“Məhkəmə instansiyalarına rüşvət verdiyini etiraf edən Fatma Yolçiyeva hüquq mühafizə orqanları ilə də dil tapıb?”
“Sumqayıt sakini Elza Xələfova da başqa bir sələmçilər şəbəkəsinin qurbanı olduğunu deyir”
“Bəs Sidqi Abbasov hansı “girov müqaviləsi” və hansı qanunla Marus Axundovanın evini mənimsəyib?”
Azərbaycan dünyəvi dövlət olsa da, həm qanunlarımız, həm də milli-mənəvi dəyərlərimiz sələmlə sərvət əldə edilməsini xoş qarşılamır. Sələmçilər nə qədər Allaha and içib ona inandıqlarını desələr də, İslam ehkamlarına görə, onlar Allahın ən çox lənətlədiyi şəxslərdir.1990-cı illərdə ölkəmizdə sələmçilik geniş yayılmışdı. “Maliyyə piramidası”əsasında insanlara qat-qat artıq mənfəət vəd edən bəzi banklar və şirkətlərin ümidləri doğrultmaması… necə deyərlər “pulların batması” insanlarda bank sisteminə güvənsizlik yaratmışdı.
Düzdür, son illərdə bank sistemi Azərbaycanda yetərincə inkişaf edib, hətta taleyin ironiyasından, ölkəmizdə hər dörd nəfərdən biri banklara borcludur. Hər halda, banklarda kredit faizlərinin necə ədalətsiz olduğunu deməyə ehtiyac yoxdur… Lakin son zamanlar banklardan kredit almaq da çətinləşib.
Mərkəzi Bankın reyestrinə “problemli müştəri” kimi düşən, ya da ehtiyac duyduğu məbləği banklardan ala bilməyən vətəndaşlar “əlimyandı”da sələmçilərə müraciət etməli olur.
Dondan-dona girən, əvvəlcə “Xilaskar” maskası taxan bu dələduzlar vətəndaşı oyuna salandan sonra isə “işgüzar” biznesmenə çevrilir, hətta müxtəlif məhkəmə instansiyalarında və hüquq mühafizə orqanlarında “dostlar” taparaq, özünü “sığortalamağı”da bacarır. Sələmçilər insanların pulunu da artıqlamasıyla alır, faiz ödənişi bir az gecikən kimi isə onların göz yaşına baxmadan evlərindən, əmlaklarından məhrum edirlər.
Bank kreditində faiz nə qədər çox olsa da, aybaay ödədikcə, pul sizin borcunuzdan silinir. Lakin sələm sistemində vəziyyət başqadır. Məsələn, bir sələmçidən 10 min manat borc alıb ayda 7-10 faizə qədər pul verirsən, üstündən nə qədər vaxt keçsə də, həmin 10 min manatlıq borc azalmır. Beləliklə, vətəndaşlara “daimi qazanc mənbəyi” kimi baxan sələmçilər, həm varlanır, həm də müxtəlif yerlərdə evlərə, obyektlərə sahib olurlar.
Sələmçilik ölkədə qadağandır, digər tərəfdən, qanunlara görə, yalnız kredit təşkilatı olan qurumlar vətəndaşlara müəyyən faizlə borc (kredit) verə bilər və burda “ana məbləğ yerində qalır” anlayışı da yoxdur. Həmçinin, kredit təşkilatı olmayan heç bir şirkətin və ya fərdin başqalarından girov almaq, girov müqaviləsi bağlamaq hüququ yoxdur.
Bunun isə çox yaxşı düşünülmüş, tamamilə “qanuni” görünən bir proseduru var. Sələmçilər insanların məlumatsızlığından istifadə edərək, onları notariat kontoruna aparır, orda alqı-satqı müqaviləsi imzalatdırır, görüntü xatirinə bir banka pul yatırıb-çıxartdırır, o pulun böyük qismini özü alır … beləliklə də, həmin ev və ya obyekt keçir sələmçinin mülkiyyətinə, amma sənədlərdə baxırsan ki, “Filankəs müəllim Bəhmankəs müəllimin evini 100 min manata qanuni yolla satın alıb”. Halbuki, yazıq Bəhmankəs cəmi 10 m
in manat pul alıb, o da sələm borcudur. Sələmçinin özü etiraf edənə qədər isə, hər hansı sənədlə bu əməlin cinayət olduğunu sübut etmək çətin məsələdir.
Bu “alqı-satqı” müqavilələri bir qayda olaraq, eyni notariat kontorunda, eyni notariuslar tərəfindən rəsmiləşdirilir, “hesabdan pul çıxarma” şousu eyni banklarda reallaşdırılır, iş hüquq mühafizə orqanlarına və ya məhkəməyə getdikdə belə… Pulu olan məsələni həll edir, aldadılan vətəndaşa isə ya dua etmək qalır, ya da 1-2 dəfə mətbuata şikayət edib sonra sakitləşmək. Çünki onun səsini eşidən olmur – “axı hər şey qanunidir”.
Bu yaxınlarda Qafqaznews.az saytında Fatma Yolçiyeva adlı sələmçi qadın və onun qurduğu şəbəkə barədə silsilə yazılar dərc olundu. Sudef Məcidov və Nadir Zeynalovun şikayətləndiyi Fatma Yolçiyeva ilə şəxsi bir qərəzimiz yoxdur, nə də hüquqi qiymət verilməmiş, kimisə nədəsə ittiham da etmirik. Amma… Yuxarıda qeyd etmişdim ki, “sələmçi özü etiraf etməsə, sübut etmək çətindir”. Fatma Yolçiyevanın, eləcə də onunla əlbir olan İradə Vəliyevanın Qafqaznews.az-da yayımlanan videolarından, həmçinin həmkarlarımızın apardığı araşdırmadan belə qənaətə gəlmək olar ki, bu qadın sözün əsl mənasında sələmçidir və həm də, bu oyunda tək deyil. O, müxtəlif instansiyalara rüşvət verdiyini etiraf edir, başqalarının pulu ilə “hərəkət etdiyini” deyərək, arxasında “görünməyən qüvvələrin” durduğuna işarə edir… Eyni zamanda, çox arxayındır. Vətəndaş hara şikayət etsə də, ona batan olmaz.
Qafqaznews.az-ın araşdırmaları bir istintaq materialı qədər əhəmiyyət daşıyır. Çünki qarşı tərəfin mövqeyinə də yer verilir, faktlar əsas götürülür, eyni zamanda, ittiham olunan şəxslərin “arxiv”inə də nəzər salınır. Məsələn, Fatma Yolçiyevanın sabiq İTV rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər müəllimə də sələm verdiyi, Bakıda başqa şəxslərə də “borc” verərək əmlaklarını mənimsədiyi məlum olub.
Lakin hüquq mühafizə orqanları nədənsə susur və bir tədbir görmür. Bəlkə də, xəbərimiz yoxd
ur, tədbir görülüb? Kimlərsə Fatma Yolçiyevanın başının üstünü kəsdirib, lazım olan “materialları” alıblar, sonra da heç nə olmamış kimi kənara çəkiliblər? Olmaya, məhkəmə instansiyalarına rüşvət verdiyini etiraf edən Fatma Yolçiyeva hüquq mühafizə orqanları ilə də dil tapıb?.. Həmçinin, bu günlərdə Qafqaznews.az-a müraciət edən Sumqayıt sakini Elza Xələfova da başqa bir sələmçilər şəbəkəsinin qurbanı olduğunu deyir.
Onun danışdıqlarını yığcamlaşdırsaq, belə bir süjet xətti alınır: Övladını əməliyyat etdirmək üçün pul axtaran qadın “Nikoil Bank”a müraciət edərək evini girov qoymağı təklif edir, lakin Ruslan adlı bank əməkdaşı onu işlədiyi banka aidiyyatı olmayan Elman Əliyev adlı birinə yönləndirir. O da öz növbəsində ipoteka krediti vəd edərək, qabaqcadan 18 min manat “şapka” tələb edir. Pulu olmayan qadının vəziyyətindən istifadə edərək, Elman Əliyev onu Kənan Mustafayev adlı sələmçiyə yönləndirir. O da öz dostu Rövşən Mahmudovu yanına salaraq, “qanuni” imiş kimi, Elza Xələfovanın mənzilini “alqı-satqı” yoluyla ələ keçirir. Elman Əliyevin başqa bankdan ipoteka krediti ilə bağlı verdiyi vədlər boşa çıxır, lakin Kənan Mustafayevin əlində sənəd var: Övladının əməliyyatı üçün dəridən-qabıqdan çıxan qadın öz mənzilindən də məhrum olur. İndi ona sənəd göstərirlər ki, “bəs sənin mənzilini 40 min manata almışıq”.
Göründüyü kimi, adi bank əməkdaşı hansı məqsədlə ehtiyacı olan insanları başqa birisinə yönləndirir, o da nə niyyətlə həmin vətəndaşı sələmçiylə tanış edir… Xeyli suallar yaranır. Leqal biznesmen kimi fəaliyyət göstərən lombard sahibləri də var. Lombardda borclar daşınan əşyalar, qır-qızılla olsa da, Sidqi Abbasov adlı şəxs Marus Axundova adlı yəhudi qadının mənzilini əlindən alıb. Həm də, Marus Axundovanın iştirakı olmadan, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə “qalib” elan olunub.
Bəs Sidqi Abbasov hansı “girov müqaviləsi” və hansı qanunla Marus Axundovanın evini mənimsəyib? Marus Axundovanın oğlu Elxan Axundov Qafqaznews.az-a müraciət edərək, əslində borcu qaytardığını, amma Sidqi Abbasovun mənzili öz əmisioğlunun adına keçirərək, evi qaytarmaq istəmədiyini demişdi. Onun sözlərinə görə, Sidqi Abbasov hətta Elxan Axundovun oğlunun cibinə narkotik atdırıb tutdurmaqla da hədələmişdi.
Həmçinin, şikayətdə Konstitusiya Məhkəməsinin işlər müdiri Akif Hümbətovun da adı hallanır, Sidqi Abbasovun arxasında onun dayandığı iddia olunur. Biz bu məsələyə hər iki tərəfi dinləməklə başladıq. Lakin maraqlıdır ki, Sidqi Abbasov bizim yanaşmamızı “ədalətsiz” hesab etmiş, başqa mətbu orqanlara müraciət edərək, Marus Axundovanı “erməni” adlandırmışdı. Bəlkə, bununla da, başqalarına faizə pul verən lombard sahibi ümid edirdi ki, ictimaiyyət “Erməni Marus Axundovaya ar olsun” deyəcək, onun mənzilinin də mənimsənilməsinə haqq qazandıracaq?
Lakin bu xülya da boşa çıxdı. Dağ Yəhudiləri İcmasına bircə zənglə sübut etdik ki, həmin qadın heç də erməni deyil, Oğuz rayonunda doğulub-böyümüş təmiz yəhudidir. Görəsən, S.Abbasovun bu iddialarını birtərəfli dərc edən mətbuat orqanı Dağ Yəhudiləri İcmasının əlaqə nömrəsini öyrənməkdə çətinlik çəkir?
Suallar çoxdur… Bir neçə mövzuda var-gəl edib, oxucuları yorduq. Amma ümid edirəm ki, yazılarımızı oxuyan hüquq mühafizə orqanlarının əməkdaşları bundan sonra daha çevik davranacaq, lazımi addımlar atacaqlar. Dua edək ki, hər kəs öz peşə borcunun öhdəsindən layiqincə gələcək…
Sözardı: Sələmçilərdən “dolya” alan məmurlar, hakimlər və polislərin sırasında jurnalistləri də görməyi qəti istəməzdim.
Rüfət Əhmədzadə
Qafqaznews.az