarını mütləq alacaqlar.

Mövcud problemlə bağlı “Aztelekom”la əlaqə saxladıq, Zaur adlı mütəxəssis bizə bildirdi ki, Qafqaznews.az-a girişdə heç bir problem yoxdur: “Hazırda heç bir xəbər saytını bloklamamışıq”.

Bəs görəsən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu cür halların qarşısını almaq, xəbər saytlarına qarşı qərəzli yanaşmaya imkan verməmək üçün hansı addımlar atır? Provayderlərin “bloklama” işinə nəzarət olunurmu?

Nazirliyin mətbuat xidmətinə isə yazılı sorğu göndərmişik. Yaxın günlərdə cavab gəldiyi zaman, dərc edəcəyik.

Bir daha xatırladaq: məsələ tək bizdə deyil, ama bizim məsələmiz sizdə də ola bilər, əziz həmkarlar!

Ona görə də, bir-birimizin saytının “bloklanmasına” görə sevinməkdənsə, bu problemə qarşı birgə mübarizə aparsaq, daha ədalətli və düzgün olar.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR