Bu gün səhərdən İranın Xuzestan əyalətini toz dumanı bürüyüb
APA-nın Tehran bürosunun məlumatına görə, rəsmi məlumatlara əsasən, Abadan şəhərində hazırda havanın çirklilik dərəcəsi normadan 16 dəfə çoxdur. Toz dumanından Abadan və Xorəmşəhr şəhərində insanlar gündəlik işlərini görməkdə çətinlik çəkiblər, evlərindən bayıra çıxa bilməyiblər. Məlumata görə, Xorrəmşəhr və Abadan şəhərlərində məktəblərdə dərslər dayandırılıb. Ekspertlər tozun qatının İraqın cənub-şərqində baş verən iqlim dəyişikliyindən yarandığını deyirlər.
Qeyd edək ki, uzun illərdir, İranın cənub bölgəsində yerləşən şəhərlər toz dumanına məruz qalır. Tozun Səudiyyə Ərəbistanı və İraqdakı qumluqlardan gəldiyi bildirilir.