Mikayıl İsmayılovun “qara kassir”i iş adamlarını necə aldadır? – ŞİKAYƏT

mikayilismuyy“Ceyhun Canıyev mənə dedi ki, pulun bir qismini Mikayıl İsmayılova vermişəm, qalanı ilə də Cəbrayıl Cəbrayılovun İsveçrədə oxuyan uşağının təhsil haqqını ödəmişik”

Yəqin ki, 2016-cı ilin yanvarında SOCAR-da çalışan Qiymət Mehdiyevin Türkiyədə 20 milyon dollara 16 villa alması barədə məlumatı oxucular unutmayıb. Qafqaznews.az yanvarın 24-də virtualaz.org saytındakı həmin yazıdan xatırlatma verir: “Q.Mehdiyev SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavinidir… mötəbər mənbələr deyir ki, Qiymət Mehdiyev SOCAR-n vitse-prezidenti Mikayıl İsmayılovun ən etibarlı adamıdır, onun “sağ əli”dir.

M.İsmayılov oxuculara tanış personajdır. O, SOCAR sistemində faktiki olaraq boz kardinaldır, şirkətdə bütün tikinti və maliyyə işlərini o kurasiya edir. Və M.İsmayılov bütün şübhəli layihələrini etibarlı adamı Qiymət Mehdiyevin əli ilə həyata keçirir”. Bu yazı mətbuatda geniş rezonansa səbəb olmuş, ictimaiyyətdə qızğın müzakirələr yaranmışdı. Lakin nədənsə, SOCAR rəhbərliyindəki bəzi şəxslərin də “fəallığı” nəticəsində, bu müzakirələr gündəmdən çıxdı. Qalmaqalda adı hallanan Mikayıl İsmayılov isə ümumiyyətlə ictimai qınaqdan kənarda qaldı, onun barəsində “güldən ağır bir kəlmə” eşidilmədi.

Bu günlərdə Qafqaznews.az saytının redaksiyasına SOCAR-ın vitse- prezidenti Mikayıl İsmayılovla bağlı maraqlı məlumatlar daxil olub. Belə ki, hələlik adının açıqlanmamasını xahiş edən bir iş adamı Mikayıl İsmayılovun “sağ əli” sayılan Ceyhun Canıyev adlı bir şəxsdən şikayətçi düşüb. İş adamının sözlərinə görə, Ceyhun Canıyev ondan 350 min dollar alaraq onu SOCAR-da tenderə salacağını vəd edib.

Şikayətçi deyir: “Əvvəl Ceyhun Canıyev mənə söz verdi ki, hər ay bizim şirkəti 1 milyon dollarlıq tenderə salacaq, ancaq bu olmadı. Sonra isə bu söhbətin üstündən 5 ay keçməyini görüb və bizim narahatçılıq keçirməyimizi hiss edərək, mənimlə görüşdü və dedi ki, SOCAR-a 14 milyon dollar qiymətində aparat verilməlidir, o malın maya dəyəri isə cəmisi 2-3 milyondur: “Mən istəyirəm ki, siz ofşorda şirkət açasız və həmin mal siz tərəfdən SOCAR-a verilsin”.

Ceyhunun sözlərinə görə, o aparat Çindən gəlir, ancaq üstündə Norveçin istehsalı olduğu yazılır. Həmin aparat dənizdə neftçıxarma yerlərində işlədilir”. Sonra şikayətçi deyir ki, bu söhbətin inandırıcı olmağı üçün, Ceyhun Canıyev onu Mikayıl İsmayılovun müavini Cəbrayıl Cəbrayılovun qəbuluna aparıb. “Hətta məni şirnikləndirmək üçün vəzifə də təklif etdilər.

Dedilər ki, Rövnəq Abdullayevin Mehman adında qohumunu SOCAR-ın təchizat şöbəsindən çıxarıb, səni onun yerinə təyin edəcəyik”.

Mən bir neçə dəfə də Cəbrayıl Cəbrayılovun yanına gedib-gəldim, ancaq sonradan Ceyhun Canıyev mənə zəng edib evinə dəvət etdi. Onun yaşadığı villa Nərimanov rayonunun ərazisində İsmayıl Hidayətzadə küçəsində yerləşir. Həmin ünvanda Mikayıl İsmayılovun villası da böyür-böyürə dayanıb. Ordakı villaların bu şəxslərə aid olduğunu da mənə Ceyhun Canıyev dedi. Sonra o məni evinə dəvət elədi evin aşağı mərtəbəsindəki qarajda “Rolls-Royce”, “Bentley” və bir neçə təzə “Mercedes” markalı avtomobillərini mənə göstərdi.

Avtomobillərin ümümi dəyəri bəlkə də 3-4 milyon dollar olardı. Ancaq “Rolls-Royce” və “Bentley”in nömrəsini mən yadda saxladığım üçün, sonradan öyrəndim ki, həmin avtomobillər Ceyhun Canıyevin həyat yoldaşının adınadır. O, mənə bu avtomobilləri göstərərək bildirmək istəyirdi ki, bizim onda qalan 350 min dollar pulumuz “balaca pul”dur. Mən onun qonağı olub villasının qarajında oturub çay içəndə onun danışıqlarını da telefonuma yazmışam. O, hər dəfə dönə-dönə mənimlə söhbətdə Cəbrayıl Cəbarayılovun adını çəkir. Sonra mən gördüm ki, bu şəxs ancaq vaxt udmaqla məşğul olur. Və ondan pulumuzu tələb etdim. Ceyhun Canıyev mənə dedi ki, pulun bir qismini Mikayıl İsmayılova vermişəm, qalanı ilə də Cəbrayıl Cəbrayılovun İsveçrədə oxuyan  uşağının təhsil haqqını ödəmişik .

Doqquz ay sonra borclu olduğu pulun 250 min dollarını hissə-hissə versə də, 100 min dollar pul və ofşorda açılan şirkətə görə də 15 min dollar borclu qalıb və bu günə qədər borcumuzu qaytarmır”.

Şikayətçinin dediyinə görə, Canıyev Ceyhun Vaqif oğlu “Vita1000” meyvələri şirkətinin və “Modern Group” şirkətlər qrupunun payçısı olaraq Mikayıl İsmayılovu həmin şirkətlərdə təmsil edir. Bundan savayı Təhsil nazirliyi ilə üzbəüz “Luxen Plaza”da 35 faiz şərikliyi var. Ofşor şirkətin adını və Ceyhun Canıyevin danışıq yazısını, villaların fotosunu, avtomobilləri barədə məlumatları gələn yazımızda oxucularmıza təqdim edəcəyik.

Bizi izləyin, araşdırmamız davam edir.

Sənan Məmmədli

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR