SOCAR-ın işçiləri anomal istilərdə işləməyə davam edir

socar-5 İyulun 21-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu 38 dərəcəyə çatacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  bildirilib ki,şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Abşeronda havanın temperaturu gecə  23-27, gündüz  34-38, bəzi yerlərdə 40 dərəcəyədək isti olacaq. Bakıda gecə 24-26, gündüz  37-39 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 757 civə sütunundan 754 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 70-80 %,  gündüz  45-50 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24°, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 22-27, gündüz  35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz  28-33 dərəcə isti olacağı gözlənilir (APA).

Azərbaycanın açıq havada iş görən ən iri şirkətlərindən biri də Dövlət Neft Şirkətidir (SOCAR).Biz aydınlaşdırmaq istədik, görəsən, SOCAR-ın rəhbərliyi ETSN-in tövsiyələrini nəzərə alaraq, açıq havada işləri dayandırıb?Cavab əldə etmək üçün, SOCAR-ın mətbuat xidmətiylə əlaqə saxlamağa çalışdıq, lakin bizim cəhdlərimiz boşa çıxdı.

O zaman biz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat xidmətinə müraciət etdik.“Bilmirəm. Mən SOCAR-da işləmirəm”, – deyə Konfederasiyanın mətbuat xidmətinin rəhbəri Nazim Ağamirov qeyd edib.

“Mən bilirəm, siz Konfederasiyanın mətbuat xidmətinin rəhbərisiniz. Həmkarlar İttifaqları Konfederasiyası SOCAR-dakı işlərin gedişatına nəzarət edirmi?” – deyə jurnalist soruşdu.“Bəli, nəzarət edir”, – deyə N.Ağamirov cavab verdi.“Açıq havada işlər dayandırılıb?” – deyə maraqlandıq.

“Bəli, dayandırılıb. Biz əmək şəraitinin də göstərildiyi Əmək Məcəlləsinə uyğun olaraq, öz tədbirlərimizi həyata keçiririk”,  – deyə N.Ağamirov bildirdi.Lakin Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əzim adlı müfəttişi (təəssüf ki, o bizə öz soyadını bildirmədi – red.) Konfederasiya sözçüsü Nazim Ağamirovun sözlərini təkzib etdi.

“Kim sizə deyib ki, neft sənayesində açıq havada işlər dayandırılıb? Əmək Məcəlləsinə görə, işlər ancaq 41-42 dərəcə istidə dayandırılır”, – deyə Kavkaznews.az-a müfəttiş bildirdi.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tövsiyələrlə çıxış edir. Qanunla isə, işəgötürən şəxs ancaq Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır, tövsiyələrə görə yox”, – deyə hüquqşünas Azər Quliyev Kavkaznews.az  saytına bildirdi.Onun sözlərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası insan faktorunu nəzərə alaraq, SOCAR-dan anomal isti şəraitində iş gününü qısaltmağı tələb edə bilər.

Mahmud Suanlı

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR