“Dağlıq Qarabağ münaqişəsini Azərbaycanla Ermənistan özləri həll etməlidir”
APA-nın Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin suallarını cavablandırarkən deyib.
“Kimsə deyirsə ki, Rusiya münaqişəni 15-20 dəqiqəyə həll edə bilər, o yanılır. Rusiya yalnız vasitəçi ola bilər. Hər hansı tərəfə təzyiq göstərməklə, lazımi nəticə əldə oluna bilməz. Əsasən etimad olmalıdır, onu isə yalnız ölkələr yarada bilər”, – deyə o vurğulayıb.
Diplomat qeyd edib ki, aprelin əvvəlində baş verən hadisələrin hazırkı vəziyyətin nə dərəcədə təhlükəli olduğunu göstərib: “Bir şey də açıq-aydın məlum oldu ki, yeganə məntiqli yol problemin sülh yolu ilə həllidir. Münaqişə tərəfləri və beynəlxalq ictimaiyyət bundan düzgün nəticələr çıxarmalıdır. Rusiya da nəticə çıxarır və vasitəçilik səylərini artıracaq”.