Aprelin 8-də Qafqaznews.az-da “Baş Prokurorluq korrupsiya haqqında şikayətlərə diqqət ayırmır?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda deyilirdi ki, bu günlərdə Yasamal rayonu, Ş.Qurbanov, 5 ünvanında yerləşən 38 saylı Uşaq Bağçasının keçmiş tərbiyəçisi Aynur Mahmudova Qafqaznews.az-a müraciət edib. O, bu yaxınlarda adıkeçən bağçanın direktoru Sədaqət Qəribova tərəfindən qanunsuz olaraq işdən azad olunduğunu bildirib. 22 illik peşə təcrübəsinə malik olduğunu deyən A.Mahmudova bunu bağçadakı qanunsuzluqlar, pul yığımına etiraz etməsi ilə əlaqələndirib.
“Martın 3-də mən 38 saylı bağçanın direktoru Sədaqət Qəribova tərəfindən qeyri-peşəkarlıq bəhanəsi ilə işdən çıxarılmışam. Amma işdən çıxarılmağımın əsl səbəbi o idi ki, mən uşaqların valideynlərindən “aylıq” toplamaqdan imtina etmişdim”, – deyə A.Mahmudova bildirib. A.Mahmudovanın sözlərinə görə, “aylığ”ın məbləği 30-50 manatdır. “Bu pulun yığılması ilə tərbiyəçilər məşğul olur. Pullar direktor Sədaqət Qəribovaya verilir. S.Qəribova bəyan edir ki, onun arxasında qohumu, sabiq deputat Ərəstun Cavadov durur”, – deyə A.Mahmudova vurğulayıb.
Sabiq tərbiyəçi kavkazkews.az-a bildirib ki, cari normalara görə, uşaq bağçasında hər qrup 20 uşaqdan ibarət olmalıdır: “Amma faktiki olaraq, hər qrupda 30-a yaxın şagird var. Buna görə də, bəzən uşaqların ikisi bir çarpayıda yatmalı olur”. 38 saylı Uşaq Bağçasının direktoru Sədaqət Qəribova isə A.Mahmudovanın sözlərini kavkazkews.az-a belə şərh edib: “Onun dedikləri tamamilə yalandır” “38 saylı Uşaq Bağçasında heç bir “aylıq” yığımı yoxdur. Hər qrup qaydalara uyğun olaraq 20 uşaqdan ibarətdir.
Bizdə iki uşağın bir çarpayıda yatması halı yoxdur”, – deyə direktor kavkaznews.az-a bildirib. Biz həmçinin sözügedən məktəbəqədər təhsil müəssisəsindəki uşaqların valideynlərinin fikrini öyrənməyə çalışdıq. Valideynlər Aytən Hüseynova və Günel Abbasova sabiq tərbiyəçinin sözlərini təsdiqləyiblər. Onların sözlərinə görə, bağçaya uşaq qoymaq 300-400 manata başa gəlir,bir qrupdan başqa qrupa köçürmənin “qiyməti” isə 100 manatdır.
Aynur Mahmudova aprelin 5-də Uşaq Evləri və Məktəbəqədər Müəssisələr İdarəsinin rəisi Eldar Yunusovun qəbuluna çağırılıb. “Mən ona dedim ki, 38 saylı uşaq bağçasında korrupsiya hökm sürür və mən özüm də valideynlərdən pul toplamaq istəmədiyimə görə işdən çıxarılmışam. Cavabında Eldar Yunusov bildirdi ki, mənə heç cür kömək edə bilməz”, – deyə A.Mahmudova qeyd edib. Onun sözlərinə görə, E.Yunusov məsləhət görüb ki, müxtəlif KİV-lərə şikayət etməsin. “Eldar Yunusov mənə dedi ki, bizi maraqlandırmır, haqqımızda nə yazırlar” – deyə A.Mahmudova kavkaznews.az-a bildirib. A.Mahmudovanın sözlərinə görə, o və bir neçə valideyn Respublika Baş Prokurorluğu yanında Korrupsiya İdarəsinə də müraciət ediblər.
“Eldar Yunusovla görüşümdə o mənə dedi ki, “nahaq yerə korrupsiyaya qarşı Mübarizə İdarəsinə yazmısan”. Yunusovun sözlərinə görə, mənim şikayətimi baxmaq üçün ona göndəriblər. Dedi ki, ora şikayət etmək lazım deyil. Onsuz da bütün şikayətlər mənə yönləndiriləcək”, – deyə A.Mahmudova Bakı ŞİH nümayəndəsinin sözlərindən sitat gətirib. Biz sözügedən idarənin rəisi Kamran Əliyevlə əlaqə saxlamağa çalışdıq. Bizə onun köməkçisi (təəssüf ki, ad-soyadını bildirmədi – red.) cavab verdi.
Onun sözlərinə görə, “Şikayətlərə baxılması” haqqında qanuna görə, bəzi şikayətlər müvafiq orqanlara göndərilə bilər. “Burda qeyri-adi heç nə yoxdur”, – deyə K.Əliyevin köməkçisi bildirib. “Axı tərbiyəçi və valideynlərin şikayətlərində konkret korrupsiya faktlarından söhbət gedir”, – deyə əməkdaşımız xatırladıb. “Mən başa düşürəm. Amma bu prosedur qanunla tənzimlənir”, – deyə həmsöhbətimiz vurğulayıb (kavkaznews.az) Aprelin 15-də isə öyənməyə çalışdıq ki, görəsən, Bakı Şəhər İcra Hakimiyyəti valideynlərin şikayətlərini yoxlayıbmı? Cavab almaq üçün BŞİH yanında Uşaq Evləri və Məktəbəqədər Təhsil Müəssisələri İdarəsinin rəis müavini Fəxrəndə xanımın fikrini öyrənməyə çalışdıq (təəssüf ki, soyadını bildirmədi – red.). “Biz bu şikayəti yoxladıq, təsdiqini tapmadı”, – deyə Fəxrəndə xanım kavkaznews.az-a bildirdi.
“Valideynlərlə görüşdünüzmü?” deyə soruşduq. “Bəli”, – deyə Fəxrəndə xanım təsdiqlədi. “Və onlar deyiblər ki, 38 saylı bağçada rüşvətxorluq haqqında məlumat həqiqətə uyğun deyil?”, – deyə soruşduq. “Bəli, onlar belə də deyiblər” – deyə BŞİH nümayəndəsi cavab verdi. “Siz valideynlərdən kimlərlə görüşdünüz?” deyə soruşduqda Fəxrəndə xanım dəstəyi asdı: “Sizin suallara cavab vermək istəmirəm”. Kavkaznews.az Fəxrəndə xanımla görüşən valideynlərlə əlaqə saxladı.
Valideyn Günel Abbasova bildirdi ki, digər valideynlərlə birlikdə Fəxrəndə xanımla görüşüb: “Bəli, biz onunla görüşdük. Və biz valideynlər bildirdik ki, 38 saylı bağçada korrupsiya hökm sürür, hətta valideynlərdən “aylıq” toplanılır”. Görüşdə iştirak edən başqa bir valideyn Aytən Hüseynova da bildirib ki, o da sözügedən mənfi hallar barədə BŞİH nümayəndəsinə məlumat verib.
Rəşad Rüstəmov
Kavkaznews.az