Bu peşələri seçmisinizsə… sizə zaval yoxdur

img2070784Dünyanın ən gəlirli peşələri və onlarla uğur qazanmanın sirləri

Günümüz qəpiyi qəpiyə calamaqla keçir. Nəyi necə xərcləyək, alaq ki, uduzmayaq? Arzularımızla məvacibimiz arasında kəskin bir uçurum yarananda… çarəsizlik də bizi yaxalayır. O zaman ən çox təkrarladığımız özünüqınaq isə “mən niyə bu peşəni seçdim” olur. Bəli, zaman-zaman bəzi məsləklər öz qazanc payları ilə fərqlənirlər. Dünən çox gəlirli peşə bu gün çörək vermir və ya əksinə. Bəzi qazanclı peşələr üçünsə ümumiyyətlə, ali təhsil tələb olunmur. Budəfəki yazıda sözügedən mövzunu əhatə etməyə çalışacağıq.
Rəqqasə, dərzi, aşpaz – qızıl üçlük…
“Mir 24″ kanalı bir neçə il öncə maraqlı bir araşdırma aparmışdı. Həmin araşdırmaya görə, orta azərbaycanlının bəxşiş siyasətinin arxasında maraqlı bir tezis dayanır. Belə ki, insanlarımız ”gizlətdiyini öldürərsən, payladığın isə sənə geri qayıdar” deyə düşünür. Yəni azərbaycanlılar xəsisliyin adama vuracağı ziyanı daha böyük hesab edir, nəinki əliaçıqlığı. Şəxsi zövq üçün azərbaycanlılar çox rahatlıqla pul səpələyə bilərlər. Amma “çayevoy” (bəxşiş) qazanmaq üçün öz işinin ustası olmalısan.
Keçmişdə olduğu kimi, indi də dərzilər ən çox gəlir əldə edən peşə sahibləridir. Məsələn, kanalın müsahiblərindən olan Aydan Ağayeva toy paltarları tikən dərzidir. Səxavətli müştərilərin bəxşişləri qarşılığında onların bütün kaprizlərini yerinə yetirməyə hazırdır. Adətən toy paltarları üçün 5 min dollardan artıq almır. Yox, müştəri toyuna cəmi bir neçə gün qalmış “əl-ayağa” düşübsə, bu zaman təcili iş üçün dərziyə 10 min dollar ödəməlidir.
Oksana Rəsulova da restoranlarda hind mahnıları sədaları altında rəqs edən rəqqasədir. Bütün artistlər kimi o da bir gecədə bir neçə şou proqramlarda iştirak etməyə çalışır. Bir gecəlik çıxışlarına görə rəqqasə 1000 dollara yaxın pul qazanır. Gül mağazası satıcılarının üzü də zaman-zaman səxavətli müştərilərin sayəsində gülür. Sevdiyi qadına ən orijinal buketi hazırladan kişilər məmnun qalanda 100 dollara yaxın pul ödəyir.
Müğənnilər və ofisiantlar da bəxşişlərə görə çox qazananların siyahısında yer alır. Daha çox musiqiçilərə yaxşı ifaya görə bəxşiş verənlər kişilər olsa da, son vaxtlar bu siyahıya qadın müştərilər də əlavə olunub. Restoranın daimi müştərilərindən olan qadın respondentlərindən biri deyib ki, ona xüsusi diqqət və qulluq göstəriləndə xoşuna gəlir. Buna görə də ofisianta yaxşı qulluğa, müğənniyə yaxşı ifaya görə bəxşiş vermək istəyir.
Bəxşiş “sektoru” sayəsində modelyerlər, artistlərlə yanaşı, aşpaz və ofisiantlar da yaxşı qazanır. Məhz onlar gündəlik heç də təvazökar olmayan pullar qazanır. Bu isə onunla izah edilir ki, kafe və restoranların müştəri kontingenti gerçək qurmanlardır. Onlar nəfis hazırlanmış bir yeməyə görə səxavətlə pul ödəyir. Bu da şərq mentalitetinə məxsus
cəhətdir.
Kompüteri yaxşı bilmək… qızıl xəzinəsidir?
Dünyada isə mənzərə tamam fərqlidir. Məsələn, ABŞ-ın ən böyük iş axtarma portallarından biri olan careercast.com son illərin ən yaxşı və ən pis peşələrini müəyyən edib. Amma bu il siyahıda adətən “ən yaxşılar” siyahısında görməyə adət etdiyimiz peşələr, demək olar ki, yoxdur.
İqtisadi böhranı, ixtisarları nəzərə alaraq hazırlanan siyahıya bu dəfə həm geniş kütləni əhatə edən, həm sağlamlığı riskə atmayan, az stressli, yaxşı iş şəraiti, müntəzəm gəlir gətirən və böyümə potensialı olan işlər daxil olub. Belə ki, bu ilin ən yaxşı işi kimi sığorta mütəxəssisi seçilib. Daha az fiziki güc, az stressli olması və yaxşı iş şəraiti olduğu üçün bu iş yeri birinci olub. Növbəti yerlərdə isə kompüter mühəndisi, bioloq, tarixçi, riyaziyyatçı, vəkil köməkçisi, mühasib, diş həkimi kimi peşələr gəlir. Portalın ən yorucu və ağır peşə kimi seçdiyi iş gəmiçilikdir. Buna səbəb bu peşə sahiblərinin çox tez yuxudan durması, gündə 12 saata yaxın iş vaxtı, təhlükəli iş şəraiti, şəxsi həyata vaxt ayırmamaq imkanı, fiziki güc tələb etməsi və illik gəlirin az olmasıdır. İlk üçlükdə isə odunçu və dəmirçi peşəsi yerləşir. “Ən ağır işlər” siyahısında sağıcı, qaynaqçı, zibilyığan, taksi sürücüsü, inşaat işçisi, santexnik, poçtalyon və digər peşələr var.
Maraqlıdır, bəs bir çox sahələrin reytinq mütəxəssisi “Forbes” jurnalı nə deyir? Əmək bazarında ən tələbli və tələbsiz olan peşələrin onluğunu hazırlayan jurnal yazıb ki, gözlənilmədən “Top-10″a sosial və sığorta şirkətləri üçün zərər və konpensasiyaların hesablanması ilə məşğul olan aktuarist sənəti rəhbərlik edib. Bu peşə iş yerləri ildə 85 min dollar məbləğində orta gəlir, minimum stress səviyyəsi vəd edir.
Lazımlı işlərin üçlüyünə həmçinin proqram təminatçısı mühəndisi və kompüter sistemləri üzrə analitik də daxildir. Onlara ildə müvafiq olaraq 85 və 76 min dollar gəlir vəd olunur. Tələb olunan peşələr içərisində habelə bioloqlar, riyaziyyatçılar, mühasiblər, stomatoloqlar, statistiklər və vəkillər də yer alıb. Heç gözlənilmədən onluğu tarixçi sənəti bitirib. Ən tələb olunmayan peşələr siyahısına isə daha çox işçi qüvvəsi kimi baxılan peşə sahibləri daxil edilib. Siyahıda birinci yeri neftayırma zavodunun işçisi tutub. Onun işi kifayət qədər rahatlıqdan uzaq, riskli, əsəbli və az gəlirlidir. Buna görə də ekspertlər bu ildə belə iş yerlərini azalacağını güman edirlər.
Massajist də, psixoloq da tapılmır
Keçək nisbətən sadə olanlarına. Orta yaşam səviyyəsinin az qala problem olduğu bu günlərdə fiziki müalicə mütəxəssisləri də əldə çıraqla axtarılanlardır. Fikir vermisinizsə, elə ölkəmizdə professional masajçı qıtlığı ilə üzləşirik. Psixoloqlar da Azərbaycanın “Axilles dabanı” sayılır. Təəssüf ki, günümüz insanının əsəb, psixoloji problemlərlə çarpışdığı zəmanədə bu sahədə boşluq özünü göstərir. Terapiya mərkəzləri, ailə psixoloqu kimi mütəxəssislər barmaqla sayılacaq qədərdir. İnternet qəzetçiliyi son 5 ildə artan sürətlə inkişaf etsə də, bunun özəlliyini, dərinliyini bilənlərin sayı azlıq təşkil edir.
Yeni qəzetçilikdə çalışmaq istəyənlər üçün, təəssüf ki, Azərbaycanda təhsil verən yoxdur. Onlar bu sahəni kustar üsullarla, təcrübədə öyrənə bilirlər. Hazırda ölkəmizdə restoran, turizm sektorunun da inkişaf etdiyini nəzərə alanda bu sahənin mütəxəssisləri azlıq təşkil edir. Bir çox məkanlar professional izi ilə xarici ölkələrə üz tutur və bəzən də istəmədikləri sonuncla qarşılaşmalı olurlar.
Xatırladaq ki, gözəllik salonlarında professional vizajist, saç ustası, kosmetoloqlara da ehtiyac duyulur. Hər tində bir salonun açılmasına baxmayaraq, bunu kustar üsullarla edənlər çoxdur. Amma Azərbaycanda professional, işinin əhli olan ustalar həftədə ən azı 400-500 manat qazanır. Bu halda qırmızı diplomlu, amma işsiz mühəndis olmaqdansa, professional saç ustası olmaq daha məsləhətli deyilmi?
Yaxın illərdə bizi gözləyəcək təhlükələr isə bəzi məsləklər üçün də risk əmsalı sayılır. Məsələn, bu günədək aparılan bütün araşdırmalar robotların fəaliyyəti nəticəsində bir çox sahələrdə işçiliyin sıfır səviyyəsinə enəcəyini göstərir. Xüsusən də inkişaf etməmiş ölkələrdə kütləvi halda işsizlik yaranacaq. Bu yaxınlarda xarici mətbuatda oxuduğum bir xəbərə görə, amerikalı fermerlər lazımi araşdırmanı həyata keçirib, meyvə toplayan iki robot üçün sifariş veriblər. Bu robotlardan biri meyvə bağçasında meyvələrin xəritəsini və yetişmə səviyyəsi, böyüklüyü kimi məlumatları toplayacaq. İkincisi isə bu məlumatları toplayıb, bir insan əli həssaslığı ilə meyvələri toplayacaq. İlkin mərhələdə portağal, alma kimi meyvələr nəzərdə tutulub, amma gilas kimi həssas meyvələr üçün də çalışmalar başlanıb.
Bundan başqa, yaxın 10-15 ildə bir çox sektorlarda evdən işləmə sistemi populyar olacaq. Artıq bəzi iş yerlərinin evə daşınması reallığını nəzərə alanda – söhbət komanda işinə ehtiyac olmayan sahələrdən gedir – bu gözlənti o qədər də irreal sayılmır. Xarici firmalar sürətlə evdən işləmə sisteminə keçməyə hazırlaşır. Bununla da şirkətlər öz büdcələrində qənaət edirlər.
Amerikada keçirilən bir araşdırma nəticəsində dünyanın ən çox qazandıran peşələri müəyyənləşdirilib.
Onların siyahısı aşağıdakı kimidir:
1. Marketinq müdiri – illik qazancı 120.070 dollar
2. Kompüter və informasiya sistemi rəhbəri – illik qazancı 120.640 dollar
3. Mühəndislik şirkəti rəhbərləri – illik qazancı 122.810 dollar
4. Stomatoloq – illik qazancı 153.570 dollar
5. Təbiət elmləri mütəxəssisləri – illik qazancı 127.000 dollar
6. Vəkil – illik qazancı 129.070 dollar
7. Ayaq və bilək sağlamlığı üzrə mütəxəssislər – illik qazancı 131.730 dollar
8. Diş protezi mütəxəssisi – illik qazancı 125.400 dollar
9. Pediatr – illik qazancı 161.410 dollar
10. Psixiatr – illik qazancı 163.660 dollar
11. Ədliyyə sistemində icra sistemi rəhbəri – illik qazancı 167.280 dollar
12. Ginekoloq – illik qazancı 204.470 dollar
13. Cərrah – illik qazancı 219.770 dollar
Xatırladaq ki, bu siyahı Amerikada daha çox keçərlidir. Amma inkişaf etmiş Qərb ölkələrində də təxminən eyni peşələr qazanclı və perspektivli sayılır. Azərbaycanda da qəbul imtahanlarının yaxınlaşdığı bu günlərdə sözügedən siyahıya diqqət kəsilmək məsləhətlidir. Gələcəkdə karyerasını xaricdə qurmaq istəyənlər üçün ən sərfəli peşələri öyrənmək maraqlı ola bilər.
Ali təhsil tələb etməyən, yüksək qazanclı peşələr…
Bu gün əksəriyyətin işlə təmin edilməsi üçün ali təhsilə ehtiyacı var. Ən azı ali təhsilin olmalıdır ki, normal maaş ala biləsən. Amma həm də elə peşələr var ki, ən aşağısı ildə 60.000 dollar qazandırır, amma təhsilə ehtiyac yoxdur. Bu da yeddi yüksək maaşlı işlər:
7.Metro və tramvay operatorları
İllik gəlir 62.730 dollar
2012-ci ildə Amerikada metro və tramvay operatorları 63 min dollara yaxın maaş alıblar. Bu iş o qədər də asan iş deyil. Belə ki, işçilər az qala bütün günlərdə çalışmalı olurlar. Onlar üçün bayram günləri keçərli deyil. Üstəlik də onların öhdəliyində minlərlə insanın təhlükəsizlik məsuliyyəti durur.
6.Dəb dizaynerləri
İllik gəlir 62.860 dollar
Ümumiyyətlə, moda dizaynerlərinin gəliri bir az mübahisəli məsələdir. Onların gəlirləri arasında fərqlər olur. Məsələn, Amerikada keçən il moda dizaynerlərinin 10%-i ildə 127 min dollar qazanarkən, qalanları təxminən 35 min dollar qazanıblar. Bu sahədə yaradıcılıq çox önəmlidir. Ən uğurlu dizaynerlərin öz biznesləri və ya mağazaları olur.
5. Dispetçerlər
İllik gəlir 72 min dollar
Elektrik dispetçerləri elektrikin stansiyalar arasında ötürülməsində məsuldurlar. Əgər haradasa qəza olarsa və təmir lazım olarsa onlar təmiri təmin edirlər. Bu iş işçilərdən diqqətli və ehtiyatlı olmağı tələb edir. Çünki elektrik dispetçerlərini hər an tok vura blər və onlar həyatlarını itirə bilərlər.
4. Dedektivlər və kriminal araşdırmaçılar
İllik gəlir 75 min dollar
Dedektiv və kriminal araşdırmaçılar adətən işlərinə polis kimi başayırlar. Sonradan fiziki cəhətdən hazır olduqdan sonra müstəqil olaraq çalışırlar. Onlarda sadəcə güclü hissiyyatın, diqqətin və liderlik qabiliyyətinin olması kifayət edir.
3. Nüvə reaktoru operatorları
İllik gəlir 75 min dollar
Nüvə reaktoru operatorları reaktorları idarə etməklə məşğul olurlar. Onların sahəsində riyaziyyat bilmək lazımdır amma ali təhsil heç də önəmli deyil. Yüksək məsuliyyətə görə bu sahənin işçiləri yüksək maaş da alırlar
2.Lift təmirçiləri
İllik gəlir 77 min dollar
Adətən lift təmirçiləri vaxtlarının çoxunu qaranlıq və nəmişlik yerdə keçirməli olurlar. Həmçinin onların həyatı da çox vaxt risk altında olur. Elə buna görə də onlara yaxşı maaş verilir. Onlar üçün ali təhsil elə də vacib deyil. Sadəcə elektriki, bir az riyaziyyat və bir az da fizika bilmələri kifayət edir.
1.Hava limanı pilotları və uçuş mühəndisləri
İllik gəlir 115 min dollar
Bu gün əksər plotlar uçuş məktəblərini keçməklə kifayətlənirlər. Onların əksəriyyətinin isə bakalavr diplomaları var. Professional pilotlar adətən pilot lisenziyası ilə işləyirlər. Keçən il bu sahədə çalışan dörd işçidən biri ilinə 155 min dollar qazanıb.
musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR