Həbs olunan epilepsiya xəstəsinin atası Prezidentə müraciət etdi

Prezident_311212İlqar Rəhimov: “Əslində, o azad olunmalıdır, çünki əsl təqsirli şəxslər rahat-arxayın gəzirlər”

Hüquqşünas Cəmil Şirvanov: “Lənkəran Ağır Cinayətlər Məhkəməsinin epileptik Mirabbas Rəhimov barədə qərarı çox sərt və qisas xarakterlidir”

Aprelin 13-də Qafqaznews.az saytında “Ədalətsiz istintaq və məhkəmə bacı ilə qardaşı düşmən etdi” başlıqlı yazı dərc olunmuşdu.

Məqalədə bildirilirdi: “Bu günlərdə Qafqaznews.az saytına müraciət edən Lənkəran rayon Şiləvar kənd sakinləri İlqar Rəhimov və Gülağa Hüseynov bildiriblər ki, 2015-ci il aprelin 6-da Lənkəran rayonunda Ələt-Astara yolunda baş vermiş yol nəqliyyat hadisəsinin araşdırılması və məhkəməsi düzgün aparılmayıb”.

Məqalənin dərcindən sonra, həmin qəza üstündə həbs olunan, 20 yaşlı epilepsiya xəstəsi Mirabbas Rəhimovun atası İlqar Rəhimov Azərbaycanın dövlət başçısı İlham Əliyevə məktub yazıb.

O, məktubun surətini DİN başçısı Ramil Usubova, Baş prokuror Zakir Qaralova, Ali Məhkəmə sədri Ramiz Rzayevə, o cümlədən Qafqaz Xəbər Agentliyinə göndərib.

Müraciətdə deyilir: “Cənab Prezident! Yazıb bildirəm ki, 2015-ci il aprelin 6-da  saat 20:20 radələrində Lənkəran rayonunda Ələt-Astara yolunda baş vermiş yol nəqliyyat hadisəsinin istintaq və məhkəmə prosesi düzgün aparılmayıb.

Həmin gün Rəhimov Mirabbas İlqar Oğlu,  Hüseynov Həsən Gülağa oğlu, Rəhmətzadə Əkbər Fü13014802_215240338849367_1832169955_nzuli oğlu və Nurəlizadə Vüsal Akif oğlu “Vaz 21063” markalı “42-BH-038” nömrə nişanlı avtomobildə qəzaya uğrayıblar.

Həmin vaxtı sükan arxasında mənim oğlum, 1996-cı il təvəllüdlü Mirabbas olub. Yanında Rəhmətzadə Əkbər, arxa oturacaqda isə Nurəlizadə Vüsal ilə Mirabbasın dayısıoğlu Hüseynov Həsən oturmuşdu. Yolda Əkbərli Kamran Nəsrəddin oğlu idarə etdiyi “Niva” (Vaz 21214) markalı, 90 NR-034 dövlət nömrə nişanlı avtomobillə onların üzərinə gəlib, daha sonra yolda sıxaraq hərəkətlərinə mane olub. Bu hadisənin baş verməsində də əsas səbəbkar o olub. İmkanları yaxşı olduğuna görə, məsələni ört-basdır ediblər. Hadisədən sonra  4 gün avtomobili təmirdə olub, saxta ekspertiza rəyi çıxardaraq, “Niva”nı qəzadan bir ay sonra, istintaq bitməmiş satıblar.  Amma DYP müstəntiqi Elmar Quliyev əsas hədəf kimi oğlumu seçdi, şahidlərin ifadələrini ciddiyə almadı . Məhkəmə prosesində də eyni hal müşahidə olundu.

Hörmətli İlham Əliyev cənabları! Mirabbas bir yaşından – 25.07.1997 tarixindən epileptikdir, buna görə də hərbi xidmətə aparılmayıb. Hadisədəki roluna qaldıqda isə, istintaq və məhkəmə Mirabbas Rəhimovu təqsirli yox, zərərçəkmiş qismində görməliydilər. O, uzun müddət xəstəxanada yatdı, ağır xəsarət və travmadan müalicə olundu. Haqsız yerə dayısıoğlunun  ölümündə günahkar bilib 6 il həbs cəzası verdilər. Onun sağlamlıq vəziyyəti və qəzadan sonra aldığı travmalar, ayağının əyri bitişməsi, bədənində şüşələr qalması kimi hallar nəzərə alınmayıb.

13022320_215240398849361_1209974802_nDüzgün aparılmayan istintaq prosesi və ədalətsiz  məhkəmə qərarı bacı ilə qardaş arasında düşmənlik yaratmağa xidmət edir. Mənim qaynımoğlu dünyasını dəyişib, 20 yaşlı epilepsiya xəstəsi Mirabbas isə keçən ilin noyabrından Kürdəxanı təcridxanasındadır. Bu hadisə azmış kimi, ədalətsiz yanaşma bizim ailələrimizə ağır zərbə vurub. Ümidimiz Şirvanda keçiriləcək apellyasiya məhkəməsinə qalıb, heç olmasa, Mirabbasa 5 il şərti həbs cəzası verə bilərlər. Əslində, o azad olunmalıdır, çünki əsl təqsirli şəxslər rahat-arxayın gəzirlər. Amma ədalətin bu qədər qələbə çalacağına inamım itib. Ən azından, həbs cəzasının şərti cəza ilə əvəz olunması üçün dua edirik.

Möhtərəm dövlət başçısı! Gülağa Hüseynov da məhkəmədə bildirib ki, oğlu Həsənin ölümündə Mirabbası təqsirli bilmir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Mehdixan Abdullayev nə mənim, nə də şahidlərin ifadəsinə düzgün qiymət vermədi. Rəhmətzadə Əkbər və Nurəlizadə Vüsalın ifadələrinə əhəmiyyət verilmədi. Onlar şahid kimi yox, zərərçəkmiş kimi məhkəməyə cəlb olundular. Hətta zərərçəkmiş kimi belə, G.Hüseynov və həmin şəxslər bildirdi ki, Mirabbasa qarşı tələbimiz və şikayətimiz yoxdur. “Niva”nın sürücüsü Kamran Əkbərli hadisənin bilavasitə iştirakçısı və səbəbkarı olduğu halda, onu şahid qismində dindirdilər.

Cənab Prezident! Mən inanıram ki, haqq-ədalətin bərpası, oğlumun azadlığa çıxması, yaxud da cəzasının yüngülləşdirilməsi istiqamətində göstəriş verəcək, övlad yolu gözləyən ananın göz yaşlarına son qoyacaqsınız”.

Qafqaznews.az saytı məsələ ilə bağlı adıkeçən hakim Mehdixan Abdullayevlə əlaqə saxladı. M.Abdullayev əməkdaşımıza bildirdi ki, o, məhkəmə prosesini istintaq materiallarına əsasən aparıb: “Şahidləri istintaq materiallarına əsasən dindirmişik. Kamran Əkbərli istintaq materiallarında şahid kimi gedirdi. Qərarın verilməsi zamanı da istintaq materialları əsas götürülüb. Qərarı mən yox, kollegiya verib. Narazılıqlarını Apellyasiya Məhkəməsində bildirə bilərlər”.

Əməkdaşımız maraqlandı ki,  Mirabbas Rəhimov epilepsiya xəstəsidir və qəza zamanı onun qıcolmalarının tutması nəzərə alınıb, ya yox. Hakimin cavabı maraqlı oldu: “6 il həbs cəzası maddənin sanksiyası üçün ən az idi. Orda qaçırılma da var idi”.

“Axı maşın yiyəsi məhkəmə zamanı müttəhimə qarşı  heç bir tələb irəli sürməyib”, – deyə xatırlatdıq.

“Buna məhkəmə qərar verir, maşın yiyəsi yox”, – deyə Mehdixan Abdullayev cavab verir.

Müstəntiq Elmar Quliyev isə bildirib ki, hadisədən əvvəlki görüntülərə baxılıb, “Niva” ilə Mirabbasın idarə etdiyi maşın aralı olub.

O, Kamranın “Niva”nı həmin yolda nəzərdə tutulandan daha artıq surətlə sürdüyünə təsdiqləyib, lakin hadisədə təqsirli olduğuna dair sübut olmadığını deyib və “Niva”nın istintaq prosesi zamanı satılmasına da münasibət bildirib: “İstntaq zamanı müəyyən iki maşının toxunduğunu sübut edən fakta rast gəlinməyib. Maşını satmağa gəlincə, mən ona deyə bilmərəm ki, maşını satma, istintaq gedir”.

“Hadisə  anında görüntü var?” sualına müstəntiq “Yox” cavabını verdi.

“Elə olduğu halda, adətən şahidlərin ifadəsi alınır. Düzdür, siz Əkbər və Vüsalı zərərçəkmiş kimi qeyd etmisiniz. Amma onlar da bildirib ki, hadisədə “Niva” sürən Kamranın təqsiri də olub. Ən azından, yolda başqa avtomobili sıxdığına görə, o da məsuliyyətə cəlb oluna bilərdi”, – deyə aydınlaşdırmaq istədik.

“Onlar maşına eyni məqsədlə miniblər. Ona görə də, Vüsal və Əkbərin ifadələri istintaqa aydınlıq gətirmək üçün əsaslı hesab olunmayıb”, – deyə müstəntiq qeyd etdi.

Məsələ ilə tanış olan hüquqşünas Cəmil Şirvanov bildirib ki, Məsələni düzgün qiymətləndirmək üçün iş materiallarını ətraflı tədqiq etmək lazımdır”.

“Ancaq aldığım bəzi məlumatlara və 1-ci instansiya məhkəməsinin hökmünə əsaslanaraq onu deyə bilərəm ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin onlara verdiyi imkanlardan istifadə etməməklə təqsirləndirilən şəxsin hüquqlarının pozulmasına səbəb olub. Belə ki, təqsirləndirilən şəxsin elə həmin qəzada ağır xəsarət alması və hələ də bunun fəsadlarının aradan qalxmaması, üstəlik təqsirləndirilən şəxsin uşaqlıqdan huşun itməsi, qıcolma və digər ağır simptomlarla müşayiət olunan xəstəlikdən əziyyət çəkdiyi məlumdur. Lakin məhkəmə bu halları yüngülləşdirici hal kimi nəzərdə almamış və təqsirləndirilənə daha yüngül cəza təyin etməli olduğu halda məsələyə heç bir qiymət verilməmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanarkən bu halları da nəzərə almalı idi. Çünki qeyd etdiyim sağlamlıq problemləri onun həyatı üçün təhlükəlidir. Məhkəmə bu halları nəzərə alıb, ya ona Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti cəza təyin etməli ya da Cinayət Məcəlləsinin 78-ci maddəsinə əsasən xəstəliyə görə cəza çəkməkdən azad etməli idi. Bundan başqa məhkəmə Azərbaycan  xalqının mənəvi dəyərlərini də nəzərə almalı idi”, – deyə hüquqşünas qeyd edib.

Cəmil Şirvanov vurğulayıb ki, zərərçəkmişlə təqsirləndirilən şəxslər yaxın qohumdurlar: “Cəza təyin edilərkən, qohumlar arasında yaranan ziddiyyətlərin dərinləşməsinə rəvac verməməli idi. Məhkəmə kollegiyası cəza təyin edərkən, onu unudub ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41-ci maddəsinə görə “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir”.

Yəni, cəzanın məqsədi qisas almaq deyil. Bu yanaşma əslində Azərbaycan məhkəmə sisteminin ən böyük problemlərindən biridir. Hakimlər sanksiyada nəzərdə tutulmuş cəzanın yüngül həddini və ya daha yüngül cəza növünü təyin etməkdən çəkinirlər. Bu da insan hüquqlarının kütləvi pozulmasına gətirib çıxarır”.

Hüquqşünas əlavə edib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin verdiyi bu hökm qəti deyil, ondan şikayət verilə bilər: “Təqsirləndirilən şəxsin vəkili bunu artıq edib. Ümid edirəm ki, Şirvan Apellyasiya Məhkəməsində məsələ ətraflı araşdırılıb düzgün qərar çıxarılacaq”.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR