“Azimport” böhtana görə cavab verməlidir

34e32482aa29f354863086b7f2358cbeİyulun 1-də Legion.az saytında ““Azimport” Buzovnada binaların üzlənməsi üçün tender udmayıb” başlıqlı yazı dərc olunmuşdu.
Yazının dərcindən sonra “Azimport”dan saytımıza məktub daxil oldu.
Həmin məktubda deyilir: “Son günlər “qafqaznews.az” internet resursu yenidən “Azİmport” MMC-nin fəaliyyətinə kölgə salmaq niyyəti güdən, həqiqəti əks etdirməyən məlumatlar yaymağa başlayıb.
Əvvəla, keçmiş Dövlət Bayrağı Kompleksinin sabiq rəisi Rəşad Məmmədovun “Azİmport” un da sahibi olduğunu iddia edən müəllif, görünür, həmin yanlış məlumatı şirkətin dəfələrlə rəsmi şəkildə təkzib etdiyindən xəbərsizdir.Hərçənd, mətbu və elektron KİV-də bu barədə dəfələrlə yayımlanmış məlumatı onun gözdən qaçırdığını güman etmirik.
Amma heç bunun da eybi yoxdur. Bunula belə, bir daha təkrarlamağı vacib sayırıq ki, dövlət qulluğunda işə başladığı 2011-ci ildən Rəşad Məmmədovun “Azİmport”la bütün hüquqi əlaqələrinə xitam verilib.
Müəllifin “haqqın.az” saytında ötən il getmiş məlumata istinad edərək, AzImport şirkətinin guya Buzovna qəsəbəsində binaları “riskli materiallarla üzlədiyini” bir il sonra yenidən “aktuallaşdırmaq” cəhdinin də qərəzkarlıqdan başqa bir şey olmadığı şübhəsizdir.
Çünki elə həmin “haqqın.az” saytı bu il iyunun 23-də “Azİmport”un Buzovnada binaların yenidən üzlənməsi ilə bağlı fəaliyyəti barədə obyektiv məlumat yayıb (http://haqqin.az/news/73496).
Yəni “qafqaznews.az”ın “legion.az”dan olan (?) müxbiri öz işinə peşəkarlıqla yanaşıb xırda bir araşdırma aparsaydı, özü də bu məlumatı görə bilərdi.
Çünki özünü əziyyətə salıb, ilkin mənbədən, “Azİmport”un məsul əməkdaşından faktı dəqiqləşdirməyə çalışıb və Buzovnada bəzi binaların yenidən üzlənməsi ilə bağlı vəziyyəti öyrənib.
Bununla belə, yenə öz “amplua”sından kənara çıxmayaraq, necə olursa-olsun, şirkətin gördüyü işi şübhə altına salmaq niyyətini göstərib.Yanlış məlumatları günlərlə özünün “əsas səhifəsi”ndə saxlayan saytın daha hansı niyyətlər güddüyünü müasir Azərbaycan mediasının üzqarası olan “reket jurnalistikası”nın “təzyiq metodları”na bələd olanlar yaxşı bilirlər. Yeri gəlmişkən deyək ki, belə “internet reket”lərindən biri bu günlərdə hüquq-mühafizə orqanları tərəfindən ifşa edilərək həbsə alınıb. Başqalarının da həmin taleni yaşayacağı istisna deyildir”.
Qeyd edək ki, biz həqiqətən də bilmirdik ki, Rəşad Məmmədovun “Azimport”la bütün hüquqi əlaqələrinə son qoyulub.Lakin bunda bizim günahımız yoxdur. Rəşad Məmmədovun “Azimport”un rəhbəri olması barədə bəyan edərkən, biz KİV-dəki çoxsaylı məlumatlardan yola çıxmışdıq. Xatırladaq ki, 2015-ci ilin mayın 14-də APA agentliyi Dövlət Bayraq Meydanının keçmiş rəisi, “Azimport” şirkətinin sahibi Rəşad Məmmədovun həbsi barədə məlumat yaymışdı.

Bu məlumat hələ də APA-nın saytında yerləşir. Rəşad Məmmədovun “Azimport” sahibi qismində həbsinə dair “Exo” qəzeti də 2015-ci il mayın 12-də məlumat verib. Elə bu məlumat da adıkeçən qəzetin saytında qalıb.
Qeyd edək ki, ““qafqaznews.az”ın “Legion.az”dan olan müxbiri” ifadəsi də bütün tənqidlərdən aşağıdadır və bir sayt başqa saytın içində ola bilməz.
Amma “Azimport” rəhbərliyinin aşağı savad səviyyəsinin bizimlə əlaqəsi yoxdur deyə, biz bu ifadəyə əlavə şərh verməyəcəyik. “Müəllifin “haqqın.az” saytında ötən il getmiş məlumata istinad edərək, “AzImport“ şirkətinin guya Buzovna qəsəbəsində binaları “riskli materiallarla üzlədiyini”, bir il sonra yenidən “aktuallaşdırmaq” cəhdinin də qərəzkarlıqdan başqa bir şey olmadığı şübhəsizdir”, – deyə “Azimport”un yaydığı məlumatda bildirilir.

Xatırladırıq ki, “Azimport”un Buzovnada üzləmə işləri apardığını Legion.az-a Buzovna bələdiyyəsinin sədri  bildirib.
Əgər əməkdaşımız həqiqətən də peşəkar olmasaydı, “Azimport”un mətbuatla əlaqələr üzrə meneceri Xanlar Məmmədova müraciət etməzdi.“Azimport”un məktubunda bizim saytımız reketlikdə ittiham olunur. Xatırladaq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, reketlik cinayət əməli sayılır.
Və biz “Azimport”dan üç gün ərzində bizim “reketlik fəaliyyətimizlə bağlı” hüquq mühafizə orqanlarına sübutlar təqdim etməyi tələb edirik.

Əgər şirkət rəhbərliyi bu sözlərinin doğru olduğunu sübut etməsə, biz bunu böhtan hesab edərək qanunauyğun tədbirlər görəcəyik.
Sözardı: Çoxsaylı KİV-də dərc olunan yazılara görə (baku.ws, echo.az və başqaları), Rəşad Məmmədovla eyni vaxtda “Azimport”un başqa sahibi Azər Əsgərov da həbs olunmuşdu. Hətta bir sıra KİV -lərin məlumatına görə, Azər Əsgərov şirkət işçilərini təhqir edib və onlardan birini döyüb (haqqin.az).
Şirkətin özü bunu təkzib edib. Bizi təəccübləndirir ki, rəhbərləri həbs olunan, işçilərin döyülməsində günahlandırılan şirkət bizim saytın ünvanına əsassız ittihamlar səsləndirir.

Legion.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR