“Azərbaycanda icbari tibbi sığortanın bu ilin sonu, 2017-ci ilin əvvəllərində pilot layihə olaraq tətbiq olunması planlaşdırılır. Düşünürəm ki, pilot layihə uzun müddət ərzində həyata keçirilə bilməz. Pilot layihə 6-9 ay ərzində həyata keçiriləcək. Məhz pilot layihənin nəticələrinə uyğun olaraq icbari tibbi sığortanın daha geniş şəkildə tətbiq olunması nəzərdə tutulub”.
Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib. O qeyd edib ki, icbari tibbi sığortanın Azərbaycan modeli bu yaxınlarda ölkə rəhbərliyinə təqdim olunacaq: “Bununla bağlı sərəncam imzalanmalı, pilot layihənin tətbiqi ediləcəyi rayonlar müəyyən olunmalıdır. 2018-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığortanın daha geniş şəkildə tətbiqi planlaşdırılır” (APA). Əmək hüquqları mütəxəssisi, hüquqşünas Azər Quliyev kavkaznews.az saytına bildirib ki, Azərbaycanda “İcbari tibbi sığorta haqqında” Qanun yoxdur. “Bizim ölkədə “Tibbi sığorta haqqında” və “İşçilərin icbari sığortalanması” haqqında qanun var. Amma hələ də “İcbari sığorta haqqında” Qanun qəbul edilməyib”, – deyə hüquqşünas bildirməyib.
Məşhur iqtisadçı Oqtay Haqverdiyev yaxın zamanda Azərbaycanda icbari tibbi sığortalanmanın tətbiq olunacağına inanmır. “Əhali maddi olaraq ümumi tibbi sığortalanmaya hazır deyil. Bu, Azərbaycanda çox uzun proses olacaq”, – deyə iqtisadçı bildirib. “Niyə?” sualına ekspert belə cavab verib: “Ona görə ki, tibbi sığortanın tətbiqinə korrupsiya mane olur. Axı icbari tibbi sığorta ümumxalq tətbiqinə keçsə, dövlət xəstəxanalarda xəstələrdən pul almaq mümkün olmayacaq. Buna görə də, korrupsioner məmurlar ümumxalq şəklində icbari tibbi sığortalanmaya mane olurlar”.
Hüquq müdafiəçisi Murad Sədəddinovun fikrincə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin pilot layihəsi yalnız məhdud sayda vətəndaşları əhatə edəcək.
“Amma alternativ yoxdur. Biz gec-tez ümumxalq sığortalanmasına keçəcəyik”, – deyə hüquq müdafiəçisi qeyd edib. Niyə Milli Məclis üzvləri “İcbari tibbi sığorta haqqında” Qanun qəbul etmirlər? Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadənin fikrincə, “İcbari tibbi sığorta”nın milli səhiyyə sisteminə təsiri olmayacaq.
“Ölkəmizdə çox işləməyən qanun var. Düşünürəm ki, “İcbari tibbi sığorta haqqında” Qanun qəbul edilsə, bu sənəd işləməyəcək belə”, – deyə A.Əlizadə vurğulayıv.
R.Həsənoğlu
Kavkaznews.az