Yoxsul məktəblər, yazıq müəllimlər

cms-image-000015405-1 (1)Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası müəllimlərlə maraqlanmır

Aprelin 15-də Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları və İşəgötürən Təşkilatların Milli Konfederasiyası üçtərəfli saziş imzalayıblar. Nazirlər Kabineti , Həmkarlar İttifqaları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılıb. Sənəd tərəflərin sosial iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətini müəyyən edir.

Maraqlıdır ki, əvvəlki sazişlərdən fərqli olaraq, sənəddə makroiqtisadi göstəricilər, o cümlədən istehlak qiymətlərinin artım tempi, işsizlik və yoxsulluq səviyyəsi haqda heç bir rəqəm yoxdur. Saziş əvvəlkitək yerli inhisarçıların məhsul və xidmət tariflərinə baxan zaman üçtərəfli məsləhətləşməni nəzərdə tutur. İndiyədək bir dəfə də olsun belə uzlaşdırma baş verməyib. 2014-cü ildə hökumət ipoteka kreditləşməsi üzrə şərtlərin sadələşdirilməsi öhdəliyi götürdü. Amma bu, baş vermədi. İndi bu addım qarşıdakı illərə təxirə salınıb. Hökumət Rəqabət Məcəlləsinin qəbulunu sürətləndirməyi də öhdəsinə götürdü. Qanun layihəsi bir neçə il əvvəl ilk oxunuşda qəbul olundu və indi harda olduğu bilinmir. Hökumətin «keçid» öhdəliklərindən biri də ölkə üzrə layiqli Əmək Proqramının imzalanması, səviyyələr arasında uyğunsuzluğun aradan qaldırılması məqsədilə Vahid tarif cədvəlinin təkmilləşdirilməsidir. 2017-ci ilə kimi minimal əmək haqları yaşayış minimumunun səviyyəsinə çatacaqmı? Məlum deyil. Hökumət yenə bu barədə öhdəlik götürüb. Amma Konfederasiya Nazirlər Kabinetindən bu barədə hesabat tələb etməyib (contact.az).

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov Kavkaznews.az saytına bildirib: “Baş Kollektiv Sazişinin layihəsi Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən hazırlanıb”. A.Dadaşovun sözlərinə görə, bu sazişin əsasında sahələr üzrə həmkarlar ittifaqları nazirliklərlə müqavilə bağlayacaqlar.

“Yerli təşkilatlar isə işəgötürənlərlə müqavilə bağlayacaqlar”, – deyə sədr müavini vurğulayıb.

“Baş Kollektiv Sazişində yaşayış minimumu öz əksini tapırmı?” – deyə soruşduq. “Yaşayış minimumu ayrıca qanun əsasında dövlət başçısı tərəfindən müəyyən olunur, Baş Kollektiv Sazişi ilə yox”, – deyə AHİK sədr müavini vurğuladı.

“Bəs Kollektiv Sazişi icbari tibbi sığorta nəzərdə tuturmu?” – deyə əməkdaşımız soruşdu.

“İcbari tibbi sığortanın həmkarlar ittifaqlarının fəaliyyəti ilə əlaqəsi yoxdur”, – deyə Aqil Dadaşov cavab verdi. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Kavkaznews.az saytına bildirib ki, Baş Kollektiv Sazişininin imzalanmasından əvvəl, onu hərtərəfli müzakirə etmək lazım idi.

“Amma məndə olan məlumatlara görə, heç bir müzakirə aparılmayıb”, – deyə Mirvari Qəhrəmanlı vurğulayıb. Hüquq müdafiəçisi qeyd edib ki, sazişə qanunvericilikdə əksini tapmayan maddələr daxil olunmalıdır. “Azərbaycan qanunvericiliyi işləyənlərin icbrai tibbi sığortasını nəzərdə tutur. Amma işsiz qalanların sığortalanması haqqında qanunvericilikdə heç nə deyilmir”, – deyə Mirvari Qəhrəmanlı bildirib. Komitə sədrinin sözlərinə görə, Avropada həmkarlar ittifaqları işsizlərin də tibbi sığortasına nail ola bilib.

“Amma bizim həmkarlar ittifaqlarımızı, deyəsən, bu problem qəti narahat eləmir”, – deyə hüquq müdafiəçisi əlavə edib. Onun fikrincə, Həmkarlar İttifaqları Konfederasiyası hər şeydən əvvəl müəllimlərin icbari tibbi sığortası haqqında məsələ qaldırmalıdır. “Məgər Azərbaycanda müəllimlərin icbari tibbi sığortası yoxdur?” – deyə əməkdaşımız maraqlandı.

“Mövcud qanunvericiliyə görə, icbari tibbi sığorta müəssisə tərəfindən təşkil olunmalıdır. Lakin bizim məktəblərimiz o qədər kasıbdır ki, öz işçilərinin icbari tibbi sığortası üçün yetərli maliyyə vəsaitinə malik deyillər”, – deyə hüquq müdafiəçisi əlavə edib.

Rəşad Rüstəmov

Kavkaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR